"Neftçi", yoxsa "Qarabağ"? QEYD

12:12 - 28 Fevral 2019

“Neftçi” qış fasiləsinə “Qarabağ”ı üç xal qabaqlayaraq, birinci yollanmışdı. Fasilədən sonra dörd tur oynanıldı və xallar artıq bərabərləşib. Dörd oyuna beş xal toplayan “Neftçi” “Qarabağ”ın liderliyə şərik olmasına elə özü şərait yaratdı. Sanki mübarizə yenidən start götürüb.

 

“Neftçi”nin artıq toparlanması lazımdır. Son illərin ən yaxşı “Neftçi”si uzun fasilədən sonra çempionluğa bu qədər yaxın görünür. Ancaq paytaxt klubunun yersiz xal itkiləri sabit və oturuşmuş heyətə malik olan “Qarabağ”ı bir qədər də inamlandırıb.

 

Əgər “Neftçi” mövsümü ikinci pillədə başa vursa, ötən mövsümlərlə müqayisədə yaxşı nəticə sayılacaq. Əlbəttə, “ağ-qaralar” hər zaman çempionluq üçün yarışan komanda olub. Lakin reallıqları da nəzərə alaraq deməliyik ki, Kamran Quliyevlə Ceyhun Sultanovun kluba rəhbər təyin edilməsindən sonra autsayder komanda artıq çempionluq uğrunda yarışır. Bu baxımdan da klubda işlərin artıq yaxşı şəkildə qurulduğunu söyləmək olar.

 

Mövsümün sonuna on tur qalıb. “Qarabağ”la “Neftçi” yalnız sonuncu turda qarşılaşacaqlar. İndidən həmin görüşün çempionluğun taleyini həll edəcəyəyini düşünənlər var. Həmin matça kimi komandalar çox büdrəməsə, bunun baş vermə ehtimalı böyükdür.

 

“Neftçi” son on oyunun yarısını evdə keçirəcək. Üstəlik, son turda “ağ-qaralar” “Qarabağ”la matçı doğma meydanında keçirəcək. Bu da bir qədər komandanın xeyrinədir. Roberto Bordinin kollektivi son tura qədər qarşılaşacağı rəqibləri məğlub etməldir. Çünki hamısı aşağı-yuxarı münasib rəqiblərdir.

 

“Qarabağ” isə altı oyunu səfərdə keçirməli olacaq. “Neftçi”nin ciddi rəqabəti ilə üzləşən ağdamlılar artıq xal itirmə limitinə son qoymalıdır. Son beş ilin çempionu təcrübəsi baxımından bəlkə də bu yolda bir addım görünə bilər.

 

19-cu tur
“Neftçi” – “Sabah”
“Keşlə” – “Qarabağ”

 

20-ci tur
“Qarabağ” – “Zirə”
“Sumqayıt” – “Neftçi”

 

21-ci tur
“Neftçi” – “Qəbələ”
“Səbail” – “Qarabağ”

 

22-ci tur
“Sumqayıt” – “Qarabağ”
“Keşlə” – “Neftçi”

 

23-cü tur
“Qəbələ” – “Qarabağ”
“Neftçi” – “Zirə”

 

24-cü tur
“Səbail” – “Neftçi”
“Qarabağ” – “Sabah”

 

25-ci tur
“Qarabağ” – “Keşlə”
“Sabah” – “Neftçi”

 

26-cı tur
“Neftçi” – “Sumqayıt”
“Zirə” – “Qarabağ”

 

27-ci tur
“Qarabağ” – “Səbail”
“Qəbələ” – “Neftçi”

 

28-ci tur
“Neftçi” – “Qarabağ”

 

 

 

 

Xəbər xətti