Qurban Qurbanov: "Artıq şərhə ehtiyac yoxdur, səviyyə fərqi hiss olundu"

23:27 - 19 Sentyabr 2019

Avropa Liqasının qrup mərhələsinin I turunda İspaniyanın “Sevilya” klubuna uduzan (0:3) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

 

Sportal.az xəbər verir ki, 47 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirdi:

 

- İstəməzdik ki, məğlub olaq. Ancaq bu cür rəqibə qarşı 90 dəqiqə mübarizə aparmaq çətindi. Bunu qəbul etməliyik. Matçdan əvvəl də bildirmişdim ki, “Sevilya” çox dinamik komandadı və topla həddən artıq sürətli davranır. Futbolçulara təşəkkür edirəm. Onlar üçün çox ağır idi. Belə komandalara qarşı mübarizədə hər futbolçu öz gücünü bilir.Son vaxtlar bolqollu matçlar çox olur. Rəqibi təbrik edirəm. Həm yaxşı oyuna, həm də qələbəyə görə. Azarkeşlərə dəstəyə görə təşəkkürümü bildirirəm.

 

- Bu oyundakı məğlubiyyət və Kiprdə “Düdelanj”ın qələbəsi bundan sonrakı matçlarla bağlı fikrinizdə nəyisə dəyişdimi?
- Mütləq dəyişdi. Çünki nə qədər ciddi hazırlaşırdıqsa, bu gündən sonra daha ciddi və diqqətli olmalıyıq. Futbolda məğlubedilməz komanda olmur. Bəzən düşünmədiyin nəticələr qeydə alınır. Bütün kollektiv olaraq qrupdakı hər matça hətta bugünkündən daha ciddi hazırlaşmalıyıq.

 

- Oyunda komandaların, İspaniya və Azərbaycan futbolunun, ölkə çempionatlarının fərqi hiss olundumu?
- Məncə, əlavə şərhə ehtiyac yoxdu. Təbii ki, hiss olundu. Həm çempionat, həm futbolçular, həm komandanın oyunu baxımından. Əvvəl də demişdim ki, La Liqa ən çox izlədiyim çempionatdı. İlk qola kimi ciddi mübarizə apara bildik. Bundan sonra daha çox önə çıxmaq istədik və tezliklə bundan istifadə etdilır. Bu, bir daha göstərdi ki, necə güclü, ciddi komandadılar.

 

- Xaymenin əvəzlənməsi nə ilə bağlı idi? Meydanda “Qarabağ”ın ən aktiv oyunçusu idi...
- Xayme 3 gün xəstə oldu. 1-2 kilo çəki də itirmişdi, məşqlərdə iştirak etməmişdi. “Neftçi” ilə matçda da ona istirahət imkanı verdik. Bu gün risk etmədik. Oyun sürətlənmişdi, belədə zədə ehtimalı var idi. Tempi saxlamaq üçün onu Dani ilə əvəzlədik.

 

- Ölkə futbolunun “lokomotiv”i hesab edilən “Qarabağ”ın güclənməyə ehtiyacı olduğu tez-tez deyilir. Araz Abdullayevi meydana buraxanda düşündüz ki, hücum xəttində alternativləriniz çox azdı?
- Əvvəlcədən bildirdim ki, futbolçulara təşəkkür edirəm, sona kimi mübarizə aparmağa çalışdılar. Rəqibi nəzərə almalıyıq. Bu gün əsas oyunçumuz Mahir zədəli idi. Nə qədər imkanımız var idisə, transfer baxımından o qədər istifadə etməyə çalışdıq.

 

- “Sevilya” ilk dəqiqədən sona qədər yüksək tempdə oynadı. Bu da komandanın gücünü çox aldı. Premyer Liqada “Zirə” ilə matçda ehtiyat qüvvə ilə oynayacağınızı gözləmək olar?
- Bir neçə gün vaxtımız var. Dəyişiklikllər ola bilər. Çünki bəzi futbolçular fasiləsiz oynayırlar. Onlara istirahət verə bilərik.

Xəbər xətti