"Onların ayırdığı vəsaitlə bu gün klubu ayaqüstə saxlamaq çox çətindir" - MÜSAHİBƏ

“Qəbələ”nin baş meneceri Zaur Əzizovun müsahibə verib.

 

Sportal.az həmin müsahibəni təqdim edir: 

 

- Son günlər “Qəbələ” barədə mətbuatda müxtəlif xəbərlər yayılıb. Bizdə olan məlumata görə, rəhbərliyində təmsil olunduğunuz klubun gələcək taleyi sual altındadı. Bununla bağlı sizin də fikirlərinizi bilmək istərdik.
- Bu gün biz cari çempionat haqda düşünürük. Bizi indi ən çox düşündürən məsələ mövsümü necə və hansı pillədə başa vuracağımızdı. Növbəti mövsümə gəlincə, bununla bağlı heç nə deyə bilmərəm. Çünki bu haqda klubun baş meneceri kimi mənim də dəqiq bilgim yoxdu. Necə olacağına şərh verə bilmərəm.

 

- Vəziyyət hətta bu dərəcədə ağırdı?
- Cari mövsümün gedişində ikiaylıq fasilənin yaranması bizə əlavə maliyyə çətinliyi yaradıb. Bu səbəbdən bu gün də bütün diqqətimiz əsas komandaya yönəlib. Belə deyək, düşünək ki, hazırda martdı. Martda da növbəti “futbol ili” haqda danışmaq çox tez olardı. İndi sizə sabahla bağlı konkret, dolğun fikir söyləməkdə çətinlik çəkirəm.

 

- 2019-cu ilin dekabrında “Qəbələ” “Jalə” şirələri ilə sponsorluq müqaviləsi imzaladı. Həmin gün rəhbərlik səviyyəsində bildirildi ki, yeni sponsorun adı formanın arxa hissəsinə yazılacaq, ön hissəyə isə daha çox pul ödəyəcək sponsorun adı qeyd olunacaq. Və çox keçmədən “Mila” süd məhsulları ilə əməkdaşlıq haqda anlaşma əldə olundu və adını çəkdiyim şirkətin adı qırmızı-qara formanın önünə yazıldı. Yayılan söz-söhbətlərə inansaq, iki şirkətlə əldə olan razılaşmaya əsasən klubun büdcəsinə illik 1,5 milyon manat vəsait köçürülməliydi. İndi klubun fəaliyyətini dayandıracağı xəbəri ortaya çıxıb. Belə çıxır ki, müqavilə imzaladığınız şirkətlər əməkdaşlıqdan imtina ediblər... Və yaxud həmin məbləğ klubun ayaqüstə qalması üçün yetərli olmadığından həyəcan təbili çalınır. Bunlardan hansı versiya daha düzdü?
- Bu iki şirkətin ayırdığı maliyyə ilə bölgəni təmsil edən, geniş personala malik klubu saxlamaq mümkün deyil. Sözsüz, yeni sponsorlar bizim üçün çox böyük dəstək idi. Ancaq açıq deyrəm, onların ayırdığı vəsaitlə bu gün klubu ayaqüstə saxlamaq çox çətindi, hətta deyərdim ki, qeyri-mümkündü. Söhbətimin əvvəlində qeyd etdiyim kimi, pandemiya ilə bağlı ortaya gözlədiyimiz problemlər çıxıb. Bütün futbolçular qarşısında müqavilə üzrə öhdəliklər yerinə yetirilib. Bu gün üçün bilinən odu ki, çempionat daha iki ay davam etməlidi. Növbəti iki ay üçün klubun büdcəsində əməkhaqqı ilə bağlı proqnozda “0” yazıldığı halda, məcburuq ki, indiki durumda ciddi məbləğ ayıraq. İndi biz bu məsələni həll etmək üçün çalışırıq.

 

- Akademiya ilə bağlı durum da ürəkaçan deyil. Kənardan dəvət olunan məşqçilərə “özünüzə iş tapın” tapşırığının verilməsi o deməkdi ki, aşağı yaş qruplarında da ixtisarlar qaçılmazdı. Bu isə təbii olaraq səviyyənin aşağı düşməsinə gətirib çıxaracaq. Yəni vəziyyət o dərəcədə ağırdı ki, klub aşağı yaş qrupunda çıxış edən futbolçuları, onlarla çalışan məşqçiləri də saxlamaq iqtidarında deyil?
- Özünüz də bilirsiz ki, son illərdə bir qayda olaraq, büdcəmiz azalır. Biz də buna uyğun addımlar atmaq məcburiyyətində qalırıq. Əvvəllər akademiyada 5-6 əcnəbi mütəxəssis var idisə, illər dəyişdikcə və pul azaldıqca onların da sayını azaltmaq məcburiyyətində qaldıq. Son mövsümdə yalnız bir nəfər - Halim Fıçıçı qalmışdı ki, onunla da yolları ayırdıq. Artıq növbə kənardan dəvət olunan məşqçilərə çatıb. Hazırda elə durumdayıq ki, ayağımızı yorğanımıza görə uzatmalıyıq. Sözsüz, biz də istəyərik ki, istər akademiyamızda, istərsə də əsas komandada ən yaxşı şərait olsun, güclü mütəxəssislər çalışsın, səviyyəli oyunçular top qovsun. Təəssüf ki, indki vəziyyətimiz aşağı yaş qruplarına, əsas komandaya yüksək şərait yaratmağa imkan vermir. Bu üzdən bəzi məşqçilərlə vidalaşmağa qərar vermişik.

