Klub prezidenti: "Heç kimə yuxarıdan aşağı baxan deyilik"

15:23 - 7 Mart 2019

Dünən AFFA-nın Futbol Akademiyasında Region Liqasının 2018/2019-cu il mövsümünün final mərhələsinin püşkü atılıb.

 

Cütlər belədi: İmişli – FC Baku, Füzuli – Ümid (Cəlilabad), Şirvan (Ağdaş) – Ağsu Siti, Şahdağ (Qusar) - Göyəzən (Qazax), Salyan – Energetik (Mingəçevir), Uğur Sumqayıt – Alyans.

 

Birinci pley-off mərhələsinə 9-10 mart tarixində start veriləcək. Cavab görüşləri isə 16-17 martdə keçiriləcək.


Sportal.az xəbər verir ki, «FC Baku»nun prezidenti püşkatma ilə bağlı sportinfo.az-a fikirlərini bildirib:

 

«Paytaxt-Şimal zonasının lideri olaraq pley-off mərhələsinə vəsiqə qazanmışıq. «İmişli» rayon komandasıdı, bizə çox çətin olacaq.

 

Səfər və azarkeş amili də var. İmişli futbolçularının oynadığı meydança Bakıdakı stadionlardan fərqlidi.

 

Şərtlər 22 oyunçu üçün də eynidi, ona görə də çalışıb öz oyunumuzu göstərməliyik. Səfərdən qənaətbəxş nəticəylə dönmək fikrimiz var.

 

Daha sonrakı mərhələ haqda danışmaq hələ çox tezdi. Çünki bu, indiki rəqibimizə qarşı hörmətsizlik olar.

 

Ümumiyyətlə, bizə ən çətin «səbət» və ən çətin rəqib düşüb. Püşkatmayla bağlı baş məşqçimiz Cavid Rəhimovla söhbətimiz oldu. O da deyir ki, meydan düz, top yumrudu, bütün rəqiblərə hörmətlə yanaşmalıyıq.

 

«FC Baku» heç kimə yuxarıdan aşağı baxan deyil. Komanda olaraq ötən ilin iyun-iyul aylarından bir yerdəyik və ilk gündən sözü bir yerə qoymuşuq ki, məqsəd ən yüksək hədəflərə çatmaqdı.

 

İnşallah, çempion olmaq istəyirik. İndi yalnız «İmişli» ilə oyunları fikirləşirik».

Xəbər xətti