Qarabağ qaziləri meydanda - FOTOLAR+VİDEO

13:07 - 7 Dekabr 2019

Azərbaycanda ilk dəfə amputa klubların çempionatına start verilib.

 

Sportal.az xəbər verir ki, artıq çempionatın ilk matçı da baş tutub. Abşeron Olimpiya İdman Kompleksinin stadionunda keçirilən qarşılaşmada “Qarabağ”la “Sumqayıt” üz-üzə gəlib. “Gənclik şəhəri”nin təmsilçisi bu matçdan son dəqiqələrdə vurulan 1 qolla qalib gəlib.

 

Çempionatın növbəti oyunları qarşıdakı günlərdə keçiriləcək. 4 komanda Qərb zonasını – Gəncə və Tovuzu təmsil edir. 4 komanda isə paytaxt və Sumqayıtdan formalaşıb.

 

Çempionatın keçirilməsində əsas məqsəd milli komandanı formalaşdırmaqdır. 2020-ci ildə Polşada keçiriləcək Avropa çempionatına vəsiqə qazanan yığma komandamızın oraya yollanması üçün liqanın keçirilməsi təşəbbüsü göstərilib.

 

Komandaların əksəriyyətinin heyəti Qarabağ qazilərindən təşkil olunub.

 

“Qarabağ” komandasının ən yaşlı üzvü Rasim Ələkbərov çempionat keçirildiyi üçün gənclərin amputa futboluna maraq göstərəcəyinə inandığını bildirib:

 

“Məqsədimiz vətənə səngərdə xidmət etdiyimiz kimi burda da xidmət etməkdir. İstəyirik ki, 2020-ci ildəki Avropa çempionatına yollanaq. Hələlik komandaların üzvlərinin sayı azdır. İstəyirik ki, çoxalsın, əlil gəncləri dəvət edirəm, bizə qoşulsunlar. Mən bu yaşlı vaxtımda bacarıramsa, onlar da bacararlar. Hər kəsə qapımız açıqdır”. (Qafqazinfo)

 

Xəbər xətti