Roberto Bordin: "Məğlubiyyətə başqa səbəb axtarmıram"

20:01 - 9 Noyabr 2019

"Neftçi"nin baş məşqçisi Roberto Bordin Premyer Liqanın 11-ci turunda səfərdə "Keşlə"yə 1:2 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransında jurnalistlərin suallarına cavab verib.

 

Sportal.az xəbər verir ki, 54 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib:

 

"Ən pis oyunumuz idi. Məğlubiyyətə layiq idik. Komandanın özünəinamı yox idi. İstədiyimiz oyunu sərgiləmədik. Komandamız öz səviyyəsindən aşağı çıxış etdi. Çox üzgünük. Mən futbolçulardan belə oyun gözləmirdim. Sanki arxayınlıq var idi. Dario Frederiko fərdi oyuna meyl etsə də, qol imkanları oldu. Hətta üçüncü qolu da buraxa bilərdik. Çünki müdafiəçilər fərdi səhvlər edirdilər. Oyunçular həftəboyu yaxşı məşq etmişdilər. Hətta ilk qolu da vurdular. Amma bugünkü oyunda əvvəlki matçlardan aşağı səviyyəli çıxış etdik. Komandama Sezar Meza Kollini diqqətdə saxlamağı tapşırmışdım".

 

Bordin gənc referi Vüqar Həsənlinin idarəçiliyinə də toxunub: "Oyunda qərarlar hər iki tərəfə obyektiv olmalıdı. Tural Axundov, Baqali Daboya verilən sarı vərəqələr gec oldu. Hətta mənə də sarı vərəqə göstərdi".

 

Baş məşqçi bugünkü məğlubiyyətlə özlərini çətinə saldıqlarını da vurğulayıb: "Çalışıb bu məğlubiyyəti həzm etməli və növbəti oyunlara ciddi hazırlaşmalıyıq. Hələ heç nə bitməyib. Rəqiblərimizin də oyunları var. Bugünkü məğlubiyyətə başqa səbəb axtarmıram. Amma hakimlərdə obyektivlik olmalıdı. Rəqib komanda etiraz bildirəndə sarı vərəqə göstərir, Daboya qarşı kobudluğa görə susursa, mən etiraz edəndə özümə sarı vərəqə göstərirsə, bundan narazı qalmalıyam".

Xəbər xətti