“Fəhləlik etməliyəm ki, oyunlara təyinat alım?” - keçmiş hakim AFFA-nı tənqid etdi

22:22 - 26 Yanvar 2021

Azərbaycan futbolunda 48 il saç ağardan keçmiş referi, hakim-inspektor Məhəmməd Məmmədov AFFA-dan şikayətlənib.

 

Təcrübəli mütəxəssis Sportal.az-a açıqlamasında bildirib ki, bu sahədə yenidən fəaliyyət göstərmək üçün müraciətini qurum mənfi qarşılayıb.

 

“Respublikanın əməkdar məşqçisiyəm. Gəncə Gənclər və Baş İdarəsinin nəzdində Uşaq Gənclər İdman Məktəbinin futbol bölməsində baş məşqçi işləyirəm. 29 ildir Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişəm. AFFA-ya hakim-inspektor kimi fəaliyyətimi davam etdirmək istəyimi bildirsəm də, mənə deyildi ki, uşaq futbolunda işlədiyim üçün olmaz. “Kəpəz”ə İsgəndər Cavadov gələndə məni kluba dəvət etdi. Hazırda komandada çalışıram, maddi vəziyyətim çətindir, ailədə 8 nəfərik.

 

AFFA-ya iki dəfə məktub yazmışam, cavab gəlməyib. Lakin qurumdan uşaq futbolunda məşqçi olduğum üçün hakim-inspektor kimi çalışmağımın mümkünsüzlüyü bildirilib. Mən də AFFA-ya fikirlərimi çatdırdım ki, futbol adamıyam, idman akademiyasını bitirmişəm, 1973-cü ildən futbolla məşğulam. İndi süpürəçi işləməliyəm? Fəhləlik etməliyəm, yer qazmalıyam? 4-5 futbolçu yetişdirmişəm. Azər Cabbarov milli komandada oynayıb. Ötən il 4 yaş qrupunda komandam pley-off-a vəsiqə qazandı. İndi pandemiya səbəbindən yarışlar dayandırılıb.

 

AFFA-ya dedim ki, elə şəxslər var ki, başqa işi olduğu, UGİM-də çalışdığı halda, oyunlara nümayəndə kimi göndərilir. Bunu deyəndə cavab verən olmadı. Mən heç kimin paxıllığını çəkmirəm. Ancaq doğru yaxşı olardı ki, ayrı-seçkilik olmasın”.

 

61 yaşlı futbol adamı AFFA Hakimlər Komitəsinin avstriyalı sədri Frits Ştuxliklə görüşmək istəyinin alınmadığını bildirib:

 

“Mən uzun illər hakimlik etmişəm. Komitədə rəhbər vəzifədə çalışmış məşhur Tofiq Bəhramov, Eldar Əzimzadədən tutmuş Xaqani Məmmədov, Gülağa Cabbarov, Əli Hüseynovla birgə çalışmışam. Karyeramda heç kimə pislik etməmişəm. 2001-ci ildə ölkəmizdə ilk “Qızıl oyunu”, Sumqayıtda “Şəmkir” – “Neftçi” (1:0) matçını idarə etmişəm. Bundan iki gün sonra kubokun finalında “Neftçi” – “Şəfa” qarşılaşmasının baş hakimi oldum. Vaxtilə həftədə 3-4 oyun idarə etmişəm. Məndən sonra iki dəfə “Qızıl oyunu” əcnəbi referilər idarə edib.

 

AFFA Hakimlər Komitəsinə Frits Ştuxlik gələndən sonra oyunlardan kənarda qalmışam. 61 yaşım var, 16 il referi, 12 il isə hakim-inspektor olmuşam. Mənim günahım nədir ki, indi oyunlara təyinat verilmir? Vaxtilə heç kim qorxusundan Tovuz, Bərdə, Lənkərana gedə bilmirdi. Elə olub ki, “Qarabağ” – “Neftçi”, səhəri gün “Xəzər Lənkəran” – “Karvan” oyununu idarə etmişəm.

 

Hazırda imkan vermirlər ki, oyunlara hakim-inspektor kimi təyinat alım. Ürəyim ağrıyır, futbolumuza fayda verməyi davam etdirmək istəyirəm. Keçmiş günlər yada düşür. Bir işdən çıxsam, təkcə hakim-inspektor kimi çalışsam, çempionat dayansa, mən ailəni necə dolandıracağam? Övladım anadangəlmə ikinci qrup əlildir. Buna görə ayda 130 manat alıram. Ümumilikdə 600 manat maaş alıram ki, bu məbləğlə 8 nəfərlik ailəni saxlamaq çətindir. Allah, İsgəndər Cavadovu, onun övladlarını qorusun. Məni “Kəpəz” komandasında işlə təmin etdi. AFFA-ya dəfələrlə müraciət etsəm də, Ştuxliklə görüşmək cəhdlərim alınmayıb”.

 

Mütəxəssis gənc hakimlərə tövsiyəsini çatdırıb:

 

“Hazırda futbolumuzda daha çox gənc hakimlərdir. Əliyar Ağayev kimi təcrübəli referi olmaq üçün cavanlar illərlə çalışmalıdırlar”.

Xəbər xətti