"Hər şey göz qabağında idi. Layiq olan komanda qalib gəldi. Rəqib həm yaxşı oynadı, həm də xarakter göstərdi. "Zirə" hazırda yüksəliş dövründədir. Belə komanda yaratdığı üçün Rəşad Sadıqovu təbrik edirəm. Öz vəziyyətimizə isə təəssüflənirəm".
Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze ölkə kubokunun yarımfinal mərhələsinin "Zirə" ilə cavab matçından sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını cavablandırıb.
- Premyer Liqanı tərk etmisiz, bu gün kubok da əldən getdi. Necə düşünürsünüz, Premyer Liqadan düşməyi ləğv etmək olar?
- Deyiləcək sözüm yoxdur. Bu, mənim səlahiyyətlərimə daxil deyil. Mənim öz işim var. Belə durumda olmağımız əzabvericidir. Amma fakt faktlığında qalır. Görək nə baş verir.
- Feras Abu Akalla yolların ayrılmasının səbəbi nədir?
- Düşünmürəm ki, bu gün bizim problemimiz Ferasdır. Bundan daha qlobal problemlərimiz var. Səbəbini Ferasdan soruşun.
- Növbəti mövsümdə heyətin neçə faizi dəyişəcək?
- Mövsümün sonunu gözləyək. Klub rəhbərliyi ilə münasibətlərim yaxşıdır. Klubun bu vəziyyətdə olması həm bizi, həm də sizi məyus edir. Komanda sonuncu yerdədir, kubokda mübarizəni dayandırdı. Vəziyyət çətindir. Amma mənim həmişə devizim belə olub ki, komanda hansı vəziyyətdə olsa da, müqavilə şərtlərinə əməl etməlisən. Futbolçular da peşəkar olduqları üçün öz işlərini sona kimi görməlidir.
- Qalan 5 oyunun hamısında qələbə qazanıb rəqibinizin isə bütün matçlarda məğlub olacağına inanırsınız?
- "Kəpəz"in baş məşqçisi düzgün qeyd edib ki, hər kəs özünü fikirləşməlidir. Mən də o fikirdəyəm.
Elçin Əlixan
saytlarin hazirlanmasi