Zaur Həşimov: "Kuboku Tale Heydərova həsr edirik"

Azərbaycan kubokunun “Qəbələ” və “Sumqayıt” arasında final oyunundan (1:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Zaur Həşimovun mətbuat konfransı keçirilib.

 

Sportal.az xəbər verir ki, gənc mütəxəssis öncə qələbəni şərh edib:

 

“Az öncə kuboku qazandıq. Çox sevindiricidir ki, “Qəbələ”nin neçə illik həsrətinə son qoyulmasının qələbə şərhini verirəm. Bu qələbəni kimə həsr edəcəyimizi soruşsanız, bir nömrəli cavab Tale Heydərov olacaq. Futbolçular məsuliyyəti başa düşərək meydanda əllərindən gələni etdilər, qarşıya qoyulan məqsədə nail oldular. Oyun ağır keçdi. Çox güman ki, bu, hava şəraiti, dağlıq ərazidə oynamağımızla bağlı idi. Hər iki komanda çətinlik çəkdi, boğulmalar baş verirdi. Qələbənin məsuliyyəti futbolçuları gərginlikdə saxlayırdı. Hamısına təşəkkür edirəm. Qəbələ şəhərini, yanımızda olan hər kəsi təbrik edirəm”.

 

Həşimov oyunun axarına da şərh verib: “Oyunun sonlarına yaxın geri çəkildik. Qələbə məsuliyyəti arxada oynamağa vadar etdi. İlk hissədə qoldan sonra da yaxşı hücumlar təşkil etdik, bir neçə qol imkanımız da oldu. Fasilədən sonra rəqib də bizi müdafiə olunmağa məcbur etdi. Rəqibin baş məşqçisi Ayxan Abbasova da təşəkkür düşür. Çünki “Sumqayıt”ın finala çıxması da nailiyyət idi”. 

 

Mütəxəssis oyunun fasiləsində komandaya verilən tapşırığın nədən ibarət olduğunu açıqlayıb: “Fasilədə futbolçulara təxminən 10 dəqiqə heç nə deyilmədi. Su fasiləsi verildi və onların özlərinə gəlməsinə vaxt ayırdıq. Bu, oyundan deyil, sıxıntıdan əmələ gələn boğulma ilə bağlı idi. Onlara tapşırdıq ki, oyuna başladığımız kimi davam edək. Qol imkanları olsa, istifadə etməliyik. İkinci 45 dəqiqə “Qəbələ”də üç final oynayan futbolçular üçün çox önəmli idi. Onlara bunu xatırladaraq meydana buraxdıq”.

 

Baş məşqçi bildirib ki, UEFA Avropa Liqasına vəsiqə qazanan komandanın turnirə hazırlıq planları və transfer çalışmaları barədə danışmaq hələ tezdir: “Avrokuboklarla bağlı planlar barədə qəti söz deyə bilmərəm. Bu gün üçün belə plan hazır deyil. Hansı dəyişiklər olacağı barədə danışılmayıb. Bu gün kubokun qazanılması məsələyə aydınlıq gətirə bilər”.

Tarix: 19 May [20:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 İyun 2019
15  İyun 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio