İki oyunda onların üzündən məğlub olduq"
Yazının əvvəli bu linkidə:http://sportal.az/news/92577
"KƏPƏZ"
Əyalət təmsilçisi çempionatın ortabablarından olsa da, heyətində istedadlı futbolçular az deyil. Onlardan Ümid Səmədovun adını çəkmək olar. Bu futbolçunu yaxın vaxtlarda daha iddialı komandalarda görsək təəccüblənmək lazım deyil.
Ümumi götürəndə «Kəpəz» ilk dövrədə yaxşı təsir bağışladı. Bəzi iddialıları «büdrətməsi» komandanın üstün cəhəti idisə, bəzi oyunlarda gözlənilməz xal itkiləri komandanın turnir cədvəlinin ekvatorunda qərarlaşmasına səbəb oldu. 4 tur əvvəl liderlə qrupunun bir addımlığında olan «Kəpəz» son 4 turda cəmi 1 qələbə və 1 heç-heçə etməklə 4 pillə aşağı «yuvarlandı».
Yəqin ki, bunlara görə komandanın baş məşqçisi İlham Səmədov da yetirmələrinin çıxışından razı qalmayıb. İlk dövrəni ilk «üçlük»də bitirməyi düşünən baş məşqçi komandasının hədəfdən xeyri aralı düşməsi fikrindədir. Yersiz xal itkiləri, heyətdə zədəli futbolçuların çoxluğu, komandanı istədiyi səviyyədə hazırlaya bilməməsi İlham müəllimi narazı salan məqamlardır:
«Çox vaxt 2004-cü il təvəllüdlü futbolçuların xidmətindən yararlanmaq məcburiyyətində qaldım. Əsas heyətin bir neçə üzvünün bizdən 2 gün əvvəl U-16 komandamızda oynaması onların öz oyunlarına yorğun vəziyyətdə gəlməsi ilə nəticələnirdi. Bu da çıxışımıza təsir etdi və bəzi oyunlarda vacib xallar itirdik».
Komandadan fərqli olaraq, çempionatın gedişi İlham mülləimi razı salır: «Əsas budur ki, uşaqlar futbol oynayırlar. Çempionatda cəmi 2 oyunda komandalara texniki məğlubiyyət verilib. İdarəçilik də, maşallah yaxşıdır. Yeganə narazı qaldığım hal bəzi komandaların məşqçiləri ilə bağlıdır. Uşaqlara istədikləri kimi oynamağa imkan vermirlər, onlardan gücləri xaricində olan nələrisə tələb edirlər. Bir də hakimliyə bir qədər ciddi yanaşılsa, daha yaxşı olar».
«Kəpəz» fasiləyə yanvarın 3-4-ü ara verəcək. Toplanış müddətində daha çox texniki və taktiki məşqlərə üstünlük veriləcək. Futbolçuların dözümlülüyünun artırılması üzərində də iş gedəcək. İlham Səmədov «Zaqatala» ilə oyuna kimi 5 yoldaşlıq görüşünü keçirməyi planlaşdırır. Özü də bu komandaların çoxu paytaxt təmsilçiləri olacaq. Yunis Hüseynovun əsas komandaya gəlişindən sonra aşağı yaş qruplarına diqqətin artdığını söyləyən İlham müəllim 2-ci dövrədə daha yaxşı oyun sərgiləməklə yanaşı, hədəflərinin medalçılar sırasına düşmək olduğunu da dedi.
Yeri gəlmişkən, həmsöhbətimizə ev oyunlarını keçirdikləri Gəncə TİM-nin meydanı barədə də sual verdik. Əksər komandaların məşqçiləri məhz həmin meydandan şikayətçidilər. İlham müəllimin cavabı belə oldu: «Həqiqətən acınacaqlı vəziyyətdir. Meydanın bərbad durumda olması uşaqlara adi ötürmə verməyə belə əngəl olur. Köməkçi meydanda təmir işləri aparılır. Rəhbərlikdən yaxın vaxtlarda həmin meydanın hazır olacağını deyiblər. Ora süni örtük çəkiləndən sonra ev oyunları həmin meydanda keçirəcəyik. Biz də hamı kimi yaxşı qazonda futbol oynamaq istəyirik. Təəssüf ki, indi başqa çıxış yolumuz yoxdur».
"SƏBAİL"
Çempionata «Viləş» üzərində inamlı qələbə ilə (4:1) başlayan «Səbail»in aktivində 5 qələbə var ki, onların da hamısı turnir cədvəlində özündən aşağıda yerləşən komandalar üzərində qazanılıb. «Yuxarı»da qərarlaşanlardan isə yalnız «Neftçi» ilə heç-heçəni (2:2) qeyd etmək olar.
