Sənan Qurbanov: "Qələbə qazanmaq üçün meydanda heç nə etmədik"

16:58 - 1 Aprel 2019

“Qələbə qazanmaq istəyirdik. Amma bunun üçün meydanda heç nə etmədik. Bu gün ümumilikdə pis oynadıq".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının XXIII turunda "Sabah"la heç-heçə etdikləri matçı dəyərləndirərkən deyib.  

 

Gənc çalışdırıcı zəif oynadıqlarını etiraf edib: "Heyətdəki dəyişikliklər rəqibə total təzyiq etməyə hesablanmışdı. Topa daha çox nəzarət etməli idik. Amma planlarımız alınmadı. Sadə top itkilərinə yol verdik. Məni çox təəccübləndirən o oldu ki, fasilə dövründə yaxşı hazırlıq keçmişdik. Məşq prosesi və yoxlama oyununda futbolçular istəkli idilər. Yalnız Stiven Monrozla Vojislav Stankoviç hazırlıqlarda tam iştirak edə bilməmişdi. Onlar fərdi hazırlıq keçirdilər. Monroz bu gün də zəif təsir bağışladı. Elementar top itkilərinə yol verdik, hücum qurmaqda çətinlik çəkdik. Futbolda belə hallar olur”.

 

Qeyd edək ki, "Qəbələ" və "Sabah" komandaları arasında baş tutan görüş qolsuz bərabərliklə başa çatıb.  

Xəbər xətti