“Qarabağ”dan APOEL-lə oyunda nə gözləyək?

13:35 - 22 Oktyabr 2019

Avropa Liqasının qrup mərhələsinin III turunda “Qarabağ” Kiprin APOEL klubunu qəbul edəcək.

 

Bu komandalar bu mövsüm iki dəfə qarşılaşıb. UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində üz-üzə gələn rəqiblərin duelində Kipr klubu mərhələ adlamışdı.

 

Nikosiyada rəqibini 2:1 hesabı ilə məğlub edən “Qarabağ” Bakıda məğlub oldu – 0:2.

 

APOEL ÇL-in pley-off mərhələsində Hollandiyanın “Ayaks” səddinə ilişdi və Avropa Liqasının qrup mərhələsində mübarizəni davam etdirdi.

 

“Qarabağ” isə Şimali İrlandiyanın “Linfild” klubunu mübarizədən kənarlaşdıraraq, qrup mərhələsinə vəsiqə qazandı.

 

Püşk qrup mərhələsində yenidən bu komandaları üz-üzə qoydu.

 

İki turdan sonra “Qarabağ”ın üç xalı varsa, APOEL-in xanası boşdur.

 

Bu səbəbdən də kiprlilər Bakıya qələbə istəyi ilə gələcək. İki oyundan dörd xal toplamaq Tomas Dollun kollektivini qane edə bilər. Lakin onlar üçün göründüyü qədər asan olmayacaq. “Qarabağ” da APOEL qədər güclü komandadır. Çempionlar Liqasında ağdamlılar bunu göstərdi. Bakıdakı oyunda bəxtsizlik də öz sözünü dedi. Buna baxmayaraq, APOEL-i kiçiltmək olmaz. Bu komanda Çempionlar Liqası və Avropa Liqasında son illər böyük uğur qazanıb.

 

“Qarabağ” son altı ildə qrup mərhələlərində çıxış etsə də, hələ qrup səddini keçməyib. Bu illərə qədər komanda yaxşı təcrübə qazanıb. Qrup mərhələsini keçmək üçün artıq vaxt yetişib.

 

“Qarabağ” APOEL-in evdə uduzduğu “Düdelanj”ı Lüksemburqda məğlub etməklə cüzi üstünlük qazanıb. İndi bunun davamını əsas rəqib üzərindəki qələbə ilə gətirmək lazımdır. Nə qədər çətin sınaq olsaq da, “Qarabağ” APOEL-lə oyunlarda ən azı dörd xal qazansa, işini rahatlaşdıracaq.

 

 

Futbol sürprizlərə doludur. Ağdamlılar Çempionlar Liqasında Kiprdən qələbə ilə dönəndə azarkeşlər, futbol ictimaiyyəti “Ayaks”ı düşünməyə başlamışdı. Lakin mərhələni keçən APOEL oldu. “Qarabağ” cavab oyunundakı səhvlərini anlayıb və bu dəfə belə halın yaşanmasına yol verməmək üçün çalışacaq.

 

Matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunda təhlükəsizliyə ciddi nəzarət olacaq. Azarkeşlərə tribunaya Şimali Kipr Türk Respublikasının bayrağını keçirməyə imkan verməyəcəklər. Əgər kimsə bunu hansısa üsulla keçirsə, bayrağı dalğalandırmasına imkan verilməyəcək. UEFA müstəqilliyi tanınmayan hansısa ölkənin bayrağının stadiona gətirilməsinə qarşıdır.

 

 

Həm də buna ehtiyac yoxdur. Rəqib və azarkeşlərinə hörmətlə yanaşmaq lazımdır. “Qarabağ”a hər şeydən öncə iki çətin oyunda sərfəli nəticələr qazanması daha vacibdir. Hansısa təxribata getmək və ya buna şərait yaratmaq yalnız öz ziyanımıza ola bilər.

 

 

Kiprdəki Erməni Komitəsinin cavab matçı üçün nə fikirləşdiyini bilmirik. İki ay əvvəl APOEL-lə səfər oyunundan öncə saxta məlumatlarla dolu bəyanat yaymaqla azərbaycanlı azarkeşlərin hissləri ilə oynamışdılar. Erməni Kipr Komitəsi yəqin ki, yenə məkrli planlar hazırlayır. Bu, onların daim etdiyi ucuz işlərdir. Biz isə sözümüzü meydanda deməliyik! Bunu “Düdelanj”la Lüksemburqdakı matçda parlaq qələbə göstərmişdik!

 

Mehman Əşrəfov

Xəbər xətti