"Elxan Məmmədov Nazim Süleymanova Lippertin köməkçisi işləməyi təklif etsə, qaça-qaça gedər"

00:08 - 10 Oktyabr 2019

Bu gün Olimpiya Yığmalarının Təlim-məşq Mərkəzində Futbol Veteranları İttifaqının iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, öncə ittifaqın sədri Oqtay Abdullayev çıxış edib. O, Nazim Süleymanovun mətbuatda veteranlar haqda səsləndirdiyi fikirlərinə cavab verib:

 

“Nazim Süleymanov veteranlar haqda danışıb. Bu yaxınlarda bizim seçkimiz oldu. Mən orada dedim ki, kimin nə sözü varsa, buyursun desin. Amma Nazim heç nə demədi orada. İndi deyir ki, mən dörd yerdə işləyirəm. Bəli, işləyirəm. Amma bir neçəsində təmənnasız işləyirəm. “Turan Tovuz”a göndərildim, orada nəticə verdim, komandanı çempion etdim. Nazim Süleymanov yaxşı futbolçudur, onun uğurları olub. Amma onun “mənə görə veteranlar çörəy yeyib” deməsi doğru deyil. O, kimə çörək veribki? Baş məşqçi kimi bir neçə yerdə. Bir məşqçini iki şeyə görə uzaqlaşdırırlar. Ya zəifsən, çalışa bilmirsən, ya da başqa işlər olur. Qurban Qurbanovu niyə uzaqlaşdırmırlar? Çünki o, nəticə verir.

 

Nazim yeni ittifaq quranda mən ona dedim ki, sənə kömək edə bilərəm, gəl oturaq məsləhətləşək. Amma sonradan xəbər tutdum ki, rayonlara gedir. Halbuki mən Nazimi bütün turnirlərə aparırdım, o, mənə ağsaqqal deyir. Amma çıxıb müsahibə verir ki, illik 200-250 min manatlıq pul köçürürlər onlara. Bütün sənədlər var, baxa bilərlər. Özü də həmin pul 250 min deyil, 180-200 min arasıdır. Həmin pullar veteranlara ayrılır, aylıq təqaüdləri, əməliyyatları, tədbirlər üçündür. Yaxınlarda AFFA-ya müraciət etdim və Asif Əliyevin əməliyyatına 8000 manat köçürdülər. Onlar mənə vermədilər ki, birbaşa Əliyevin əməliyyatı üçün köçürdülər. Başa düşmürəm ki, Nazim Süleymanov məndən nə istəyir? Təəssüf ki, o, veteranlar haqda bu cür danışır. Deyir ki, Yunis Hüseynov gedib işləyir. Guya Elxan Məmmədov Bernard Lippertin köməkçisi işləməyi təklif etsə Süleymanov getməyəcək? Hamıdan qabaq, qaça-qaça gedəcək. Vaxt təyin edəcəyik, ona komandası ilə birlikdə görüşməyi təklif edəcək. Hərçən bu təklifi əvvəl də etmişdim”.

 

Tədbirdə iştirak edənlər arasında olan Kazbek Tuayev də məsələ haqda fikirlərini bildirib: “Burada hər kəs Oqtayı sevir və hörmətlə yanaşır. Çünki o, hamıya kömək edir. Bu cür də davam etməsini arzulayıram. Oqtaya onu demək istəyirəm ki, danışırlar, yazırlar, heç vaxt heç nəyə fikir vermə”.

 

Ramiz Məmmədovun məlum məsələyə şərhi bu cür olub: “Nazim Süleymanovun dediyi sözün əsasında burada yığışmışıq. Birlik yaratmaq istəyiriksə, ayda bir dəfə, heç olmasa üç aydan bir görüşmək lazımdır. O zaman bir-birimizə sözlərimizi deyəcəyik və hər şey də yaxşı olacaq. Biri var orda-burda danışmaq, biri də var sözləri bir-birimizə demək. Nazim Süleymanov da burada olsaydı bir-birimizə sözümüzü deyərdik, bu da səmimiyyət olardı. Nazim elə söz deyib ki, hardasa bizə də gəlib toxunur. Düzdür, o, səhv edib. Amma onları da bura dəvət etməliyik. Oqtay Abdullayevin işinə heç kim mənfi nəsə deyə bilməz. O, mənim qohumum deyil. Amma hamının işində daima köməkliyini göstərir. Onun işi həmişə qənaətbəxş olub. Bundan sonra da seçki olsa, Oqtay Abdullayevin yenə bu vəzifədə qalmasını istəyərdim. Məsləhət görürəm ki, Nazim Süleymanovu və kollektivi bura yığaq, aydınlaşdıraq ki, nədi axı narazılıq? Hamımız da Nazimin üstünə düşməyək. Bəlkə nəsə inciklik olub, anlaşılmazlıq olub. Bunu da aydınlaşdırmaq lazımdır. Burada ağsaqqallar var ki, həmin problemi həll edə bilər”.

 

Millinin sabiq qapıçısı Hüseyn Məhəmmədov da məsələyə münasibət bildirib: "Nazim Süleymanov böyük futbolçu olub, buna söz yoxdur. Müsahibəsindəki sözlərə görə, elə çıxır ki, biz onun çörəyini yeyirik. İndiki veteranların söz atışması növbəti nəsilə də təsir edə bilər. Onlar da baxır ki, indiki veteranların sözləri üst-üstə düşmür. Belə olan halda bizdən nə örnək götürəcəklər? Ortaq məxrəcə gəlməliyik. Nazim Süleymanov bizdən böyük nəslin nümayəndəsidir, onlarla danışıb, bir olmalıyıq. Bu parçalanmanın xeyri olmayacaq".

Xəbər xətti