Nikola Yurçeviç: "Macarıstanla oyunda müdafiədə oturmaq fikrimiz yoxdur"

18:33 - 7 İyun 2019

Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç yığmanın AVRO-2020-nin seçmə mərhələsində sabah Macarıstana qarşı keçirəcəyi matçdan öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib:

 

- Artıq 3 həftədən çoxdu ki, komanda ilə bir yerdəyik. Bəzi futbolçular yeni qoşulub. Çox şadam ki, heç bir zədəlimiz yoxdu. Dünən Riçard Almeydanın kiçik problemi var idi. Ancaq bu gün o, yaxşıdı və sabah oynaya biləcək. Yeganə itkimiz Eddi İsrafilovla bağlıdı. 3 gün sonra Slovakiya ilə oyunumuz var. İndi yalnız Macarıstanı düşünürük. Bu komandanın gücü bəllidi. Xorvatiya kimi komandaya qalib gəliblər. Rəqibi təhlil etmişik. Sabahkı oyunla bağlı optimistəm.

 

- Bildiyimizə görə, qapıda Səlahət Ağayev qoruyacaq. Niyə Emil Balayev yox, Səlahət Ağayev?
- Bu suala cavab vermək çox asandı. İlk oyunda Səlahət yaxşı çıxış etmişdi. Emil də yaxşıdı, ancaq qapını Səlahət qoruyacaq.

 

- U-21 millisi dünən Lixtenşteynə uduzdu və bu, rəqib komandanın tarixində ilk qələbə idi. Həmin məğlubiyyət sabahkı oyun öncəsi sizə necə təsir edir?
- Bizim sabahkı oyuna bu, heç cür təsir etməyəcək. Fərqli görüşlərdi. Həmin matçı izlədim. Ağır məğlubiyyət oldu. Erkən qol komandaya pis təsir etdi. Buna baxmayaraq, komanda yaxşı çıxış etdi. Bizim U-21 komandamız çox yaxşıdı. Əmin edirəm ki, növbəti oyunlarda daha uğurlu çıxış edəcəklər.

 

- Macarıstan millisi Bakıya optimal heyətlə gəlib və ilk dəqiqələrdən qol vurmağa çalışacaq. Bu təzyiq barədə nə fikirləşirsiz, erkən qol buraxsaq, necə olacaq?
- Futbolda hər şey mümkündü. Həmçinin sabah erkən qol buraxmağımız da. Ancaq pozitiv olmalıyıq. Neqativ düşünmək istəmirəm. Özümüz yaxşı oyun göstərməyə çalışacağıq. Macarıstan erkən qol vursa, əlimizdən gələni edəcəyik ki, bunun əvəzini çıxaq.

 

- Xorvatiya ilə matçda komanda üzərində təzyiq yox idi və rahat oynayırdı. Sabahkı oyunda isə hamı sizdən qələbə gözləyir...
- Biz başa düşürük ki, fərqli oyunlar olacaq. Xorvatiya ilə matçda çoxlu müsbət məqamlar var idi. Sensasiya edə bilərdik. Sabah isə evdə oynadığımız üçün hücuma daha çox can atacağıq və çalışacağıq ki,d üzgün balansı qoruyaq. Komandamdan daha çox qol şansı gözləyirəm.

 

- Start heyətini açıqlaya bilərsiz?
- Mən deyə bilmərəm ki, ilk dəqiqələrdən kim oynayacaq. 1-2 dilemmam var. Xorvatiya ilə oyundakı futbolçuların əksəriyyəti çıxış edəcək.

 

- Lixtenşteynlə dünənki matçdan sonra həmkarınız Milan Obradoviç bildirib ki, məğlub olsaq da, düzgün yoldayıq. Sizcə, Lixtenşteynə məğlubiyyət düzgün yolda olmağın göstəricisidi?
- (Gülür) Uduzmaq düzgün yol deyil. U-21-in baş məşqçisinin fikirlərini şərh etmək istəmirəm. Ola bilər ki, başqa bir şey nəzərdə tutub. Bəlkə də, demək istəyib bu məğlubiyyətdən nəticə çıxarmalı və səhvlərin üzərində işləməliyik.

 

- Macarıstan Bakıya 3 xal üçün gəldiyini gizlətmir. Hansı oyun üslubunu seçəcəksiz: hücum, yoxsa əks-hücum?
- Macarıstan çox güclü komandadı. Yaxşı futbolçuları var. Güclü çempionatlarda çıxış edirlər. Biz daha yaxşı çıxış edə bilərik. Sabah müdafiədə orutmayacağıq. Çalışacağıq ki, müdafiə və hücumla bağlı balans yaradaq. Xorvatiyaya qarşı oyunla müqayisədə daha hücymameylli oynamağı düşünürük.

Xəbər xətti