Vüqar Nadirovun komandası "transfer bombası"na hazırlaşır: Vaqif Cavadov həyəcanı!

21:21 - 10 Yanvar 2019

Region Liqasında yarışan "FC Baku" klubuna tanınmış azərbaycanlı futbolçular yığılmaqdadır. Vüqar Nadirovun ardınca Kamran Abdullazadə, Tərlan Qasımlı, Aleksandr Şemonayev, Murad Səttarlı kimi futbolçular da paytaxt klubuna üz tutublar. Qarşısına I Divizion, daha sonra isə Premyer Liqaya vəsiqə qazanmağı qoyan klub rəhbərliyi bu yöndə böyük işlər görmək üçün qollarını çırmalayıb.

 

Sportal.az saytının əldə etdiyi məlumata görə, "FC Baku" Premyer Liqa təmsilçisi "Keşlə"dən ayrılan Vaqif Cavadovu hədəfə alıb. Paytaxt klubunun radarına düşən millimizin sabiq üzvü isə Premyer Liqa klublarının birindən təklif gözləyir. Bu da reallaşmasa, Cavadov Türkiyə və Rusiyanın aşağı liqa klublarına keçməyə cəhd edəcək. Əgər Vaqifin həmlələri nəticəsiz qalsa, onu "FC Baku" formasında görə bilərik.

 

29 yaşlı futbolçu millidə və "Qarabağ"da çiyin-çiyinə oynadığı Vüqar Nadirovla yenidən eyni komandada oynamağa müsbət yanaşır. Çünki paytaxt klubu da qarşısına böyük hədəflər qoyub.

 

Region Liqasındakı əsasnaməyə görə, peşəkar futboldan ayrılan futbolçu 6 ay futbolsuz qalandan sonra həvəskar liqaya qoşula bilər. Buna görə də "FC Baku" Vaqifi klub tapmasa, mövsümün sonuna kimi gözləməli olacaq.

 

Qeyd edək ki, Moskvanın ÇSKA klubunun yetirməsi olan Vaqif Cavadov karyerası ərzində "Qarabağ", "Tvente", "Bakı", "Volqa", "İnter" (Bakı), "Qaziantep BB", "Boluspor", "Xəzər Lənkəran", "Qəbələ", "Sumqayıt", AZAL və "Keşlə" klublarında forma geyinib. Cavadov millidə 57 oyuna 9 qol vurub.

Xəbər xətti