Şahin Diniyev dünya çempionu olan bacısı oğlu barədə: "Dedim, bax, gör, ondan güləşçi olacaq?"

15:07 - 27 Oktyabr 2018

"Mən özüm ona belə tapşırmışdım. İstəmirdim ki, kimsə bunu bilsin. Özüm qazandığım nailiyyətlərə öz gücüm hesabına gəlmişəm. Onun da uğurlara Şahin Diniyev adı olmadan nail olmasını istəyirdim. Sonra kənarda deməsinlər ki, Şahin Diniyevin bacısı oğludur. Qoy, öz gücü hesabına tanınsın. Ona görə ona tapşırmışdım ki, heç yerdə bu barədə demə... Əslinə qalsa, mən heç Bakı çempionu da olmamışam (gülür). O, indi məndən daha məşhurdur. Yeri gəlmişkən, onu 15 yaşında Beyləqandan Bakıya - Elçin müəllimin (Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərovu nəzərdə tutur – S.M.) yanına gətirmişdim. Dedim, bax, gör, ondan güləşçi olacaq, ya yox. Sağ olsun, Elçin müəllimin onun üzərində çox əməyi olub".

 

Sportal.az xəbər verir ki, bu sözləri Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatında 55 kq-da çempion olmuş Eldəniz Əzizlinin dayısı, futbol üzrə millimizin keçmiş kapitanı və baş məşqçisi Şahin Diniyevin oxu.az-a müsahibəsində deyib. Diniyev Əzizlinin dünya çempionu olacağına əvvəlcədən inanmadığını deyib: "Dünya çempionu olmaq çox da asan iş deyil. Açığı, çempion olacağına inanmırdım. Amma bu onun gücünə inamsızlıqla bağlı deyildi. O, Minskdəki turnirdə əlindən zədə almışdı. Əlində çat vardı. Fikir verdinizsə, gürcü idmançı ilə mübarizədə zədəsi özünü göstərirdi. Bu baxımdan onun dünya çempionu olacağına inanmırdım. Amma dünya üçüncüsü ola biləcəyinə inamım vardı. Şükürlər olsun, ən yüksək nəticəyə nail ola bildi".

 

Təcrübəli mütəxəssis Eldənizin Olimpiya çempionu olacağına inandığını qeyd edib: "Bilirsiniz, yüksəkliyə çıxmaq üçün gərək aşağı baxmayasan. Qazandığın nailiyyətlər sənin başını dumanlandırmamalıdır. Onun özünə də həmişə bu haqda deyirəm. Gələndə də deyəcəm. Özünüz bilirsiniz ki, bizdə ikiqat Olimpiya çempionu yoxdur. Hamısı bu kimi şeylərdən irəli gəlir. Eldəniz başını aşağı salıb bundan sonra daha da səylə məşqlərini davam etdirsə, onun Olimpiya çempionu olacağına da inanıram".

Xəbər xətti