Demək ki, komandada görüləsi işlər çoxdur. Bunu «Səbail»in baş məşqçisi Xaqani Məmmədov da deyir. Futbolçuların çıxışından tam razı qalmayan mütəxəssis səbəbləri belə izah etdi: «Kollektiv təzə formalaşıb. Hələ işin başındayıq. Tam olmasa da, komandamın oyunundan müəyyən qədər razı qaldım. Yeri komanda ilə əldə olunan nəticələri yaxşı hesab edirəm. Çatışmazlıqlar var, fasilə müddətində onların bəzilərini aradan qaldırmağa çalışacağıq».
Çempionatın gedişi ilə bağlı fikir bildirən baş məşqçini narazı salan əsas hal səfər oyunlarının tez başlamasıdır: «Oyunları günorta saatlarına təyin edirlər. Məcbur olub səhər saat 6-da yola düşürük. Bu da uşaqlarda yol yorğunluğunun yaranmasına səbəb olur, oyuna «yuxulu» çıxırlar. Buna bir əncam çəksələr, yaxşı olar». Ötən illərlə müqayisədə hakimliyin səviyyəsinin artdığını vurğulayan Xaqani müəllim təəssüf ki, yenə də bəzi hakimlərin işindən narazı qaldığını da dilə gətirdi.
Xaqani Məmmədov futbolçuları yanvarın 8-də bir yerə toplayacaq. Gec yığışmağın səbəbi komandanın 15-ci turu buraxmasıdır. Məmmədov bir aylıq toplanış çərçivəsində bir neçə yoldaşlıq oyununda «əyər-əskik»ləri müəyyənləşdirəcək. Hazırlığın ilk yarısında seleksiya işlərinin aparılması da planlaşdırılır. Düşərgəyə yoxlanış üçün bir neçə futbolçunun gəlişi gözlənilir. Gedənlərin olması da istisna deyil.
İOEUGİM
Bu çempionatda ən yaxşı hallardan biri də Sumqayıtın 2 təmsilçisinin olmasıdır. «Sumqayıt» haqqında əvvəlki yazımızda bəhs etmişik. Növbə «kiçik qardaş»ındı. Sumqayıt İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin eyniadlı komandalı debütant olsa da, birincilikdə heç də pis təsir bağışlamır.
Heyətdə «maraqlı» uşaqlar çoxdu. 6-cı turda «Neftçi» üzərində qələbə (1:0) komandanın potensialından xəbər verir. Amma çatışmazlıqlar da az deyil. Bunu komandanın baş məşqçisi Baba Əsgərov da etiraf etdi: «İdman məktəbi komandası olduğunu nəzərə alsaq, uşaqların ilk dövrədəki çıxışını normal hesab edirəm.
Bir balaca üzdə olan uşaqlar klubların futbol akademiyalarına gedirlər. Bizim futbolçular isə 8-9 yaşlarından məktəbimizdə futbolun sirlərinə yiyələnirlər. İlk turlarda həyəcan səbəbindən uşaqlar müəyyən qədər çətinlik çəkdilər. Amma tədricən özlərinə gəldilər. Son 3-4 turda onların sərgilədikləri oyundan isə daha çox razı qaldım».
Birinciliklə bağlı fikir bildirərkən Baba müəllim ən çox razı qaldığı məqam kimi oyunların şənbə-bazar keçirilməsini göstərdi. Təbii ki, belə olduqda uşaqlar dərslərindən qalmırlar. Təəssüf ki, eyni hal U-16 və U-17 liqalarına aid deyil. Baba müəllimi narazı salmayan əsas məqam isə meydan amili ilə bağlıdır: «Bir ara oyunlarımızı Mehdi Hüseynzadə adına stadionda keçirdik. Lakin hazırda «İnşaatçı»ya sığınmışıq ki, orada da meydanın vəziyyəti yaxşı deyil. Nə olsun ki, məktəb komandasıyıq. Məgər bizim yaxşı meydanda oynamağa haqqımız çatmır?» Çatır Baba müəllim, bir qədər səbirli olun, 2-3 ilə Sumqayıtda yeni meydanların sayı artacaq. AFFA-nın prezidenti Rövnəq Abdullayev bu barədə yaxınlarda açıqlama verib. Onda sizin məktəbin futbolçularının da üzünə gün doğacaq.
