"Latsio"nun futbolçusu "Barselona" və milli komanda seçimi barədə danışdı

17:25 - 8 May 2020

"Latsio"nun müdafiəçisi Luis Felipe adının "Barselona" ilə hallanmasına münasibət bildirib.

 

Sportal.az "UOL Esporte" nəşrinə istinadla xəbər verir ki, 23 yaşlı futbolçu bu xəbərə həyəcanlandığını deyib:

 

"Bu xəbəri oxuyanda həyəcanlandım, çünki yaxşı iş gördüyüm üçün böyük klubların maraq dairəsindəyəm. Ancaq məni tanıyan hər kəs bilir ki, sakit insanam və yerimi asan şəkildə tərk etmirəm. İlk gündən mənə dəstək olan "Latsio"ya əlimdən gələni verməliyəm".

 

Felipe Braziliya millisinə dəvət almaq arzusunda olduğunu bildirib:

 

"Əsas hədəfim Braziliya millisi ilə olimpiada və dünya çempionatında iştirak etməkdir. Komanda yoldaşlarıma böyük hörmətlə yanaşmaq üçün əlimdən gələni edəcəyəm. Fikrimcə, olimpiadanın təxirə salınması doğru qərar idi. Amma mən bu mövzuda mütəxəssis deyiləm. Sadəcə, ədalətli qərar olduğuna inanıram".

 

İtaliya vətəndaşlığı olan braziliyalı oyunçu milli komanda seçimi barədə bunları söyləyib:

 

"İtaliya mənə çox şey verib və buna görə minnətdaram. İlk gündən hamı mənə yaxşı münasibət göstərib.Yalnız xoş sözlər deyə bilərəm. İtaliyaya, klubuma böyük sevgim var, amma Braziliya üçün oynamağa qərar verdim. Çünki öz ölkəmdir".

Xəbər xətti