"Sumqayıt"da Aleksey İsayev səfərbərliyi

01:06 - 21 Dekabr 2018

Mövsümün ilk yarısında 12 xal toplayan və ölkə kubokunun 1/4 final mərhələsində "Neftçi"ni mübarizədən kənarlaşdıran "Sumqayıt" qış fasiləsində heyətini qorumağa və gücləndirməyə çalışacaq.

 

Sportal.az xəbər verir ki, komandanın liderlərindən biri olan Aleksey İsayevin elçiləri çoxalıb. Bir neçə iddialı klubun hədəfində olan futbolçunun "Sumqayıt"la 1,5 illik müqaviləsi mövcuddur. Bu səbəbdən də 23 yaşlı futbolçunu transfer etmək istəyən klub "gənclik şəhəri" təmsilçisinə təzminat ödəməlidir. "Transfermarkt"da Azərbaycan vətəndaşlığı olan futbolçunun qiyməti 400 min avro göstərilir və o, klubun ən bahalı oyunçusu statusuna sahibdir. "Sumqayıt" komandanın onurğa sütunu ilə qışda vidalaşmaq niyyətində deyil.

 

Qeyd edək ki, “Yenisey”in yetirməsi olan Aleksey İsayev 2014-cü ildə Krasnoyarsk təmsilçisinin əsas heyətinə yüksəlib. 2016-cı ilə qədər “Yenisey”in şərəfini qoruyan yarımmüdafiəçi 35 oyunda 3 qola imza atıb. 2016-cı isə “Zenit”ə transfer olunan futbolçu komandanın əvəzedici heyətində 24 matçda forma geyinib. Ötən mövsümü isə icarə əsasında yetirməsi olduğu “Yenisey”də keçirmiş İsayev Krasnoyarsk təmsilçisinin heyətində 25 qarşılaşmada 2 qol vurub və komandası ilə birlikdə Rusiya Premyer Liqasına yüksəlib. İsayev yayda "Sumqayıt"la iki ilik müqavilə bağlayıb.

Xəbər xətti