Komanda çempionata hazırlığa yanvarın 6-7-də start verəcək. Yanvarın 20-ə kimi ancaq məşqlərlə kifayətlənən Baba müəllim bundan sonra «Zirə» ilə oyuna kimi futbolçuların hazırlıq səviyyəsini 1-2 yoldaşlıq matçı və ikitərəfli oyunda yoxlamağı planlaşdırır. Kollektivə yeni futbolçuların gəlişi mümkündür. Komandanın 1-2 aparıcı futbolçusunun klublar tərəfindən «ələ keçiriləcəyi» də həmçinin.
Sonda maraq üçün qeyd edək ki, çempionatda qeydə alınan 2 texniki məğlubiyyətdən biri İOEUGİM-ə verilib. 7-ci turda «Qarabağ»la səfər oyununun vaxtını səhv salan Sumqayıt təmsilçisi AFFA-ya qarşılaşmanın yenidən keçirilməsi barədə müraciət etsə də, İntizam Komitəsi «amansız» olub.
"TURAN"
Birinciliyin ən qeyri-stabil komandalarından biri «Turan» oldu. Heyətində xeyli istedadlı uşaqların olmasına baxmayaraq (onlardan Kənan Kərimov U-15 millimizin oktyabr ayındakı toplanışına dəvət almışdı – red.), Tovuz təmsilçisi 11-ci yerdə qərarlaşıb ki, bu da komandanın əsl gücünü əks etdirmir. Keçirdiyi ilk 5 oyunun hamısında məğlub olması «Turan»ın indiki mövqeyinə böyük ölçüdə təsir göstərib. Komanda yalnız 7-ci turda «Sumqayıt»ı məğlub etməklə (4:2) özünə gələ bildi və 4 oyun yenilmədi. Son 4 turda isə yenə də uğursuzluq – 3 məğlubiyyət və 1 heç-heçə.
Təbii ki, belə çıxışdan heç bir məşqçi razı qala bilməz. Elə komandanın çalışdırıcısı Ruslan Abbasov da bu fikirdədir: «Komandanın oyunundan tam razı qalmadım. Birincisi, bəzi oyunlarda uşaqlar potensiallarına uyğun oyun sərgiləmədilər. İkincisi isə lazım olan qədər xal toplaya bilmədik. «Viləş», İOEUGİM, «Səbail»ə məğlub olduğumuz, «Neftçi» İK İB ilə heç-heçə etdiyimiz oyunlarda uşaqlar həddən artıq zəif oyun nümayiş etdirdilər. İndi bizim ən azı 19 xalımız olmalı idi. Təəssüf…»
Komandasından razı qalmayan Ruslan müəllim çempionatın gedişindən məmnundur. Tovuzlu mütəxəssis hansısa problemin olmadığını bildirməklə yanaşı, maraqlı təklif verdi. Belə ki, o, hər oyunda ən yaxşı futbolçunun seçilməsinin və imkan daxilində mükafatlandırılmasının uşaqların həvəslənməsi baxımından yaxşı olacağını bildirdi. Həqiqətən yaxşı təklifdir.
Hazırda komanda istirahətdədir. Ruslan Abbasov yanvarın 5-də uşaqları bir yerə toplayacaq. Komandaya «yeni nəfəs»in gəlməsi mümkündür. Çünki əsasən cinahlarda çatışmazlıqlar var, həm müdafiəyə, həm də hücuma lazımi dəstək verilmir. Ruslan müəllimin bu çatışmazlıqları aradan qaldırmaq üçün imkanları var. Qazaxdan üzü Gəncəyə kimi istedadlı uşaqlar nə qədər desəniz. Baş məşqçi hazırlıq dönəmində 3-4 yoldaşlıq oyunu keçirməyi planlaşdırır. Rəqiblərdən biri kimi «Kəpəz», digəri isə «Qəbələ» nəzərdə tutulub.
"VİLƏŞ"
Uzun illərdir futbolsuz qalan Masallıda U-15 komandasının yaradılması sevindirici haldır. Liqada cənub bölgəsini təmsil edən «Viləş» 12-ci yerdə olmasına rəğmən, çempionatda heç də pis oyun sərgiləmədi. Apardığımız müşahidələrə əsasən deyə bilərik ki, Kənan Seyfullayev qısa zamanda yaxşı kollektiv qura bilib, komandaya bacarıqlı uşaqlar toplaya bilib.
«Viləş» də «Turan» kimi birinciliyə yaxşı başlamamışdı. Ardıcıl 2 oyunda böyük hesablı məğlubiyyətlər güman ki, komandanın təcrübəsizliyindən irəli gəlirdi. 4-cü turda «Turan» üzərində səfər qələbəsi (4:2) ilə masallılı uşaqlar oyunlarını tuta bildilər. Sonrakı 10 turun 7-də məğlub olsalar da, turdan-tura komandanın oyununda artım müşahidə olundu. Bu da fasilədən sonra «Viləş»in hələ çoxlarına başağrısı olacağını deməyə əsas verir. Əsas da ev oyunlarında. Çünki Masallıdakı matçlarda «Viləş»ə dəstək olmaq üçün Anatoli Banişevski adına stadiona yüzlərlə azarkeş yığılır ki, bu da uşaqlarda ruh yüksəkliyi yaradır.
Çempionatdakı mübarizədən məmnun qalan Kamran müəllim futbolçularından da razıdır. Debütant komandanın 11 xal toplaması az göründüyünü etiraf edən baş məşqçi əsas uşaqların yaxşı futbol oynamalarının onlar üçün vacib olduğunu deyir. Əsas da «Keşlə» və «Neftçi» ilə ev oyunlarında məğlub olmalarına baxmayaraq, Kamran müəllim yetirmələrinin oyunlarından çox razı qalmışdı.
«Viləş» yanvarın əvvəlində hazırlıqlara start veriləcək. Bölgə üzrə seleksiya aparılması, Masallıda, ətraf rayonlarda olan istedadlı uşaqların komandaya cəlb edilməsi nəzərdə tutulub. Yoldaşlıq oyunları da həmçinin.
İsgəndər Cavadov BFA
Çempionatın daha bir «molodoy»u məşhur futbolçumuzun adını daşıyır. Birinciliyin başlamasına sayılı günlər qalmış iştirakı dəqiqləşən İsgəndər Cavadov BFA haqqında yaxında geniş reportaj hazırlayacağımızdan komandanın çıxışına ötəri nəzər salacağıq.
Qısaca onu deyə bilərik ki, təcrübəli Qəhrəman Əliyevin yetirmələri çempionatda 14-cü tura təsadüf edən son oyununda «Zaqatala» üzərində inamlı qələbə qazanaraq (5:0) «qələbə» qrafasındakı «0»ı «1»ə çevirə bildi. Kollektiv yeni qurulsa da, istedadlı uşaqlar az deyil. Məsələn, hücumçu Məhəmməd Məhəmmədovun adını çəkə bilərik.
Yeni ildə çempionatda tam fərqli komanda görəcəyik. Bunu ona görə inamla deyirik ki, Qəhrəman Əliyevin heyətə yeni futbolçular cəlb edəcəyindən xəbərimiz var. Həmin futbolçular başqa klublardan «oğurlanmayacaq», əksinə, aparılacaq seleksiyadan sonra kollektivə qoşulacaq. Fasiləyə hamıdan tez, yanvarın 3-də son veriləcək. «Bakı»nın akademiyasında keçiriləcək topanış çərçivəsindən seleksiya ilə yanaşı bir neçə yoldaşlıq oyunu da keçiriləcək ki, bu oyunlarda Qəhrəman müəllim futbolçuların hazırlıq səviyyəsini yoxlayacaq.
"Neftçi" İK İB
Qələbə üzünə həsrət qalan 2 komandadan biri – «Neftçi» İK İB haqqında məlumat əldə etmək istər çempionatın oyunları zamanı, istərsə də indi əməlli-başlı müşkülə çevrildi. Komandanın baş məşqçisi Arif Abbasovdan nəsə «qoparmaq» mümkün olmadı. Arif müəllim suallarımızı cavablandırmağa söz versə də…
«Neftçi»li uşaqlardan danışaq.
Onların nə zəif nəticələrdə, nə turnir cədvəlindəki mövqelərində, nə qalib gələ bilməməklərində, nə də qol vurmaq bacarıqlarının olmamasında günahları yoxdur. Qol vurmaq demişkən, əvvəlcə «Neftçi» İK İB-nin etibarlı müdafiə xəttinin olmasını qeyd edək.
Komanda aktivində cəmi 5 xal olmasına baxmayaraq, 19 qol buraxıb. Vurulan 2 qola gəlincə, yalnız 1 oyunda futbolçular qol sevinci yaşayıblar. O da 5-ci turda İOEUGİM-lə matçda – 2:2. Qalan 12 oyunda «quru seriya»dı. Demək ki, futbolçularla düzgün iş aparılmayıb.
