Rövşən Hüseynli: "Örnək aldığım idmançı İker Kasilyas olub" - MÜSAHİBƏ

22:22 - 3 Aprel 2020

Bu gün futzal üzrə Azərbaycan millisinin və “Araz” komandasının qapıçısı Rövşən Hüseynlinin doğum günüdür.

 

29 yaşı tamam olan qapıçı Sportal.az-a müsahibə verib:

 

- Millimizin qapıçısı 29 yaşında özünü necə hiss edir?

- Şükürlər olsun, hər şey qaydasındadır. Özümü yaxşı hiss edirəm. Yaşa dolduqca həyatı dərindən anlayırsan və ömür insanı ətraflı fikirləşməyə məcbur edir.

 

- Ötən həftələrdə ata olmaq sevinci yaşadın. Şəxsi həyatından nə dərəcədə razısan?

- Şükürlər olsun, bu hissi yaşadım. Bu sevinci, xoşbəxt anları yaşamaq istəyənlərə arzu edirəm. Xəyal edənlərə qismət olsun. Həyatımdan çox razıyam. İnanın, bu çətin günləri hiss edə bilmirəm. Vaxtımı ailəmlə, övladımla keçirirəm.

 

- Arzuladığın idmançı karyerasına nail oldun?

- Sözün düzü, hələ nail olmamışam. Məşq etmək, çalışmaq və yenə də çalışmaq lazımdır. İstədiyim nöqtəyə çatanda bunu səmimi şəkildə açıqlayacağam.

 

- Karantin günlərini necə keçirirsən? Ən çox nə ilə məşğulsan?

- Karantini ailəmlə keçirirəm. Həyətdə işlər görürəm və fərdi məşqlərlə məşğul oluram. Hamıdan bu çətin günlərdə evdə olmağı və çölə çıxmamağı xahiş edirəm. Evdə qalaq, özümüzü qoruyaq!

 

- Kitab oxumaq və filmlərə baxmaqla aran necədir?

- Kitab oxuyan deyiləm, filmlər izləyirəm. Ən çox ailəmə vaxt ayırıram.

 

- Karyeranda ən çox sevindiyin və üzüldüyün oyunlar hansıdır?

- Ən çox sevindiyim an millinin heyətində DÇ-2020-nin seçmə mərhələsində Rusiyaya 4:3 hesabı ilə qalib gəldiyimiz oyun idi. Ən çox üzüldüyüm an isə dünya çempionatında Portuqaliyaya qarşı oynaya bilməməyim olub.

 

- Hansı idmançıdan örnək almısan?

- Həmişə İspaniya futbolunun həvəskarı olmuşam. Örnək aldığım şəxs ispan qapıçı İker Kasilyas olub.

 

Mehman

Xəbər xətti