İtaliya klubunun baş məşqçisində ağır xəstəlik tapıldı: "Ağladım, ancaq qorxu göz yaşları deyil"

İtaliyanın “Bolonya” klubunun baş məşqçisi Sinişa Mihayloviçdə qan xərçəngi aşkar edilib.

 

Sportal.az “Football Italia”ya istinadən xəbər verir ki, serbiyalı mütəxəssis xüsusi mətbuat konfransında bu barədə danışıb:

 

“Ümid edirəm ki, bu savaşdan qalib ayrılıb, yenidən əvvəlki günlərə qayıdıb, qarşınıza çıxacam. Təəssüf ki, bu həyatda mənə heç bir şey verilmədi. Həmişə mübarizə aparmaq məcburiyyətində qaldım. Mən bununla da mübarizə aparacam.

 

Bu xəstəliyə düçar olan son insanlardan biriyəm. Məşq edirəm, çalışıram, güclü insanam. Fevralın 28-də müayinədən keçmişdim, amma problem aşkarlanmamışdı.

 

May ayına kimi hər gün çalışdım, məşq etdim, səyahətə yollandım, futbol oynadım, avar çəkdim, özümü yorğun və narahat hiss etmirdim. 

 

Atam xərçəngdən vəfat edib. Mütamadi olaraq, müayinə olunuram. Bir il ərzində müayinə olunmasaydım, nəsə büruzə verməyəcəkdim.

 

Həyatda heç birimiz yıxılmayacağımızı düşünməməliyik. Hamınız mənim başıma gələnin yaşana biləcəyini düşünürsünüz. Əmin olun ki, belə olsa, şok olarsınız. O zaman tək ümid gözləmək olur...

 

Əgər məşhur insan kimi xəstəliyə qalib gəlsəm, ümid edirəm ki, digər insanların özlərinə nəzarət etmələrində, xəstəliyə qarşı mübarizə aparmaqlarında kömək olacam. Çox mükəmməl sağlamlığa sahib idim, indi də güclü hiss edirəm.

 

Həyat bir anda insan üçün dəyişə bilər. Yatan zaman yuxuda bir kabus görürsünüz və ayılan kimi hər şeyin real olmadığını anlayırsınız. Ancaq günlərlə yatırsınız və anlayırsınız ki, bu xəstəlik kabus deyil, gerçəkdir.

 

Siz də müayinədən keçin, başlanğıcdan mübarizə aparın, belədə asan olur.

 

“Bolonya” klubunun prezidentinə, rəhbərliyə minnətdaram. Əsl ailə olduqlarını göstərdilər. Oyunçular da məni sevir. Bu, mənim üçün çox önəmlidir. Bu savaşı qazanacam, amma məni sevən insanlara ehtiyacım var. Ailəmdən, dostlardan və həmkarlarımdan bunu gördüm.

 

Gizlətməyəcəm, göz yaşlarımı saxlaya bilməyib, ağladım. Ancaq kiminsə halıma acımış kimi ağlamağını xoşlamıram.  Kimsə halıma acımamalıdır, mən yaxşıyam.

 

Duyğulara çarpan bir şey var: sevgi!

 

Son bir neçə gündə 600-700 dəstək mesajı almışam. Ancaq özümə zaman ayırmaq üçün mesajlara cavab yazmadım, buna görə də üzr istəyirəm. Geri dönüb, savaşa başlayacam.

 

Testlərin cavabını eşidəndə şoka düşdüm. Yaşadığım günlər gözümün qarşısından keçdi. Ağladım, ancaq bu, qorxu göz yaşları deyil. Xəstəxanaya gedib, döyüşə başlamaq üçün tələsirəm. Aqressivdir, ancaq bacarmaq mümkündür. Oyunçularımla göz yaşları içində görüşmüşəm. Onlara hücum etməli və qalib gəlməli olduğumuzu dedim. Arxamızı çevirib, müdafiə olunsaq, həmin an vurulacağıq. Bu savaşda taktikalarımı ortaya qoyacam və heç şübhəsiz ki qalib gələcəm. Ailəm, uşaqlarım və məni sevənlər üçün qazanan tərəf olacam!”

 

“Bolonya”nın həkimi Mihayloviçdə aşkar edilən xəstəliyin ilkin mərhələdə olduğunu və müalicənin uğurla başa çatması üçün inamlarının olduğunu deyib.

 

Klubun direktoru Valter Sabatini 50 yaşlı mütəxəssisin komandada işinə davam edəcəyini bildirib. Mihaloviçin “Bolonya”yla müqaviləsi 2022-ci ildə başa çatacaq.

Tarix: 14 İyul [14:08]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Noyabr 2019
19  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio