Hansı hədəf? YAZI

15:15 - 12 İyun 2019

Yenə məğlub olduq... Milli uzun müddət idi ki, bu şəkildə uduzmurdu.

 

Yanlış siyasətlə quyunun dibindəyik, yalnız bir çıxış yolu qalıb. O da sistemi kökündən dəyişmək.

 

Millətlər Liqasındakı uğursuzluğu AFFA baş məşqçidə görmüş və dəyişiklik etmişdi. İndi görünür ki, günah Robert Prosineçkidə, Qurban Qurbanovda və Nikola Yurçeviçdə deyil. Vəziyyət yenə eynidir: “köhnə hamam, köhnə tas”.

 

DÇ-2018-in seçmə mərhələsində “Niyə də yox”la baş aldadıldı, Millətlər Liqasında hədəfə çatmaq mümkün olmadı. İndi AÇ-2020-yə vəsiqə ilə bağlı uydurulan nağılları gerçəkləşmədi.

 

Slovakiya ilə oyundan sonra AFFA rəhbərliyi baş məşqçi Nikola Yurçeviçlə uzun müddət söhbət edib və hesabat tələb edib.

 

Yurçeviç postundan göndərilsə də, millinin hansısa uğur qazanmaq potensialı yoxdur. Qrupun ən zəif bəndi Azərbaycan milli komandasıdır. Bunu hamı deyir, amma AFFA çürük meyvələri ola-ola baş məşqçidən uğur tələb edir.

 

AFFA yeni baş məşqçinin qarşısına AÇ-2020-yə vəsiqə qazanmaq hədəfi qoymuşdu. Yurçeviç isə heç bir açıqlamasında bu məsələni təsdiq etməyib. O, bacardıqlarının ən yaxşısını etmək üçün çalışacaqlarını deyir.

 

Əgər belə idisə, niyə aldadılırıq? Nə vaxta kimi ölkə futbolu 5-10 nəfərin şəxsi biznesi olacaq?

 

Yurçeviç bu yolda qurbanlardan biridir. “Hədəf”ə nail olmadığı üçün postundan göndəriləcək, vəzifə savaşında olanlar planlarına davam edəcək.

 

Hər uğursuzluğa görə baş məşqçilər dəyişəcək və yeniləri gələcək. Vaxt itirə-itirə gedəcəyik. Nə zaman AFFA-da rəhbər şəxslərdən biri məsuliyyəti öz üzərinə götürüb, ölkə futbolunu kor günə qoyduqlarını etiraf edəcək?

 

“Yuxarı”dan etiraz gələn kimi günahlar baş məşqçinin üzərinə yıxılır, kürsüdə əyləşənlər sudan quru çıxır. Dünən də belə oldu. Slovakiya ilə oyunda günah futbolçularda tapıldı, Yurçeviçdən hesabat tələb edildi.

 

Xorvatiyalı mütəxəssislər də Yurçeviçin güclü baş məşqçi olmadığını və yaxşı köməkçi olduğunu deyir. Ancaq bu gün Yurçeviçi tənqid etməmişdən öncə bir addım da qabağa gəlib, əsl günahkarların kim olduğunu və futbol adıyla xalqı talayanları görmək lazımdır.

 

Mehman Əşrəfov

Xəbər xətti