"AFFA-da olduqca istedadlı dələduzlar var" - SORĞU

13:13 - 16 Mart 2020

Koronavirus pandemiyasının idmandan, o cümlədən futboldan da yan keçməməsi başadüşülən haldı. Qlobal təhlükənin törətdiyi fəsadlar göz qabağındadı. Millinin baş məşqçi postuna yeni əcnəbi çalışdırıcı axtaran AFFA-nın mövcud durumda vaxt qazanması isə faktdı

 

İnfeksiyanın tüğyan etmədiyi dönəmdə "papağı günə yandıran” assosiasiya başbilənlərinin  kənardan necə göründüyü, şübhəsiz, böyük maraq doğurur. İdman mətbuatının bir neçə simasının fikirlərini öyrənməyə çalışdıq. 

 

Media mənsublarına bu sualı ünvanladıq: koronavirus pandemiyası AFFA-nın xeyrinə oldu, ziyanına? 

 

Mahir Rüstəmli ("Futbol+” qəzeti): "Bir ölkədə futbol dayanıbsa, onun ali futbol qurumu hansı qazancı götürə bilər? Ölkədaxili yarışların perspektivi bilinmir, bu qədər hazırlıq fonunda Avropa çempionatının final mərhələsinin təxirə salınmaq ehtimalı böyükdü, Azərbaycan turizmdən qazana biləcəyi paranı itirmək ərəfəsindədi və s. və i.a. Bəlkə də Elxan Məmmədov nəfəs dərmək üçün imkan qazandı. Amma AFFA-nın qurum olaraq xeyrindən söhbət gedə bilməz. Başqa bir məqam yığma ilə bağlıdı. Yəni gözlənilən baş məşqçi təyinatı ləngiyir ki, burda da mən faciəvi nəsə görmürəm. Guya hansısa yüksək hədəflər uğrunda mübarizə aparırıq ki, tələm-tələsik baş məşqçi təyin edək?!”

 

Natiq Muxtarlı ("Kaspi” qəzeti): "Koronavirus bütün dünyanı iflic etsə də, onun Azərbaycan futboluna, xüsusən də AFFA-ya heç bir ziyanı yoxdu. Birincisi, bizdə futbol yoxdu. Futbol yoxdursa, teleyayımdan gələn gəlir də yoxdu. Futbol yoxdusa, bilet satışından əldə olunan mənfəət yoxdu. Belə olan halda, AFFA nədən ziyan çəkəcək? Ola bilsin ki, yığmanın təlim-məşq toplanışları ilə bağlı planları dəyişsin. Çünki bu təlim-məşq toplanışları pul "yumaq” üçün əla vasitə idi. Amma bundan da çıxış yolu tapacaqlar. AFFA-da olduqca istedadlı dələduzlar var. Onların potensialına, büdcəni təmizləmək, ideal vəziyyətdə "yumaq” bacarıqlarına qətiyyən şübhə etmirəm. İlin axırına hələ çox var. İnanıram ki, "yumaq” üçün əl variantlar tapacaqlar və ilin axırında qazancları yerində olacaq”.

 

Rəşad Ergün (komanda.az saytı): "Koronavirus AFFA-nın o baxımdan xeyrinə oldu ki, milli komandaya baş məşqçi tapmaq üçün zaman qazandılar. Ümumiyyətlə, virusun Azərbaycan futbolunun elə də ziyanına işlədiyini düşünmürəm. Bizim futbolumuz onsuz da "virus"a yoluxmuşdu. Azərbaycanın Premyer Liqa klubları İtaliya, İngiltərə, İspaniya, Almaniya, Fransa klubları kimi milyonlarla avro itirmirlər. Onsuz da çempionat matçları boş stadionlarda oynanlırdı, bu baxımdan klublarımızın hansısa maddi ziyana uğradığını demək olmaz. Amma əlbəttə, Avropa futbolunun tamamilə dayanması, xarici çempionatları həvəslə izləyən azərbaycanlı futbolsevərlər üçün üzücü məqamdır. Yoxsa belə, nə AFFA-nın, nə də Azərbaycan futbolunun itirəcəyi bir şey var. Sadəcə, zaman itkisi var ki, bütün dünyada necə olacaqsa, bizdə də elə olacaq”.
 
Kənan Məstəliyev (rekord.az saytı): "Məncə, istənilən ertələnmə, ləğv edilmə təkcə AFFA yox, istənilən idman federasiyasının ziyanınadı. Məsələ yalnız milli komandada deyil. Ölkədə futbol dayanıb, federasiya faktiki fəaliyyət göstərmir. Çempionat yoxdu, müxtəlif yaş qrupları üzrə yarışlar dayandırılıb, milli komandanın toplanışı ləğv edilib. AÇ-2020 böyük ehtimalla gələn ilə qalacaq... Çox xoşagəlməz durumdu. AFFA-nın xeyrinə olduğunu düşündüyümüz milli komandaya məşqçi təyin etməmə məsələsi əslində o qədər yaxşı durum deyil. İstənilən halda, millinin başında kimsə olmalı idi. Əcnəbi olacaqdısa, bu fasilə dövründə heç olmasa ölkədəki durumla qiyabi də olsa tanış ola, stadionları gəzə, necə deyərlər, futbol ictimaiyyətimizi tanıya, nəbzi tuta bilərdi...” (fanat.az)

Xəbər xətti