Uşaq futbolu ilə əlaqədar layihə çərçivəsində növbəti yazımız Qazax rayonundan oldu. Bu rayonun futbolu həmişə olub. Qazax elə də böyük futbol rayonu kimi sayılmasa da, amma daima rayonu təmsil edən komandaları olub və yetərincə də güclü rəqib hesab olunub. Rayonun uşaq futbolundan bəhs etməmişdən öncə buranın futbol tarixi haqqında məlumat verək. Onu da qeyd edək ki, Qazaxın futbol tarixi haqqında məlumatları rayoun yaşlı futbol adamları ilə söhbət edərkən topladıq.
TARİX
Qazax futbolunun tarixi əsasən 1970-ci illərə təsadüf edir. Müstəqillik dövrünə qədər Qazaxda müxtəlif adlarda komandalar olub. Məktəbli komandalarından tutmuş məhəlli komandalarına, kənd komandalarına kimi müxtəlif adlarda komandalar mövcud olub. Lakin 1977-ci ildə Qazaxda ilk peşəkar futbol klubu yaranıb. Rayonun adıyla çıxış edən komanda zona yarışlarında iştirak edib. Komanda oyunlarını rayon hərbi hissəsinin həyətində keçirirmiş. 1978-ci ildən komanda “Damcılı” adı altında çıxış etməyə başlayıb. 1986-cı ildən etibarən komandanın adı “Göyəzən” adıyla əvəzlənərək respublika birinciklərində iştirak etməyə başlayıb. Yeni adıyla çıxış etdiyi ilk mövsümdə respublika çempionu olaraq SSR çempionatının ikinci dəstəsində iştirak etmək hüququ qazanıb. Çempion komandanın baş məqşçisi Mehman Salmanov olub. Həmin il komandanın yüksək nəticələr göstərməsində Qazax Rayon Partiya Komitəsinin I katibi Murad Aşurovun da böyük dəstəyi olub. 1987-ci ildə ikinci dəstədə iştirak edən komandanın baş məşqçisi Rəşid Özbəyov təyin olunub. Mehman Salmanov isə komandanın rəisi vəzifəsini icra etməyə başlayıb. “Göyəzən” bu mövsüm də öz yerini qoruyub saxlayıb, növbəti mövsümdə daha yaxşı nəticə göstərib. “Göyəzən” 1988-ci ildə SSR ikinci dəstəsində V yerlə kifayətlənməli olub, lakin Azərbaycan komandaları arasında I yeri tutub. Komanda 1991-ci ilə kimi SSR çempionatının ikinci dəstəsində iştirak edib.
Həmin illərdə “Göyəzən”ə Rəşid Özbəyov, Əli Rəhmanov, Əli Əbilzadə, Sergey Kramarenko və Mehman Salmanov kimi tanınmış məşçilər başçılıq edib. Komandanın şərəfini qorumuş tanınmış futbolçular isə İqor Çeremisov, Gennadi Drazdov, Vaqif Sadıqov, Allahverdi Səfərov, Rabit Mürşüdov, Asim Xudiyev, Mehman Şıxıyev olub.
1992-ci ildən “Göyəzən” milli çempionatımızda iştirak etməyə başlayıb. 3 mövsüm çempionatın aşağı dəstəsində çıxış edib. Bundan sonra təxminən 5 il Qazaxda futbol olmayıb. 1999-cu ildə Mehdi Salmanov rəhbəri olduğu komandanı Moskvada yaşayan həmyerlisi və dostu Əsəd Mehdiyevin köməkliyi ilə yenidən toplamağa başlayıb. 1999-2000-ci il mövsümündə Həvəskarlar Liqasında çıxış edən “Göyəzən” elə həmin mövsüm də çempion olub. Komanda çempion olduğu üçün Bosniyada keçirilən Həvəskarlar Arasında Avropa Çempionatında Azərbaycanı təmsil edib.
