U-15 Liqası: "Qarabağ"la "Neftçi" sülh bağladı

10:56 - 29 Oktyabr 2018

Həftəsonu U-15 Liqasında 5-ci turun oyunları keçirildi. 7 oyunun 3-də darmadağın qeydə alındı. Qalan 4 qarşılaşma isə gərgin mübarizə ilə yadda qaldı. Bu oyunlardan 2-i heç-heçə başa çatdı.

 

U-15 Liqası, 5-ci tur

 

«Keşlə» - «Səbail» 2:1
Qollar:
Tural Əmirhüseynov, 19; İftixar İbrahimov, 65 – Xəyal Əliyev, 10.

 

Bu qarşılaşma turun 2 mərkəzi oyunundan biri hesab olunurdu. Çempionluq uğrunda mübarizə aparan komandaların mübarizəsində hər iki tərəf qalib ola bilərdi. Sonda 3 xal «Keşlə»nin qismətinə yazıldı.
Oyunda hesab 10-cu dəqiqədə açıldı. Qonaqların hücumçusu, «Keşlə»nin yetirməsi olan Xəyal Əliyev qapıçı Sahib Həsənovun səhvindən istifadə edərək köhnə komandasını cəzalandırdı. Bundan 9 dəqiqə sonra meydan sahibləri buraxılmış qolun əvəzini çıxdılar. Kamran Məlikovdan ötürmə alan Tural Əmirhüseynov fərqləndi. Komandalar fasiləyə yollanmaq ərəfəsində hesab dəyişə bilərdi. Lakin «Səbail»in kapitanı Raul Məmmədov 11 metrlik cərimə zərbəsindən çərçivəyə düşə bilmədi. Yeri gəlmişkən, Raulun da «Keşlə» yetirməsi olduğunu qeyd etmək yerinə düşər. «Səbail»də adı çəkilən hər iki futbolçu bir vaxtlar bu klubun akademiyasında futbolun sirlərinə yiyələniblər. Daha sonra «Mançester Yunayted»ə aparılan uşaqlar oradan «Səbail»ə göndəriliblər.

 

Fasilədən sonra hər 2 komandanın fərqlənmək imkanları olsa da, cəmi 1 qol qeydə alındı. Matçın başa çatmasına 5 dəqiqə qalmış Kamran Məlikovun cinah ötürməsindən sonra İftixar İbrahimov 3 xalın taleyini həll edən qola imza atdı. Məhz bu qol sayəsində oyuna əsas heyətdən Elvin Babayev, Qurban Səfərov, Murad Dadaşovsuz çıxan «Keşlə» qalib gəldi.

 

Oyundan sonra «Keşlə»nin baş məşqçisi «Səbail»dən Nicat Quliyevi çox bəyəndiyini söylədi. Qonaq komandanın baş məşqçisi Səbuhi Həsənov isə «Keşlə»dən Cavid Yadullayevin adını çəkdi.

 

«Qarabağ» - «Neftçi» 1:1
Qollar:
Vasif Fərəcov, 7 (pen.) - Oruc Məmmədov, 12

 

Turun digər mərkəzi oyunu heç-heçə başa çatdı. Bərabər səviyyəli rəqiblərin mübarizəsində erkən qol qeydə alındı. 7-ci dəqiqədə Cəfər Həsənova qarşı kobud oyuna görə hakim «Neftçi»nin qapısına penalti təyin etdi. «Qarabağ»lı Vasif Fərəcov Ümüd Tağızadə ilə dueldən qalib ayrıldı. Cəmi 5 dəqiqə sonra «Neftçi» status-kvonu bərpa etdi. Cərimə zərbəsindən Elcan Əbilovun qapıya endirdiyi zərbəni «Qarabağ»ın qapıçısı Ərtoğrul Quliyev geri qaytarsa da, topa hamıdan tez özünü çatdıran Oruc Məmmədov bərabərlik qolunu vurdu. Matçın qalan dəqiqələrində tərəflər bir neçə dəfə qol imkanları yaxaladılar. Lakin matçda başqa qol qeydə alınmadı.
«Qarabağ»ın baş məşqçisi Xəyal Həsənovun fikrincə, qonaqların heyətində ən yaxşı Ayxan Süleymanlı idi. «Neftçi»nin çalışdırıcısı Eldəniz Məmmədova görə isə «Qarabağ»dan ən çox gözəçarpan Vasif Fərəcəv idi.

 

«Sumqayıt» - «Zaqatala» 4:0
Qollar
: Mübariz Hüseynzadə, 37, 60; Sənan Ağayev, 65; Amin Ağayev, 70+1

 

«Mil-Muğan» - «Neftçi» İK İB 3:4

 

«Zirə» - «Xilə» 0:0

 

«Qəbələ» - İsgəndər Cavadov BFA 11:0

 

«Sabah» - Gəncə TİM 9:0
Qollar:
Firəddin Abdullayev, 3, 38; Cavid Adnayev, 12; Şahmar Aşurov, 14, 28; Elxan Zeynalabdinzadə, 41; Əmirxan Qurbanov, 51; Ayxan Qələndərli, 54; Fərrrux Məmmədov, 70

 

U-15 Liqasında 6-cı turun oyunları noyabrın 3-də keçiriləcək: «Xilə» - «Qəbələ», «Neftçi» İK İB – «Zirə», «Zaqatala» - «Mil-Muğan», «Neftçi» PFK – «Sumqayıt», «Səbail» - «Qarabağ», «Sabah» - «Keşlə», Gəncə TİM – İsgəndər Cavadov BFA. Oyunların başlama vaxtı və yeri haqqında əlavə məlumat verəcəyik.

 

«Het-trik news» qəzeti

 

Xəbər xətti