Bildiyimiz qədər Arif Abbasov artıq, başqa yaş qrupuna keçirilib. Onu kimin əvəzləyəcəyinə gəlincə, bu, Ramin Babayevdir. Təəssüf ki, «Neftçi» İK İB-nin nəinki fasilə müddətində keçəcəyi toplanış haqqında hansısa məlumat, hətta komandanın adi fotosunu belə əldə edə bilmədik.
"ZAQATALA"
Nəhayət, autsayderi haqqında. Amma bir qədər geniş. «Zaqatala» yerli uşaqlardan təşkil olunub. Turnir cədvəlində sonuncu olmalarına və qələbə üzünə həsrət qaldıqlarına baxmayaraq, heyətdə istedadlı uşaqlar az deyil. Məsələn, Tofiq Vahabov, Fərda Qurbanov, Bəsir Əliyev birinciliyin istənilən komandasında oynamağa layiq futbolçulardır.
Aktivində cəmi 2 xal olan «Zaqatala» ilk xalını 1-ci turda qazanmışdı. «Neftçi» İK İB ilə Lökbatandakı oyunda edilən 0:0-lıq heç-heçə gələcəyə ümidlə baxmağa nədən olmuşdu. Amma növbəti 7 oyundakı məğlubiyyətlər komandada işlərin heç də yaxşı getmədiyini göstərdi. 9-cu turda bu dəfə «Sumqayıt»la səfər heç-heçəsindən sonra komandanın bir qədər özünə gəldiyini demək olar. Doğrudur, zaqatalalılar qalan 5 oyunda da məğlub oldular. Amma bu dəfə baxımlı oyun sərgiləyərək. 11-ci turda «Zirə», 13-cü turda isə «Keşlə» ilə ev oyunlarda əla oyun göstərən «Zaqatala» hətta «Zirə»ni minimal hesabla məğlub edə bilmişdi. Lakin sonradan komandanın heyətinlə «lipa» aşkarlandığından «Zaqatala»ya texniki məğlubiyyət verildi. Təəssüf… Məğlubiyyətə deyil, «lipa» söhbətinə görə.
Təbii ki, komandasının son pillədə qərarlaşması baş məşqçi Ceyhun Zurabovu razı sala bilməz. Gənc məşqçi bunu etiraf edir: «İlk turlardakı oyunumuzu bəyənmədim. Futbolçular ayrı-ayrılıqda çox güclüdülər. Amma kollektiv oyun göstərə bilmədilər. Bəlkə də çempionatda təzə-təzə iştirak edirdilər deyə, həyəcanlı idilər. Son turlara yaxın uşaqların oyunlarını tapdıqları hiss olundu. Doğrudur, məğlub olduq, amma komanda oyunundan müəyyən qədər razı qaldım».
Ceyhun müəllim komandasından savayı, çempionat oyunlarında qarşılaşdığı iki məqamdan da narazıdı: «Birincisi, hakimliyin səviyyəsin məni qane etmədi. Əsas da oyunlara təyinat alan qadın hakimlərdən. İki oyunda onların üzündən məğlub olduq. İkincisi isə… Çempionatın 7 oyununu səfərdə keçirdik, 7 komandanın qonağı olduq. Onlardan yalnız «Sumqayıt» bizi qonaq kimi qəbul etdi. Qalanları bizə istənilən şəraiti yaratmadı. Bir faktı misal çəkim, özləri hər şəraiti olan soyunub-geyinmə otaqlarında yerləşdikləri halda, bizə şəraitsiz otaqlar verdilər. Adicə isti su yox idi deyə, uşaqlar Zaqatalaya tərli-tərli qayıtdılar».
«Zaqatala» toplanışa yanvarın 5-dən başlayacaq. Məşqlərə ciddi fikir verəcəklərini bildirən baş məşqçi «Kəpəz»lə matça kimi bir neçə yoldaşlıq oyununda futbolçuların hazırlıq səviyyəsini yoxlayacaq. Toplanış çərçivəsində seleksiya aparılacaq. Əsasən rayon uşaqları baxışda olacaq. Mingəçevirdən 2 nəfərin də yoxlanışa gələcəyi gözlənilir. Komandadan gedənlərə gəlincə, bir neçə üzvünə «elçi» düşənlər olsa da, Ceyhun müəllim heç kimi kənara buraxmayacaq. Məqsəd həmin uşaqların da gücündən istifadə etməklə yeni ildə nəticəni yaxşılaşdırmaqdır.
Bombardirlər: Alı Alı ("Sumqayıt") – 14 qol, Elvin Abdullayev ("Vətən") – 13 qol, Mehrac Baxşəliyev ("Qəbələ") – 12 qol.
"Het-trik news"