2002-2003-cü mövsümündə də “Göyəzən” Həvəskarlar Liqasında qalib olub. Bakıda keçirilən zona birinciliyində I yeri tutaraq Almaniyada keçirilən final oyunlarına vəsiqə qazanıb. 2003-2004-cü illərdə “Göyəzən” Azərbaycan çempionatının I Divizionunda iştirak edərək Sumqayıtın “Gənclik” komandası ilə birgə güclülər dəstəsinə yüksəlib. 2004-2005, 2005-2006-cı illər mövsümündə komanda güclülər dəstəsində çıxış edib. Həmin illərdə “Göyəzən”in baş məşqçisi Şamil Heydərov olub. Komandanın təsisçisi və vitse-prezidenti Mehdi Salmanov Azərbaycan Respublikası “Əməkdar Məşqçi”si, “Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” adları ilə təltif edilib. “Göyəzən” 2007-ci ildən indiyə kimi Azərbaycan Çempionatının I Divizionunda çıxış edir. Komandanın baş məşqçisi Qazax futbolunun yetirməsi olan Elxan Muradovdu. Məşqçilər Süleyman Məmmədov və Namiq Bayramovdu.
Bu illər ərzində “Göyəzən” Azərbaycan futboluna istedadlı futbolçular yetişdirib. Onlardan Elvin Yunuszadə, Şirməmməd Məmmədov, Amil Ağacanovun adını çəkmək olar.
Yerli futbolçulara üstünlük verən “Göyəzən” hazırda həvəskar komanda şəklində fəaliyyət göstərir.
Futbol üçün şərait və resurslar...
Qazax şəhəri Mərkəzi Stadionunun da daxil olduğu Qazax İdman və Sağlamlıq Komleksinin tərkibində mehmanxana, güləş zalı, üzgüçülük hovuzu, trenajor zalı, yüngül atletika bölmələri var. Bu gün onlardan yalnız meydança və güləş zalı fəaliyyət göstərir. Reportajımız futbola aid olduğu üçün meydançanın durumu ilə maraqlandıq.
Qazaxın peşəkar futbol klubu "Göyəzən"in ev oyunlarını keçirdiyi stadionun təməli 1981-ci ildə atılıb. Stadion Həmkarlar İttifaqının balansındadı, lakin “Göyəzən”in sponsoru “Turanbank” buranı 10 illik icarəyə götürüb. Artıq 3 ilinin geridə qaldığını demək olar. Arenanın azarkeş tutumu 13500 nəfərdir. Ancaq stadionda, təxminən 3200 oturacaq quraşdırılıb. Sonuncu dəfə 2004-cü ildə ölkə prezidenti Qazaxa gələndə əsaslı təmir olunub. Meydançanın arenası 13500 nəfərlik tutuma malik olsa da, 3200 oturacaq quraşdırılıb. Demək olar, bu illər ərzində onlar da tamamilə yararsız vəziyyətə düşüb. Yəni quraşdırılmayan oturacaqlar bir yana, quraşdırılanlar belə, lazımı qaydada qorunmayıb. Çoxu sındırılıb, ya götürülüb kənara atılıb. AFFA Qərb Regional Futbol Federasiyası yerləşən, yuxarı başında "Azərbaycan idmanına eşq olsun!" şüarı yazılan stadion acınacaqlı vəziyyətdədir. Qapılar dəyişdirilməyib, ehtiyat oyunçular skamyası uçub-dağılır, meydançaya çəkilən cərimə və yan xətt zolaqlarını ot basıb. Ot örtüyü tamamilə təbiidir. Yəni yağış yağsa ot bitir, yağmasa, bomboz bozarır. Meydança lazım olanda yaxın qonşuların inəklərinin örüş yeri kimi də istifadə olunur. Meydançanın işıqlandırma sistemi yoxdu. Ot örtüyünün sulanması üçün isə kənardan şlanqlarla su vururlar. Bu üsulla da meydançanın mərkəzi sulana bilmir, qıraqlar sulanır. Köməkçi meydança da bu vəziyyətdədi, məşqlər üçün bəzən istifadə olunur.
Qazax Rayon İcra Hakimiyyəti gənclərin vaxtını səmərəli keçirməsi, onların faydalı işlə məşğul olması yolunda göstərdiyi çabaların nəticə verməsi üçün, meydançanın yenidən təmir olunması və klubla yanaşı həm də yerli gənclərin öhdəsinə verilməsi təqdirəlayiq hal olardı.
