“Sumqayıt”ın saytı informasiya bazasına görə əlçatmazdır YAZI

14:14 - 10 Mart 2018

Azərbaycan futbolunda Sumqayıtın xüsusi rolu var. “Gənclik şəhəri” hər zaman güclü futbol ənənələri ilə seçilib. Azərbaycan çempionatının ilk illərindən “Xəzər” Bakıya qonşu olan şəhəri uğurla təmsil edib. İyirmi birinci əsrin əvvəllərində Sumqayıtda futbolun maliyyələşməsində problemlər yarandı. Düzdür, bir ara “Gənclərbirliyi” müxtəlif ölkələrdən legionerlər cəlb edərək sumqayıtlıları ümidləndirmişdi. Ancaq bu klub elitada iddialılar sırasına qoşula bilmədi. Bir müddət sonra “Standart” Bakıdan Sumqayıta köçsə də, bank klubu da uzun müddət duruş gətirə bilmədi və “rəhmətliklər” sırasına qoşuldu. Aradan bir neçə il keçdi. Nəhayət, AFFA-nın təşəbbüsü ilə bu şəhərdə yeni bir klub yarandı. “Azərikimya”nın himayəsinə verilən klub yarandığı ilk ildə “Sumqayıt Şəhər” adlanırdı. Daha sonra “şəhər” sözünün artıq olduğu üzə çıxdı. Artıq ağ və göy rənglərə bürünmüş klub şəhərin adını daşıyır.

 

“Sumqayıt” yarandığı gündən özünəməxsus siyasət yürüdür. İndiyədək bu klubda legioner futbolçu çıxış etməyib. Uzaqbaşı “milliləşdirilən” oyunçulara yer verilib. Bu səbəbdən bir müddət bu şəhərin komandası autsayderlər sırasında olub. Ancaq səbirli klub rəhbərliyinin israfçılıq etmədən, qənaətcil sistemlə həyata keçirildiyi idarəçilik yavaş-yavaş öz müsbət nəticəsini verdi. Bunun da təməli Samir Abasovun baş məşqçi təyin edilməsindən sonra qoyuldu. Gənc, enerjili və böyük perspektiv vəd edən mütəxəssisin rəhbərliyi altında komanda ardıcıl 2-ci ildir ki, futbolsevərlərdə müsbət təəssürat oyadıb. Xüsusən bu mövsüm “Sumqayıt” Avropa Liqasına vəsiqə qazanmağa iddialıdır. Bu, həm çempionat, həm də kubok yolu ilə ola bilər. Çünki Premyer Liqada 4-cü yerdə gedən komanda kubokun yarımfinalına yüksəlib. Özü də illərdi kuboku qazanan “Qarabağ”ı mübarizədən kənarlaşdırmaqla...

 

Təbii ki, ildən-ilə güclənən və hədəfləri böyüyən klubun marketinq siyasəti də təkmilləşməlidir. Ən azı Media departamentinin aktivləşməsi zəruridir. Baxaq, görək “Sumqayıt”ın bu sahədə fəaliyyəti necədir?

 

Sayt

 

 

“Sumqayıt” saytının fəaliyyətinə görə bəlkə də Azərbaycan klubları arasında 1 nömrədir. Sizə zarafat gəlməsin, bu klubun portalı informasiya ilə zəngindir. “Media” bölməsi xəbərlər, fotoalbom və videoqalareyadan ibarətdir. Hətta arxivdən klub saytının fəaliyyətə düşdüyü dövrdə yerləşdirilən ilk xəbərləri də tapmaq olar. Hər turda komandanın oyunlarının görüntüləri və şəkillərini də bu bölmədən əldə etmək mümkündür. “Sumqayıt” bölməsində həm şəhərin, həm şəhərin futbolunun tarixi haqqında geniş informasiya depolamaq olar. Burada həmçinin, Mehdi Hüseynzadə adına stadion və “Kapital Bank Arena” barədə də məlumat yerləşdirilib. “Klub” bölməsinin ilk qolu “klubun vizit kartı” adlanır. Klubun yaranma tarixi, rəngləri, stadionu, ünvanı, əlaqə vasitələri və baş məşqçisi ilə yanaşı, prezidentinin kim olduğu da qeyd edilib. Ancaq bu hissəyə düzəliş etmək lazımdır. Çünki artıq “Neftçi”nin idarəçiliyini həyata keçirən Kamran Quliyevin adı hələ də “Sumqayıt”ın prezidenti kimi təqdim olunur. Hərçənd “Klub” bölməsinin “rəhbərlik” qolunda bu səhv diqqətimizi çəkmədi. Çünki ilk rəhbər şəxs kimi vitse-prezident Vaqif Ömərovun adı çəkilib. Buradan klubun Müşahidə Şurasının üzvləri ilə də tanış ola bilərsiniz. “Rəmzlər” qolunda klubun loqosu nümayiş etdirilirsə, sonuncu “sponsorlor” hissəsində “Azərikimya”, “Kapital Bank”, “Paşa Həyat” və “Aquavita” şirkəti haqqında ətraflı məlumat verilir.“Komandalar” bölməsində əsas və əvəzedici heyətin futbolçuları, məşqçiləri ilə yanaşı, akademiya komandalarının oyunçularının adları qeyd olunub. Buna isə heç dünyanın tanınmış klubları da yer vermir. Yəni bu baxımdan “Sumqayıt”ın mətbuat xidmətinə yağlı bir “əhsən” düşür. “Mövsüm” bölməsi də adamın ağzını açıq qoyur. Burada nəinki “Sumqayıt”ın əsas və əvəzedicilərin, bütün yaş qrupları üzrə komandaların indiyədək bütün mövsümlərdə göstərdiyi nəticələr və yekunda turnir cədvəlindəki mövqeyi əksini tapıb. Hətta bu bölmənin arxiv hissəsindən bu şəhərin əvvəlki təmsilçilərinin Azərbaycan çempionatlarındakı tutduqları yer də göstərilib. “Fan-sektor” bölməsi daha çox azarkeşlər üçün maraqlıdır. Bu bölmənin “fan klub” qolundan klubun azarkeş qrupuna qoşulmaq üçün tələb olunan şərtlərlə tanış olmaq mümkündür. Həmçinin, azarkeşlərin davranış qaydaları və indiyədək saytda keçirilmiş sorğuların mövzusu bu bölmədə qeyd olunub. Sonuncu bölmə “Turnirlər/layihələr” adlanır. Buraya daxil olduqda “Sumqayıt”ın indiyədək cəmiyyətin müxtəlif təbəqələri arasında həyata keçirdiyi yarışlar, xeyriyyə aksiyaları və layihələrdən toplanmış məlumatlar qarşınıza çıxır. Saytdan klubun sosial şəbəkələrdəki səhifələrinə keçid edə bilərsiniz. Eləcə də “Sumqayıt” TV-yə keçid var. “Tv.sfc.az” portalında Premyer Liqa, əvəzedicilər, akademiya komandalarının keçirdiyi oyunların icmalı, tədbirlər və başqa turnirlər haqqında video görüntülər, o cümlədən futbolçular haqqında informasiya tipli videolar yerləşdirilib. Qısası, “Sumqayıt”sevərlər üçün maraqlı portaldır. Hər gözəlin bir eybi var. “Sumqayıt”ın saytının eybi isə yalnız ana dilimizdə fəaliyyət göstərməsidir. Halbuki başqa klubların saytları ən azı ingiliscə də fəaliyyət göstərir.

 

Facebook

 

 

Mətbuat xidmətinin ölkəmizdə ən çox istifadə olunan “facebook”da fəallığı pis deyil. Demək olar ki, hər gün ən azı 1 paylaşım edilir ki, bu da çox vacibdir. Səhifənin üzvləri yenicə 8000-i keçib. Oyunlar bitdikdən sonra video icmal və fotoşəkillər yerləşdirilir. Oyunun gedişində də onlayn məlumat verilir. Yeganə çatışmayan məqam promo videoların hazırlanmamasıdır. Ola bilsin, bu da kadr çatışmazlığı ilə bağlıdır.

 

Twitter

 

Klub saytında bu sosial şəbəkənin də işarəsinə rast gəlirik. Ancaq üzərinə tıklayanda heç bir şey açmır. Bu da ondan irəli gəlir ki, 8 yaşlı klub hələ də “Twitter” səhifəsini işə salmayıb. Bəlkə də Azərbaycandan bu sosial şəbəkəyə marağın böyük olmaması mətbuat xidmətini həvəsdən salıb. Ancaq yenə başqa klubları “Sumqayıt”a nümunə göstərməyə məcburuq. Pis-yaxşı başqa elita təmsilçilərinin “Twitter” səhifəsi var. Peşəkarlıqdan danışırıqsa, “Sumqayıt” da bu sosial şəbəkədə səhifəsini açmalıdır.

