İcraiyyə Komitəsi Premyer Liqanı ləğv etmək istəyir

09:44 - 11 İyun 2020

AFFA Premyer Liqanın yaxın gələcəyi ilə bağlı yeni qərar verməyə hazırlaşır.

 

Sportal.az xəbər verir ki, İcraiyyə Komitəsinin (İK) üzvləri ilə məsləhətləşmələr başa çatıb.

 

İK-nin əksər mənsubları mövsümə vaxtından əvvəl yekun vurulması təklifi ilə çıxış ediblər. AFFA-nın prezidenti Rövnəq Abdullayev də bu variantı bir daha dəstəkləyib.

 

Komitənin bu gün günorta saatlarında videokonfrans keçirməsi nəzərdə tutulub. İclasın sabaha təxirə salınması da istisna olunmur. İş ondadır ki, qurumun icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov İK-nin qərar verməsindən öncə UEFA ilə məsləhətləşmələri vacib sayır.

 

Guya, AFFA bu addım atmasa, Avropa futbol təşkilatının Azərbaycan futboluna münasibəti dəyişə, yəni, pisləşə bilər. Halbuki UEFA bu kimi məsələlərdə yerli federasiyalara tam sərbəstlik verib. Eyni zamanda vaxt qoyub ki, daxili çempionatlar istənilən halda avqustun 2-də yekunlaşmalıdır.

 

Reallıq Premyer Liqanın bərpasına əl yeri qoymur. Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi rejimli karantinin müddətini iyulun 1-dək uzadıb.

 

Ötən həftəsonu olduğu kimi, bu həftə də küçəyə çıxmaq qadağası qoyulub. Bunun növbəti həftələrdə də təkrarlanması gözlənilir. Belə olan halda, Premyer Liqanı iyunun 21-də bərpa etmək əlavə çətinliklər yaradacaq.

 

Düzdür, AFFA rəhbərliyində yer alan bəzi şəxslər elita təmsilçilərini Qəbələdə yerləşdirmək və mövsümü 1 ay ərzində burada başa vurmaq təklifini də irəli sürür. Lakin bu ehtimalı reallaşdırmaq çox çətin görünür.

 

İlk növbədə ona görə ki, 7 komandanı ayboyu oteldə saxlamaq böyük maliyyə bahasına başa gələcək. Hər kollektivdə minimum 40-45 nəfərin yer alacağını təxmin eləsək, AFFA haradasa 350-400 min manat xərc çəkməli olacaq. Federasiya bu məbləği qarşılamaq iqtidarındadırmı? SOCAR-ın münasibətindən görünən odur ki, xeyr (sportinfo.az).

Xəbər xətti