U-16 Liqası: Mərkəzi oyunda heç-heçə

10:29 - 26 Oktyabr 2018

Dünən U-16 Liqasında 5-ci turun 6 oyunu keçirildi. Daha bir matç bu gün baş tutmalıydı. Amma böyük ehtimalla keçirilməyəcək. Söhbət 14:00-da başlamalı olan «Turan Tovuz» - ROİL oyunundan gedir. Səbəb sadədir. Çempionatın debütantı, eyni zamanda autsayderi olan ROİL səfərə çıxmağa pul tapmır! Hər halda dünənki məlumata görə ROİL bu oyunu buraxacaq. Həm də ehtimal olunur ki, komanda ümumiyyətlə, çempionatda çıxışını dayandırsın. Yaxın günlərdə bu məsələyə aydınlıq gələcək. Dünənki oyunlara qayıdaq…

 

«Neftçi» İK İB – İsgəndər Cavadov BFA 1:1
Qollar:
Aşqin Abəzərov, 66 – Məhəmməd Məmmədov, 32

 

Turun açılış oyunu Lökbatan OİK-nin meydanında keçirildi. Turnir cədvəlinin ekvatorunda qərarlaşan «Neftçi» İK İB İsgəndər Cavadov BFA-nı qəbul etdi. Oyunun favoriti meydan sahibləri göstərilsələr də, qonaqlar çətin səfər oyunundan 1 xalla dönməyi bacardılar.

 

Sönük keçən 1-ci hissə qol epizodları sarıdan o qədər də çox olmadı. Meydan sahiblərindən Tale Yusifov və Zaur Allahverdiyevin fərqlənmək üçün yaxşı şansları oldu, lakin hər ikisi qonaqların qapıçısı Nail Əhmədovla dueldən məğlub ayrıldılar. Əvəzində «Neftçi» İK İB qapısında qol gördü. 32-ci dəqiqədə Qoşqar Babayevdən ötürmə alan Məhəmməd Məmmədov fərdi bacarığı sayəsində rəqibin 2-3 futbolçusundan sıyrılaraq baxımlı qola imza atdı. 

 

Fasilədən sonra ərazi üstünlüyünə yiyələnin «Neftçi» İK İB Rahib Bəylərov və İlkin Əliyevlə hesabı bərabərləşdirməyə yaxın olsa da, adıçəkilən futbolçularda dəqiqlik çatışmadı. Hər halda Ramin Babayevin yetirmələri ikinci yarının ortalarında bərabərlik qolunu vura bildilər. Standart vəziyyətdən sonra top qapı önünə göndərildi. Nail Əhmədovvun uzaqlaşdırmaq istəyiyi top Aşqin Abəzərovun qarşısına düşdü və o, bir toxunuşla onu qapıdan keçirdi.

 

Meydan sahiblərinin çalışdırıcısı Ramin Babayevin fikrincə, qonaqların heyətində ən çox xoş təsir bağışlayan Ömər Əhmədov və Vüsal Əlizadə oldu. Qonaqların baş məşqçisi Qəhrəman Əliyev isə «Neftçi» İK İB-dən İlkin Əliyevin oyununu xoşladığını dedi.

 

«Səbail» - «Neftçi» 1:0
Qol:
Rauf Ağasənov, 44

 

Ötən tur «Turan Tovuz»u 6 cavabsız qolla məğlub edən «Neftçi» bu oyuna yaxşı əhval-ruhiyyədə çıxmışdı. Üstəlik, «Səbail»in heyətində itkinin olması qonaqların işinə yarayırmış kimi görünürdü. Meydan sahiblərinin qol silahı olan Arif Məmmədov – Rauf Ağasənov cütündən birincisi cəza səbəbindən bu oyunu buraxırdı. Tək qalmasına baxmayaraq, Rauf komandasının qalib gəlməsində önəmli rol oynadı. Əvvəlcə 27-ci dəqiqədə məhz ona qarşı kobud oyuna görə «Neftçi»nin futbolçusu Elcan Şirinov ikinci sarı vərəqə ilə meydandan qovuldu. İkinci hissənin əvvəlində isə Ağasənov rəqibin 2 müdafiəçisindən sıyrılaraq 16-17 metr məsafədən qapıya dəqiq zərbə vurdu.

 

Matçda cəmi 1 qol vurulmasına baxmayaraq, hər 2 komanda kifayət qədər qol imkanları yaxaladı. Amma qapıçılar Emil Hüseynov və Elgün Bayramov səhvsiz oynadılar. Elə Elgünü və Tural Axverdiyevi «Neftçi»nin heyətində ən yaxşı hesab etmək olar. Meydan sahiblərindən isə şübhəsiz ki, günün ən yaxşısı Rauf Ağasənov idi.