 

- Bəlkə sponsor axtarışını ölkə xaricində davam etdirəsiz. Hər halda, “Qəbələ” yeni yaranan komanda deyil, 15 illik tarixində bir çox yaddaqalan uğurlara imza atıb. İnfrastruktur baxımından çoxlarını qabaqlayır. Məncə, bu amillər əcnəbi iş adamlarının diqqətini cəlb edə bilər. Siz necə düşünürsüz?
- Ölkə xaricində sponsor axtarışına çıxmağımızın hansısa effekt verəcəyi inandırıcı görünmür. Bu gün dünyada yaşananlara real yanaşsaq, iqtisadiyyatda yaşanan böhranı göz önünə alsaq, inanmıram ki, hansısa iş adamı “Qəbələ”yə investisiya qoymağa razı olsun. Dünyanı silkələyən pandemiya bütün ölkələrə, bütün sahələrə, iri şirkət və konsernlərə mənfi təsir göstərib. Yaxın aylarda bunun acı fəsadlarını hamımız hiss edəcəyik. Bir də biz ən yaxşı vaxtlarımızda – komanda ardıcıl iki il Avroliqanın qrup mərhələsində çıxış edəndə sponsor tapmaqda çətinlik çəkirdik, qaldı ki, indki ağır durumda kimsə ortaya çıxıb bizə himayədarlıq etmək fikirnə düşsün. Avroliqanın qrupunda, qitənin tanınmış klubları ilə eyni sırada olduğumuz zaman bizə maraq göstərən yox idisə, çətin indi kimsə “Qəbələ”yə investisiya qoymaq istəsin.

 

- Əslində mən sizə yaxınlaşıb danışmaq istəyəndə düşünürdüm ki, “Qəbələ”nin gələcəyi ilə bağlı nikbin fikirlər eşidəcəm. Ancaq dediklərinizdən belə qənaətə gəldim ki, klubun gələcəyi həqiqətən qaranlıq görünür. Yəni “Qəbələ”nin fəaliyyət göstərib-göstərməyəcəyi sözün həqiqi mənasında böyük sual altındadı.
- Bu dəqiqə üçün sualın ölçüsünü mən bilmirəm. Böyük və ya kiçik sualdı, deyə bilmərəm. Hər gün gedib-gəldiyim, çalışdığım klubun gələcəyi ilə bağlı mən də dəqiq heç nə bilmirəm. Bəlkə də kimlər üçünsə bu inandırıcı görünməyə bilər. Ancaq həqiqətən də hadisələrin gələcəkdə hansı yöndə inkişaf edəcəyindən xəbərsizəm. Hələ ki gündəlik işimizlə məşğuluq. İş barədə uzun müddətli, nəinki uzun müddətli, biraylıq plan qurmaqda belə çətinlik çəkirik.

 

- Bizdə olan məlumata görə, kluba və eyni zamanda bazaya AFFA sahib çıxmaq istəyir. Ancaq bir şərtlə ki, bütün idarəetmə assosiasiyanın təyin edəcəyi şəxsin əlində olsun. Bu haqda nə deyə bilərsiz?
- Fəaliyyət göstərdiyimiz illər ərzində klub olaraq əsas məqsədimiz o olub ki, Qəbələdə futbol inkişaf etsin, Azərbaycan futboluna fayda verəcək oyunçular yetişsin, akademiyamız inkişaf etsin. Bilirsiz ki, akademiyamızda bunun üçün istənilən şərait də yaradılıb. Ümid edirik ki, hər şey olduğu kimi qalacaq, illər uzunu milyonlarla vəsait sərf olunan infrastruktur çökməyəcək.

 

- Ancaq sualıma konkret cavab vermədiz...
- Bu suala qısa belə cavab verərdim: məndə belə məlumat yoxdu.

 

- Fərz edək ki, “Qəbələ” fəaliyyətini davam etdirə biləcək. Ancaq yola gənclərlə, daha doğrusu, akademiyanızın yetirmələri ilə davam etməli olacaqsız. Bərkə-boşa düşməyən gənclərlə premyer-liqada mübarizə aparmaq çətin olmayacaq?
- Dünyanın istənilən klubunda nəsildəyişmə prosesi yaşanır. Böyük klublar belə bir neçə ildən bir heyəti gəncləşdirməyə çalışırlar. Biz də bu yolu tutmuşuq. Artıq neçə illərdi akademiyamız fəaliyyət göstərir, müxtəlif yaş qrupu üzrə yığmaların əsasını məhz “Qəbələ” Futbol Akademiyasının yetirmələri təşkil edir. Onlara da şans yaratmaq lazımdı. Son iki-üç ildə yürütdüyümüz transfer siyasəti özünü doğruldur. Həm öz yetirmələrimiz, həm də ölkə xaricindən dəvət etdiyimiz legionerlər başqa klubların maraq dairəsinə düşürlər ki, bu da “Qəbələ”də seleksiya işinin düzgün aparıldığını göstərir. Bu gün başqa kluba satdığımız yetirmələrimizin yaratdığı boşluğu akademiyanın məzunu olan başqa istedadlarla doldurmaq niyyətindəyik. Bəli, ola bilsin, nəticələr o qədər də ürəkaçan deyil, əvvəlki illərlə müqayisədə aşağı pillələrdə qərarlaşmışıq. Ancaq bu o demək deyil ki, daim belə davam edəcək. Ümid edirəm ki, yaxın vaxtlarda problemləri aradan qaldıra, kluba yeni sponsor cəlb edə biləcəyik. Əsas odu, bəzi klublardan fərqli “Qəbələ”nin daim ehtiyat qüvvəsi var və bunun da davamı gəlir (Futbol+).

Tarix: 14 İyun [18:18]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
9 Avqust 2020
8  Avqust 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio