Zaqatala futbolunun bugünü və suallı gələcəyi LAYİHƏ

15:06 - 18 Sentyabr 2017

(I HİSSƏ)

 

“Qanadları sındırılmış” yarıcanlı...

 

Uşaq futbolu ilə bağlı layihəmiz çərçivəsində bu dəfə səfərimiz Zaqatalayadı. Geniş futbol ənənəsi olan bu bölgədən yazmamaq əslində bir növ günah sayılardı. Zaqatalanın Azərbaycan futboluna bəxş etdiyi istedadların sayı yetərincədi, hansı ki, onların arasında Qurban Qurbanovun adın çəksək, kifayətdi. “Qarabağ”ın bu il Çempionlar Liqasının qrupuna vəsiqə qazanaraq Azərbaycan futbolsevərlərinin bəlkə də yuxuda belə görə bilməyəcəyi bir şeyi gerçəkləşdirməkdə böyük payı olan, xüsusi tarix yazan Qurban bəylə yanaşı, Musa Qurbanov və bir çox istedadlı futbolçular yetişdirən Zaqatalanın təəssüf ki, hazırda Azərbaycan Premyer Liqasında təmsilçisi yoxdu. Halbuki, bir neçə il əvvəl bu bölgənin “Simurq” kimi komandası vardı. Hətta, Avropa miqyaslı yarışlarda da iştirak edirdi. Üzüntülü haldı ki, son illərdə ölkədə yaranan maliyyə problemləri bu bölgədən də yan keçmədi. Nəticədə komanda fəaliyyətini dayandırmalı oldu. “Qanadları sındırılan quş” heç olmasa futbolun bölgədə tamamilə məhvə sürüklənməməsi üçün “Zaqatala” adı ilə birinci divizionda iştirak etməyə başladı. Düzdü, ilk illərdə iddialı çıxış edib, yenidən Premyer Liqaya vəsiqə qazanmaq istəyirdi. Amma sponsor problemi “Zaqatala” rəhbərliyini strategiyanı dəyişmək məcburiyyətində qoydu. Belə futbol ənənəsi olan bölgənin təmsilçisinə sponsor tapılmaması və AFFA-nın 3-5 manatlıq yardımı ilə ayaqda qalması isə bir başqa dərddi. Əlbəttə, bu durum bölgənin uşaq futboluna təsir etməyə bilməz. Çünki “Simurq”un dönəmində indikindən fərqli futbola maraq göstərənlər daha çox idi. Maliyyə ayrılırdı, legionerlər gəlirdi, zaqatalalı uşaqlarda böyük maraq yaranırdı. Düzdü, indi maraq bir o qədər böyük olmasa da, bölgədə uşaq futbolu var və UGİM fəaliyyət göstərir. Amma təəssüf ki, burda futbolun inkişafına təsir edə biləcək problemlər də kifayət qədərdi. Belə desək, burda futbol yarıcanlıdı və  böyük potensialı olsa da, yaxın duran tapılmır. Halbuki sponsor tapılsa və qarşıya ciddi şəkildə bölgədə futbolu inkişaf etdirmək məqsədi qoyulsa, yenidən burda Qurbanovlar və başqa istedadlar yetişdirmək mümkündü. Axı bunu istəyənlər, övladlarını böyük futbolda görmək arzusu olanlar çoxdu...

 

Hazırkı durum

 

Zaqatalada UGİM fəaliyyət göstərir və xüsusi vurğulayaq ki, orada olan yaş qrupları AFFA xətti ilə Azərbaycanda təşkil olunmuş yarışlarda iştirak edir. İdman məktəbinin nəzdində olan bir neçə yaş qrupu bu yarışlarda “pley-off” mərhələsinə və daha yüksək pillələrə çatmaq uğrunda digər güclü rəqiblərlə birlikdə mübarizə aparır. Bununla bağlı UGİM-in direktoru Əsgər Məmmədovla söhbət etdik. O, bir çox “qaranlıq” məqamlara aydınlıq gətirdi:

 

“Hazırda 4 qrupumuz AFFA xətti ilə təşkil olunmuş yarışlarda iştirak edir. Söhbət 10-11, 12-14, 14-15 və 15 yaşlılardan ibarət komandalardan gedir. 14-15 yaşlılardan ibarət komandamız Qəbələdə 3-cü yeri tutduğu üçün “pley-off”a yüksələ bilmədi. Qalanları daha aşağı yerləri tutub. Komandalarımız Qəbələ zonasında mübarizə aparır. Nəticələrimiz belədi. Təhsil Nazirliyi tərəfindən təşkil olunan yarışlarda finala çıxmışıq və yüksək yerlər tutmuşuq. Əsas gücümüzü Qəbələyə sərf edirik. Çünki AFFA bizi yolpulu, yemək və formalarla təmin edir. Bu mənada rahatıq və 4 qrupla həmin turnirdə mübarizə aparırıq. Oktyabrda keçiriləcək yarışlara hazırlaşırıq, hazırda bununla bağlı sənədləşmə işləri aparılır. Bir qrup çıxanda başqasını dəvət edirlər. Hər həftənin şənbə və bazar günləri Qəbələdə və ora yaxın zonalarda oyunlar keçirilir. Yəni kiçiklər şənbə, böyüklər isə bazar günü oynayırlar. Bir-birilərinə maneəçilik yaratmırlar. Əsas nəticələrimiz də ordadı. Yarışda bizdən başqa Qax, Şəki, İsmayıllı, Qəbələ, Oğuz, Mingəçevir və ora yaxın bölgələrin də komandaları iştirak edir. Şəraitləri də yaxşıdı.
Zaqatalada futbol ənənəsi olub. Qurban və Musa Qurbanov qardaşları kimi futbolçular yetişdirilib. Bundan başqa, hazırda “İnter”də İlkin Qırtımov oynayır. Vüqar Mustafayevi də göstərə bilərəm. Aleksandr Şemonayev də  Zaqatala futbolunun yetirməsidi”.

 

Məmmədov UGİM-də komandaların yarışa hazırlığına sentyabrın 15-dən etibarən start verildiyini bildirdi:

 

“Komandalar sentyabrın 15-dən etibarən hazırlığa başlayıb. Daha sonra onların yarışda iştirak etməsinə şərait yaradacağıq. Problem olmur, nəqliyyat vasitəsi ayrılır, üstəlik bir dəfə yeməkləri verilir. Bütün bunları AFFA təşkil edir”.

 


UGİM-in komandaları AFFA-nın keçirdiyi yarışlara maraq göstərir. Əsas diqqət AFFA-nın təşkil etdiyi yarışlara yönəldilib. Bunun da səbəbi aydındı. AFFA-nın təşkil etdiyi yarış hər halda daha keyfiyyətli olur, üstəlik komandaların bütün ehtiyacları məhz futbol qurumu tərəfindən ödənilir:

 

“Əsasən, AFFA tərəfindən təşkil olunana yarışlara diqqət yönəldirik. Bundan sonra seçimlər aparılır. Keçən il 6 nəfər “Qəbələ”nin akademiyasına seçilmişdi. Ona görə də uşaqların məhz Qəbələyə getməyə böyük həvəsləri var” – deyə Əsgər Məmmədov bildirib. 

 

Burda da digər bölgələrdə olduğu kimi, uşaqları məktəblərdən, kəndlərdən toplayırlar. Amma maraq göstərənlər çox olduğu üçün seleksiyaçı-məşqçilər o qədər də problem yaşamır. Yığılan uşaqların arasından ən yaxşılar seçilərək, UGİM-ə dəvət olunur. Əsgər bəy bunu xüsusi şəkildə planlaşdırdıqlarını söylədi:

 

“Belə deyim, bunu planlaşdırmışıq. Əliabad, Danaçı, Makov kimi böyük kəndlərdə futbol həmişə güclü olub. Yerlərdə həmin qrupları təşkil etmişik ki, şəhərə gəlməsinlər. Amma stadionda məşğul olan uşaqlar rayonun hər tərəfindən gəlir. Əsas da şəhərin özündən olur. Biz də həmin kəndlərə gedib uşaq seçirik və Qəbələyə yarışa göndəririk. Bundan başqa məktəblərarası, kəndlərarası yarışlar olur. 12-18 arası komanda olur. Komandaları da zonalara bölürük, birinci yer tutanlar şəhərdə davam edirlər. Kəndlərdə yüksək nəticə qazananlar şəhərə gəlir və burda 1-3-cü yerlər uğrunda mübarizə aparır. Bilirsiz, belə rahat olur. Kəndlərdə şəraitsizlik mövcuddu. Amma şəhərdə oyundan sonra duş, gözləmək, qalmaq filan hər şey təşkil edilir”.

 

“Məşqçilərimizdən istifadə edib, onlara aylıq 300 manat maaş verirdilər”

 

İstənilən səviyyədə olmasa da Zaqatalada uşaqların futbola marağı böyükdü. Xüsusən də “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması bu marağı daha da artırıb. Bu isə gözlənilən bir məqamdı. Hər halda “Qarabağ”ın belə tarixi uğur əldə etməsi nəinki Zaqatala digər bölgələrə də təsir edəcək. Əsgər müəllim də bu nüansı xüsusi üeyd etdi:

 

“Burada futbola maraq çox güclüdü. “Qarabağ məsələsindən sonra maraq daha da artıb. Artıq valideynlər özləri uşaqları futbola gətirirlər. Əvvəl isə belə problemlər vardı. Yəni valideynlər biganə yanaşırdı. İndi hiss olunur ki maraq çoxdu, uşaqlarını futbola yazdırmaq istəyirlər. Amma bir şey də var ki, hər uşağı götürmək olmaz axı. Yoxlamalıyıq, biri kök, digəri zəif olur. Həkim nəzarəti var. Allah eləməsin, uşaqdı, ürək problemi ola bilər. Adamın başına iş gələr axı”.

 

UGİM-in direktoru onu da bildirdi ki, “Simurq”un premyer-liqada oynadığı dönəmdə futbola indikindən daha çox maraq vardı:

 

“O vaxtı ümumiyyətlə futbol böyük maraq vardı. Axın lap çox idi. Müqayisə etsək hardasa 20-30 faiz zəifləyib. “Simurq” da qrup saxlayırdı. Məşqçilərimizdən istifadə edib onlara aylıq 300 manat maaş verirdilər. Məşqçi həm UGİM-dən, həm də klubdan maaş alırdı. İşi də sırf futbol idi. Klubda qalmaq üçün can yandırırdılar. İndi isə məktəbdi, heç bir məşqçini çıxara bilməzsən. Onlar işləməlidi. 

 

“Məşqçilərimiz kurslara gedir amma, heç biri imtahandan keçə bilmir”

 

Zaqatala UGİM-ində hər uşaq qrupunun bir məşqçisi var. Onlardan bəziləri “C” kateqoriyasına malik olsalar da, yarısı heç bir lisenziyaya sahib deyil. Maraqlıdı ki, onlardan bir neçəsi kateqoriya qazanmaq və ya artırmaq üçün kurslara göndərilsə də imtahandan kəsiliblər. Bir də belə problem var. Buna baxmayaraq onlara iş verilir və qrup tapşırılır. Görünür onların işləri rəhbərliyi qane etdiyindən kateqoriya məsələsinə o qədər də önəm verilmir. Hər halda bunları Əsgər bəy bizə bildirdi:

 

“15 qrup var, hərəsini də bir məşqçi çalışdırır. Bir rəhbər olaraq onların işləri hardasa 50-60 faiz məni qane edir. Yəni nəticə verirlər. Belə deyim ki, hardasa 5, 6 yaş qrupumuz Zaqataladakı stadiondan istifadə edir. Onların nəticəsi yaxşı olur. Amma məktəb bazasından istifadə edənlər o qədər də nəticə vermirlər. Çünki özünüz də gözəl bilirsiz ki, məktəb bazası necə olur. Otsuz, torpaq meydançalardan ibarətdi. 4 məşqçimizin “C” kateqoriyası var. Qalanları adi məşqçilərdi. Düzdü, kateqoriyası olmayanlar kurslara gedirlər. Amma, açıq danışaq, heç biri imtahandan keçə bilmir. 4 nəfər göndərmişdim, onlardan yalnız biri “C” kateqoriyasını ala bilib. “C” kateqoriyası mənə çox kifayət edir. Perspektivləri yaxşıdı. Hətta, daha yüksək kateqoriya almaq üçün kurslara gedənlər də var. Keçən il “A” kateqoriyasını almaq üçün bir neçə nəfər göndərmişdik, amma ala bilmədilər”.

 

“Ən güclü nəticəmiz 4-cü yer olub”

 

 

Açığı son illər Zaqatalanın uşaq futbolunda nailiyyətlər gözə dəymir. Çox güman premyer-liqada komandanın olmaması buna ciddi şəkildə təsir edir. Əsas yarışlarda o qədər də böyük uğur qazanmayan uşaq komandaları heç də üz güldürə bilmir. Əsgər bəy nailiyyətlərdən danışarkən bu kimi məqamlara da toxundu:

 

“Ən böyük nailiyyətlərimiz Qəbələdə keçirilən yarışlarda olub - 2, 3-cü yerlər. Keçən il finalda uduzduq. “Pley-off”a 12 komanda çıxır. Onların arasında ən güclü nəticəmiz 4-cü yer olub. Bunu da özümüz üçün böyük nəticə hesab edirik. Çünki orda Bakının, Gəncənin komandaları iştirak edir. Uşaq sayında da bizdən üstündülər. Həmin nəticəni inişil 12-13 yaş qrupu üzrə komandamız qazanmışdı.  İnventar, geyim təminatı, yolpulu, yeməkpulu baxımından problemimiz yoxdu. Oyundan xeyli əvvəl komandamız gedir, qalır... Uşağa nə lazımdısa verirlər. Topuna qədər təmin olunur. Həm də onların aldığı toplar bizimkilərlə eyni deyil axı. Onların aldıqları orjinal olur, bizimkilər şar kimidi. Başqa xırda problemlər olur. Belə problemlər həmişə var. Narazılıq olur, məşqçi problemi yaranır. Amma bunlar gözə görünmür. Bundan qaçmaq mümkün deyil. Sonda isə hər şey yerinə düşür”.

 

Davamı var...

 

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirlir”

Həmid

Sportal.az

 

Xəbər xətti