 

İnstagram

 

 

“Sumqayıt”ın bu sosial şəbəkədəki fəaliyyətini qənaətbəxş saya bilərik. Hər halda, indiyədək “İnstagram”da 1093 paylaşım edilib. Səhifədə aktivlik hiss olunur. Amma cəmi 3856 izləyicisi var ki, bu da 300 minlik əhalisi olan bir şəhərin klubu üçün yüksək göstərici sayıla bilməz. Yaxşı olar ki, futbolçulara aid maraqlı video görüntülərin sayı artırılsın, müxtəlif viktorinalar keçirilsin. Bu tip yollarla insanların diqqətini cəlb etmək mümkündür.

 

Youtube

 

 

“Sumqayıt” bu sosial şəbəkədə də kifayət qədər fəaldır. Mətbuat xidməti təkcə əsas və əvəzedici komandaların oyunlarının icmalı ilə kifayətlənmir. Futbolçulardan açıqlamalar alınır, başqa video materiallar yerləşdirilir. “Youtube” vasitəsi ilə bu klubun paylaşımlarını izləyənlərin sayı 1033 nəfərdir.

 

Wikipedia

 

 

“Sumqayıt”ın 22 dildə “wikipedia” səhifəsi var. Ənənəyə sadiq qalaraq əvvəlcə ana dilimizdə olan səhifəyə baş çəkdik. Kamran Quliyevin adı hələ də prezident postundadır. Ümumiyyətlə, ingiliscə olan səhifəni istisna etməklə, bütün dillər üzrə analoji səhifələrdə Quliyevin adı sabiq postunda göstərilib. Səhifələrdə yoxsulluq hökm sürür. Ən azı klubun ən çox oyun keçirən və ən çox qol vuran futbolçusu, komandanın ən böyükhesablı qələbəsi haqqında məlumat yerləşdirilməlidir. Klubun əksər başqa dillərdə olan səhifələrində stadionu Mehdi Hüseynzadə adına stadion göstərilib. Almancada baş məşqçi kimi Bernard Raab, ispancada Aqil Məmmədov göstərilib. Rus dilində olan səhifədə isə ötən mövsümün heyəti qalmaqdadır.

 

Mətbuat katibinin fikri

 

 

Rəşad Məmmədov: “Sumqayıt”ın Media bölməsində mətbuat xidmətinin rəhbərindən başqa 2 nəfər çalışır. Klubumuzda fotoqraf ştatında çalışan Vasif Tağıyev həm fotoqraf, həm montajçı, həm də AFFA-nın “Futbola qoşul” proqramının idarəçisidir. Məlum məsələdir ki, Azərbaycanda “Twitter” digər sosial şəbəkələrə nisbətən passivdir. Lakin Klubun “Facebook” və “İnstagram” səhifələrində paylaşılan məlumatlar mütəmadi olaraq “Twitter”ə də yerləşdirilir. Qeyd edək ki, rəsmi “Facebook” səhifəmiz təsdiqlənib. Hazırda “İnstagram” və “Twitter” üçün də təsdiqə çalışırıq. Digər klublardan fərqli olaraq, “Sumqayıt” FK yarandığı gündən klubun rəsmi internet səhifəsindən başqa, ikinci saytı media portal da (tv.sfc.az) fəaliyyət göstərir. Media portalda əsas və əvəzedici komandamızın Premyer Liqadakı ilk mövsümündən bu günə qədər keçirdiyi qarşılaşmalar, akademiyamızın oyunlarının icmalları, klubumuzun keçirdiyi turnirlər və tədbirlər haqqında fotoreportaj və videoçarxlar yer alır. Hazırda normal şəkildə işləməyimiz üçün hər bir şərait yaradılıb. Sadəcə, digər klublardakı Mətbuat şöbəsindən fərqli olaraq, bizdə digər işlər də bu departamentin əməkdaşları tərəfindən həyata keçirilir. Məsələn, "Sumqayıt" FK-nın idman geyimlərinin nömrələnməsi işindən tutmuş əməkdaşlıq layihələrinin təşkilinə kimi. Yuxarıda qeyd etdiyim kimi, əsas, əvəzedici, qızlardan ibarət komandalar və 10 aşağı yaş qruplarının futbolçu qeydiyyatı da bizim şöbə tərəfindən həyata keçirilir. İşimizi sevə-sevə gördüyümüz üçün sayımızın azlığına baxmayaraq işimizi lazımınca gördüyümüzü düşünürəm. Planlarımız çoxdur. Hər şey zamanla həyata keçiriləcək. Yaxın zamanlarda saytımızın əcnəbi dil problemini aradan qaldıracağıq”.


Mərdan Həsənov / Newsport.az

Xəbər xətti