Vüsal İsgəndərli "qan ağladı": "İnqilab Məmmədovun qərarı mənə qaranlıq qalıb"

15:55 - 11 Fevral 2019

“Oyundan sonra epizoda diqqətlə baxdım. Orada heç rəqibə toxunmamışdım. Əslində, Kirilo Petrov mənə qarşı kobud oynamışdı. Mənə isə sarı vərəqə göstərildi”.


Bu sözləri Sportal.az-a açıqlamasında “Keşlə”nin hücumameyilli yarımmüdafiəçisi Vüsal İsgəndərli deyib. Premyer Liqanın 16-cı turunda “Neftçi” ilə səfər görüşünün 37-ci dəqiqəsində Kirilo Petrovla mübarizə zamanı sarı vərəqə alan 23 yaşlı futbolçu qərarla razı deyil. Vüsal baş hakim İnqilab Məmmədvoun yanlış qərar verdiyini deyib:
 

“Hakimə ona görə etiraz etdim ki, bu, mövsümdə 4-cü sarı vərəqəm idi. Bu səbəbdən də 17-ci turu buraxmalı oluram. Komandanın vəziyyəti heç də yaxşı deyil, oyun buraxmaq problemlidir. Buna görə etiraz edirdim. Orada heç sarı vərəqəlik bir şey yox idi. Mənə hələ də qaranlıq qalıb. Qayda pozuntusu qeydə alınanda komanda yoldaşlarım ruhdan düşməmək üçün “bravo” dedim. İnqilab Məmmədovdan səbəbini soruşanda bildirdi ki, qərarıma hörmətsizlik etmisən. Məmmədov məni tanıyır, bilir ki, belə şey etmərəm. Hakim qərarlarına sərt təpki verən deyiləm. Mən heç nə etməmişəm. Klub buna görə şikayət etməlidir. Məncə, sarı vərəqəm ləğv ediləcək”.

 

İsgəndərli ikinci qola səbəb penalti epizodu barədə bunları deyib:


“Şəxsi fikrimcə, penalti yox idi. Dabo mövqeyini yıxılmaq üçün seçmişdi. Bir toxunuş dəysəydi, özünü yerə ayacaqdı. Bu da baş verdi. Ancaq “Neftçi”nin qələbəsinə kölgə salmaq olmaz. Hakim də bir insandır. Futbolçu da, məşqçi də səhv edir. Hakim də səhvlər edə bilər”.

 

Baş məşqçi Tərlan Əhmədovla birgə çalışmağın xoş olduğunu deyən gənc futbolçu “Keşlə”nin son pillədən qurtulması üçün çalışacaqlarını sözlərinə əlavə edib:


“Vəziyyəti dəyişməyə çalışacağıq. Böyük təcrübəyə sahib deyiləm. Tərlan Əhmədov kimi baş məşqçiylə bu vəziyyətdən çıxmalıyıq. Belə bir baş məşqçiylə çalışmaq hər futbolçuya qismət olmur. Mən və Amil Yunanov qol vura bilməsək də, bizə çox böyük dəstək olur, güvənir. Bu vəziyyətdən çıxmaq istəyirik”.

 

Xəbər xətti