“Göyəzənin” nəzdində 2 aşağı yaş qrupunda uşaq komandaları fəaliyyət göstərir. U-14, U-15. Lakin onlar heç bir yarışda iştirak etmir, vaxtilə əsas komanda üçün futbolçuların yetişməsi funksiyasını yerinə yetirirdi.
Qazaxda Uşaq Gənclər İdman Məktəbinin (UGİM) nəzdində 4 yaş qrupu üzrə (U-11, U-12, U-13, U-14) kiçik yaşlı uşaqlardan ibarət komandalar fəaliyyət göstərir. Onlardan 1 yaş qrupu (U-14) rəsmi, digər 3 yaş qrupu isə qeyri-rəsmidi. 14 yaşlılardan ibarət komanda AFFA-nın təşkil etdiyi qərb zonası üzrə yarışlarda iştirak edir. Hazırda bir neçə mərhələ keçən komanda zona yarışlarında 6 qalib komandanın arasında yer alır. Mövsümün əvvəlində isə 14 komanda iştirak edirdi. Burada ilk üçlüyü tutan komanda Gəncədə keçirilən zona yarışlarında ilk üçlüklə oynayacaq. Beləliklə, komandalar ələnərək ümumi respublika çempionatında iştirak edəcək.
4 yaş qrupu üzrə olan kiçik yaşlılardan ibarət komandalarda birlikdə 60 nəfər uşaq məşq edir. Məşqçilər 2 nəfərdi, Ədilxan Məmmədov, Namiq Bayramov. Heç birinin kateqoriyası yoxdu.
Qazaxda uşaq futbolunun vəziyyəti və oradakı şəraitlə əlaqədar kiçik yaşlı uşaqların məşqçisi Ədilxan Məmmədovdan açıqlama aldıq. O, rayonlarında yetərincə perspektivli uşaqlaın olduğunu söylədi: “Hazırda Qazaxda uşaq futbolu ilə məşqul olan 2 məşqçi qalıb. Mən və Namiq müəllim. Digər məşqçilər sahələrini başqa idman növlərinə dəyişdirdilər. Burada potensialı olan, istedadlı uşaqlar çoxdu. Bizim yetirmələrimiz, “Qəbələ”, “Vətən”, “Qarabağ”, “Neftçi” və başqa klublarda oynayırlar. 17 yaşlılardan ibarət milli komandada da bizim yetirmələrimiz var. İstedadı olan uşaqlar burada qalmırlar, hamısı inkişaf üçün perspektiv vəd edən yerlərə gedirlər. Uşaqlarla müqavilə bağlamırıq”.
Məmmədov Qazaxda futbol üçün olan şəraitdən gileyləndi: “Futbol üçün şərait çox pisdi. Yağışlı, qarlı havada məşq etmək heç cür mümkün olmur. AFFA 10 il bundan öncə bizim üçün 1 meydança tikmişdi, hazırda həmin meydançanın da vəziyəti bərbad gündədi. O meydançaya yüklənmə çox oldu, təmir də olunmadı, belə yararsız hala düşdü. Şəraitimiz olmadığı üçün bəzən məşqləri keçmirik. Quru havada birtəhər məşqləri davam etdiririk. Əsas stadionda gənclərlə eyni vaxta düşməyəndə meydançadan istifadə etməyə imkanımız olur. AFFA ötən ilə kimi uşaqları futbol geyimləri ilə, digər ləvazimatlarla, toplarla təmin edirdi. 2 ildir ki, bu köməklikləri də dayandırıblar”.
Bu rayonda futbola həvəsin böyük olduğunu, lakin bunun üçün şəraitin çox zəif olduğunu müşahidə etdik. Uşaq futbolunda rəsmi 1 kiçik yağ qrupunda komandanın olması isə mənfi haldı. Ehtiyac olmadığı üçün bu sahədə olan məşqçilər belə sahələrini dəyişiblər. Aidiyyatı qurumların Qazax futbolunun vəziyyəti ilə maraqlanıb bu rayonda futbol üçün olan çatışmazlıqları, xüsusilə stadionların bərbad durumda olmasını və uşaq futbolunun da heç də ürəkaçan olmadığını nəzərə alacaqlarına ümid edirik.
“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”
HƏMİD
saytlarin hazirlanmasi