Adı "Neftçi" ilə hallanan futbolçu "Levski" yolunda

15:51 - 22 May 2019

Rumıniyanın "Botoșani" klubu müqaviləsi başa çatan italiyalı futbolçu Dieqo Fabbrininin yeni klubu müəyyənləşmək üzrədir.

 

Sportal.az fanatik.ro-ya istinadən xəbər verir ki, "Neftçi"nin maraqlandığı iddia edilən futbolçuya Rumıniyanın "Dinamo" klubu təklif göndərib. "Xəzər Lənkəran"ın sabiq çalışdırıcısı, hazırda Buxarest klubunun baş məşqçisi olan Mirça Rednik italiyalı hücumçunun transferini rəhbərlikdən israrla tələb edib. "Dinamo" hücumçuya bonuslarla birgə aylıq 15 min avro maaş təklif edib.

 

Ancaq Fabbrini karyerasını Bolqarıstanda davam etdirməyə yaxındır. 28 yaşlı futbolçu Sofiya "Levski"si ilə anlaşmaq üzrədir.

 

Fabbrininin agenti Florin Manea gələn həftə hər şeyə aydınlıq gələcəyini bildirib: "Dieqo ilə görüşəcəm və birlikdə qərar verəcəyik. Çox yaxşı təklif olan Səudiyyə Ərəbəsitanı daxil olmaqla bir sıra təkliflər var. Bu səbəbdən "Dinamo"nun transferdə nə qədər şanslı olduğunu təxmin edə bilmirəm. Gələn həftə hər şeyə aydınlıq gələcək".

 

Daha öncə tuttomercatoweb.com saytı "Neftçi" ilə yanaşı və "Qarabağ"ın Fabbrini transferində maraqlı olduğunu qeyd etmişdi.

 

İtaliyalı futbolçu "Empoli" yetirməsidir və peşəkar karyerasına bu klubda başlayıb. Fabbrini "Udineze", "Palermo" "Uotford", "Syena", "Milluol", "Birmingem", "Midlzbro", "Spetsiya", "Real Ovyedo" klublarında oynayıb. O, 2018-ci ildən Rumıniyanın "Botoșani" klubunda çıxış edirdi və meydana çıxdığı 30 oyunda 5 qol vurub, 4 assist edib.

 

Fabbrini 12 dəfə İtaliyanın U-21, 1 dəfə isə əsas millisində forma geyinib. O, 2012-ci ildə Mario Balotellinin zədələnməsindən sonra yığmaya dəvət almışdı və İngiltərə ilə yoldaşlıq görüşündə meydana çıxmışdı.

Xəbər xətti