Qurban Qurbanov - 47!

12:12 - 13 Aprel 2019

Bu gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətar gündü. Ölkə futbolunun ən uğurlu simalarından biri, məşqçi kimi bir çox ilklərə imza atan mütəxəssisin 47 yaşı tamam olur.

 

Futbolçu kimi Azərbaycan millisinin ən yaxşı bombardiri olan Qurbanovun məşqçilik karyerası daha parlaqdı. İlk iş yeri olan "Neftçi"də ölkə çempionatının gümüş medalına yiyələnən mütəxəssis komanda ilə UEFA kubokunda çıxış edib. Onun sonrakı uğurları isə "Qarabağ"la bağlıdı. Əvvəlcə 2009-cu ildə Ağdam klubu ilə ölkə kubokunu qazanan Qurbanov daha sonra bu kolleksiyaya daha ikisini əlavə etdi. Mütəxəssis kubokdan əlavə, komandanı ardıcıl 5 dəfə Azərbaycan çempionluğuna daşıyıb.

 

Qitəmiqyaslı yarışlarda da uğurları sıralayan Qurbanov ardıcıl 3 dəfə komandasını Avropa Liqasının qrup mərhələsinə yüksəltdi. 2017/18 mövsümündə isə təcrübəli mütəxəssis "Qarabağ"la Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla ölkə futbolunda yeni tarix yazdı. Onun komandası Avropa Liqasının 2018/19 mövsümündə də qrup mərhələsində oynamaqla qitəmiqyaslı yarışların əsas mərhələsində mübarizə aparmaq ənənəsini pozmadı.

 

Qurban Qurbanova bundan sonrakı həyatında və karyerasında uğurlar arzulayırıq.

Xəbər xətti