 

«Sabah» - «Viləş» 6:0
Qollar:
Nihat Həsənzadə, 16; Mircəlal Abasov, 28; Kamil Musayev, 60; Rafiq Ələkbərov, 80; Şahin Kərimli, 80+2; Aqil Qurbanov, 80+3

 

Ötən ilki çempion Masallı təmsilçisi ilə oyunda asan qələbə qazandı. Əslində, səfərdə «dişsiz» görünən «Viləş»in bu oyunda xal götürməsi əsl sensasiya olardı. Gəl ki, İlqar Mənsimovun yetirmələri buna yol vermədilər. 

 

«Qarabağ» - «Qəbələ» 2:3
Qollar:
Musa Musazadə, 29; Sahib Səmədov, 50 – Mehrac Baxşəliyev, 32, 40; Gülağa Əsədov, 58

 

Bu oyun kifayət qədər baxımlı alındı. Çempionatda məğlubiyyət üzü görməyən «Qarabağ»la ötən tur evdə «Keşlə»yə məğlub olan «Qəbələ»nin oyununda şanslar bərabər idi. Qarşılıqlı hücumlar şəraitində keçən matçda ilk qol 29-cu dəqiqədə meydan sahiblərindən gəldi. «Qarabağ» rəqibi əks-hücumda yaxaladı. Bəhram Köçərlidən dəqiq ötürmə alan Musa Musazadə dəqiq oynadı. «Qəbələ»nin cavab qolu özünü çox gözlətmədi. 3 dəqiqə sonra müdafiə xəttinin çaşqınlığından istifadə edən Merrac Baxşəliyev hesabı bərabərləşdirdi. 1-ci hissənin son dəqiqəsində Mehrac daha bir dəfə fərqləndi. Bu dəfə o, Süleyman Damadayevin cinah ötürməsini «şoçka» ilə qapıdan keçirdi. 


Fasilədən sonra məğlubiyyətdən yaxa qurtarmağa çalışan Asif Əlizadənin yetirmələri 50-ci dəqiqədə istəklərinə çatdılar. Yenə də Bəhram Köçərlinin ötürməsindən sonra bu dəfə Sahib Səmədov komandasını sevindirdi. Hər halda, «Qəbələ» 3 xalı götürən tərəf oldu. Xaqani Məmmədovun komandasına xalları 59-cu dəqiqədə Gülağa Əsədovun dəqiq zərbəsi qazandırdı.

 

«Qarabağ»ın baş məşqçisi Asif Əlizadə komandasının qapısına 2 qol vuran Mehrac Baxşəliyevin, «Qəbələ»nin çalışdırıcısı Xaqani Məmmədov isə Bəhram Köçərlinin adını çəkdi.

 

«Sumqayıt» - Gəncə TİM 0:1
Qol:
Raul Əlizadə, 38

 

Bərabər səviyyəli rəqiblərin mübarizəsində qonaqlar minimal hesablı qələbə qazandılar. Matçda yeganə qolu matçın 38-ci dəqiqəsində Gəncə TİM-dən Raul Əlizadə vurdu. Maraq üçün qeyd edək ki, gəncəlilər 22-ci dəqiqədə penaltini qaçırıblar. Sərxan Rüstəmov Pünhan Canlarovla dueldən məğlub ayrılıb.

 

Oyunu izləyən əməkdaşımızın fikrincə, «Sumqayıt»dan Sərvin İsmayılovla Uğur Nağıyev, Gəncə TİM-dən isə Rəşid Zeynalovla Röyal Əhmədov matçın ən yaxşıları idi.


«Keşlə» - «Zirə» 3:3
Qollar:
Əbil Əbilov, 59, 63; Vaqif Həsənov, 69 – Rəhim Cəfərli, 15; Nurəli Nurəliyev, 32; Peyman Səmədli, 80+2.

 

Nəhayət, turun mərkəzi və ən baxımlı oyunu haqqında. Belə oyunlar çempionatda 3-4 turdan bir olur. Mərkəzi oyunu izləyənlər arasında hər iki klubun və akademiyanın rəhbər şəxsləri ilə yanaşı, U-16 millimizin baş məşqçisi Azər Məmmədov və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov da var idi.


Bu tura kimi «Keşlə» birincilikdə xal itirməyən yeganə komanda idi. «Zirə»nin də vəziyyəti pis deyildi. Rəqibdən 2 xal az toplayan komanda 2-ci pillədə qərarlaşmışdı və qalib gələcəyi təqdirdə vəziyyəti əla olacaqdı. Başqa sözlə, liderliyə yüksələcəkdi. 

 

Oyun qolla başlaya bilərdi. Elə 1-ci dəqiqədə «Zirə»li Mirzəbəy Şahbazovun uzan məsafədən vurduğu topun qapı xəttindən keçməsinə qapı çatı mane oldu. İlk yarı daha yaxşı təsir bağışlayan, düşünülmüş hücumlar quran «Zirə» daha bir neçə epizodda qola yaxın olsa da, hesabı yalnız 15-ci dəqiqədə aça bildi. Künc zərbəsindən qapı önünə ötürülən topu Rəhim Cəfərli başla qapıdan keçirdi. Düşünmək olardı ki, buraxılan qol «Keşlə»li futbolçuları «ayıldacaq». Amma bu, baş vermədi. Topa daha çox nəzarət edən «Zirə» 32-ci dəqiqədə daha bir qol vurdu. Müdafiə xəttinin kobud səhvini Nurəli Nurəliyev bağışlamadı. O, qapıçı Cavid Qurbanovla təkbətək mübarizədən qalib ayrıldı. İlk yarıda meydan sahibləri demək olar ki, heç nə ilə yadda qalmadılar. «Keşlə» rəqib qarısına 1 dəqiq zərbə delə vura bilmədi. Yalnız 40-cı dəqiqədə buna yaxın oldu ki, bu zaman Əli Tağıyevin uzaq məsafədən endirdiyi zərbə qapıdan azca aralı keçdi.

 

Fasilədən sonra isə meydanda başqa «Keşlə» var idi. Komanda daha istəkli görünürdü. Hərçənd, fasilədən sonra Xəyal Mustafayevin komandası qapısında daha bir qol görə bilərdi. Nurəli Cavidlə mübarizədən qalib ayrılsaydı, «Zirə» böyük ölçüdə matçın taleyini həll edəcəkdi. Hücumlarının kəsərini artıran «Keşlə» həmin epizoddan dərhal sonra rəqib qapısı önündə ilk real qol vəziyyəti yaratdı. Lakin Əbil Əbilov Uğur İbrahimovla üz-üzə qaldığı epizodda topu onun və qapının üstündən kənara göndərdi. Hər halda matçın ən yaxşılarından olan Əbil bu oyunda da öz sözünü dedi. 59-cu dəqiqədə Hümmət Məmmədov cinah reydindən sonra topu Kamal Kazımova ötürdü. Kamalın qapı qarşısına göndərdiyi topu isə Əbil tək toxunuşla qapıdan keçirdi. Bundan cəmi 4 dəqiqə sonra Əbil bu dəfə Seymur Məmmədovun ötürməsini qola çevirdi – 2:2. 

 

Bərabərlik qolundan daha da ruhlanan «Keşlə» 69-cu dəqiqədə «Zirə»ni 3-cü dəfə məyus etdi. Bu dəfə Əbil assistent rolunu oynadı. Onun ağıllı ötürməsindən sonra Vaqif Həsənov komandasını hesabda irəli çıxardı. Məğlubiyyətdən qurtulmaq üçün irəli atılan «Zirə» qapısında 4-cü qolu da görə bilərdi. Gəl ki, 2-3 qol epizodunda bəxt meydan sahiblərindən üz döndərdi. «Keşlə» - «Zirə» oyununun ədalətli nəticəsi heç-heçə idi ki, bu da oldu. Hakim Ramiz Məhərrəmovun oyunun əsas vaxtına əlavə etdiyi 2-ci dəqiqədə qonaqlar sevinən tərəf oldular. Sonradan oyuna qoşulan Pünhan Səmədli komandasını məğlubiyyətdən xilas edən qolu vurdu. Bu da son olmayacaqdı. Əgər son saniyələrdə Xəyal İbrahimov Uğur İbrahimovla üz-üzə qaldığı epizodda topu qapıçının üzərinə vurmasaydı…

 

Oyundan sonra ənənəvi olaraq baş məşqçilərin rəqib komandanın heyətində bəyəndiyi futbolçuların adlarını öyrəndik. «Keşlə»nin baş məşqçisi Xəyal Mustafayev «Zirə»dən Cəlal Hüseynov, Vüsal Əliyev, Nurəli Nurəliyev və Məhəmməd Səfərovun adlarını çəkdi. Onun həmkarı Cəfər Hüseynov isə «Keşlə»nin heyətində Əbil Əbilov, Hümmət Məmmədov və Əli Tağıyevi seçdi. 

 

U-16 Liqasında 6-cı turun oyunları noyabrın 1-də keçiriləcək: «Viləş» - «Neftçi» İK İB, «Neftçi» - «Sabah», ROİL – «Səbail”, «Qəbələ» - «Turan Tovuz», «Zirə» - «Qarabağ», «Sumqayıt» - «Keşlə», Gəncə TİM – İsgəndər Cavadov BFA. 

 

«Het-trik news»

 

Xəbər xətti