Elxan Məmmədov: "Dron birbaşa futbolçuların üzərinə uça bilərdi"

21:02 - 4 Oktyabr 2019

AFFA-nın baş katibi Elxan Məmmədov AzTV-də yayımlanan "Hədəf" verilişində "Düdelanj" - "Qarabağ" (1:4) oyunu haqqında fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, federasiya rəsmisi futbolçularımızın əzmkarlıq və peşəkarlıq göstərdiklərini deyib:

 

"Səfərdə oynamaq hər zaman çətindir. Buna baxmayaraq, komandamız 4 qol vura bildi. Bu, böyük qələbədir. Çünki adi oyun deyildi. "Qarabağ" artıq bir neçə ildir ki, avrokubokların qrup mərhələsində oynayır. Bu, ənənəyə çevrilib ki, "Qarabağ" və ümumiyyətlə, klublarımız avrokubokların qrup mərhələsində təmsil olunurlar. Bu çox vacib amildir və xalqa da böyük ruh verir".

 

AFFA-nın baş katibi oyun zamanı baş verən erməni təxribatından söhbət açıb:

 

"AFFA olaraq, bəyanat yaydıq və digər beynəlxalq qurumlara, o cümlədən, UEFA-ya üzv olan 54 milli assosiasiyaya göndərdik. Onlar özləri də yəqin ki, klublarına göndərəcəklər. Əlavə olaraq, UEFA rəhbərliyinə və İntizam Komitəsinə rəsmi etiraz məktubu gedib. Həmin məktubda tələb etmişik ki, məsələyə müvafiq qaydada baxılsın və "Jozi Bartel" stadionuna, "Düdelanj"a qarşı sanksiyalar tətbiq olunsun. Amma araşdırmalar mütləq aparılmalıdır".

 

Məmmədov hadisədə təhlükəsizliyə cavabdeh şəxslərin məsuliyyət daşıdıqlarını deyib:

 

"30-cu dəqiqədə stadiona idarə edilən dron daxil olub. 2014-cü ildə keçirilmiş Serbiya - Albaniya matçında belə hal baş vermişdi. O zaman da böyük qalmaqal yaranmışdı. Doğrudan da çox kritik vəziyyət idi. Həmin vaxt matçı dayandırdılar və qərar qəbul etdilər ki, oyun davam etdirilməsin. Daha sonra ciddi sanksiyalar tətbiq olundu. Bu hadisənin ardından UEFA belə məsələlərə çox ciddi yanaşdı və qadağa qoydu ki, artıq heç bir çəkiliş də etmək olmaz. Müraciət gələcəyi halda belə, oyundakı UEFA nümayəndəsinin icazə verməyə səlahiyyəti yoxdur. Buna birbaşa UEFA-nın ofisindən razılıq verilə bilər. Təbii ki, dünən baş verən hadisə qanunsuzluq və təhlükəsizlik baxımından böyük səhv idi. Dron bir neçə dəqiqə futbolçuların üzərində uçuşa davam etdi. Bizdə yazı və sübutlar var ki, həmin dron 10 dəqiqəyədək stadion üzərində olub. Bu çox böyük təhlükə yaradır. Bunu etiraz məktubunda da bildirmişik. Çünki bu dron idarə olunduğundan, istiqaməti dəyişə və birbaşa futbolçuların üzərinə uça bilərdi".

 

Baş katib törədilmiş hadisəni böyük və ciddi siyasi təxribat adlandırıb:

 

"Biz etirazımızı bildirəndə hamısını qeyd edirik. UEFA-nın kitabça formasında xüsusi buraxılışı hər oyundan bir həftə əvvəl qurumun nümayəndəsinə təqdim olunur. Orada qondarma qurumların, digər təxribatçı qrupların "bayraq"larının şəkilləri, təxribatçı sözlər və mesajlar da yer alıb. Onların arasında məhz həmin parçanın da şəkli əksini tapıb. Yəni, bunu təhlükəsizlik xidmətləri də bilir. Çünki onlara öncədən təlimat keçirlər".

 

AFFA rəsmisi "Düdelanj" klubu, Lüksemburq Futbol Federasiyası və "Jozi Bartel" stadionunun cəzalandırılacağını deyib:

 

"Dron havada uçsa da, pultla idarə olunur. Təbii ki, təhlükəsizlik xidmətinin böyük səhvi var. Üstəlik, "Düdelanj" rəhbərliyi də əməkdaşlığa ciddi həvəs göstərməyib. Bununla əlaqədar, rəqib klub cəzalandırılacaq. Çünki UEFA-nın birmənalı intizam qaydaları var. Klub birbaşa 16-cı maddəni pozub. Eyni zamanda Lüksemburq Futbol Federasiyası və "Jozi Bartel" stadionu da məsuliyyət daşıyır".

Xəbər xətti