"Tofiq Bəhramov olmasaydı, indiyə qədər öyünəcəkləri bir şey olmayacaqdı" - QEYD

00:40 - 19 Aprel 2021

Avropa Super Liqası ideyasının müəllifinin ingilislərin olduğunu düşünürəm. Klassik və içiboş yekəxanalıqları yenə vurub başlarına. Necə ki, uzun müddət "siz kimsiz ki futbol səviyyəniz də nə ola" şüarları ilə FIFA-ya üzv olmaqdan imtina edib, sonra gəldikləri və təşkilatın bayrağı altında qatıldıqları yarışlarda "Həzrət Abbas şapalağı"nı alıb sakitləşdikləri kimi, bu dəfə də belə olacaq.

 

Tofiq Bəhramov olmasaydı, indiyə qədər öyünəcəkləri bir şey olmayacaqdı, amma yenə də ağılları başlarına gəlmir. Acgöz Florentino Peres kimilərini də alət edib salıblar Avropa futbolunun canına, ildə iki dəfə UEFA və FİFA-ya xox gəlirlər. Heç nə də olmur. 

 

Bu dəfə də olmayacaq. 

 

Əvvəla, FİFA və UEFA vəhşiyə dönüb ağır cəza verəcək. 

 

Verməsə də, uzaqbaşı ABŞ-dakı yay "Beynəlxalq Çempionlar Kuboku", ya da Nurlan Novruzovun da iştirak edəcəyi Nepal Super Liqasının daha səviyyəli bir variantı kimi bir turnir düzələcək. Necə deyərlər, bir-iki il "qurdlarını öldürüb" çəkiləcəklər.

 

Amma "ölünü özbaşına qoysan, kəfənini yırtar" deyiblər. Bu vəhşilərə bizim sevimli oyunumuzun axırına çıxmağa imkan vermək olmaz. Bu gün Super Liqa, sabah Premium Liqa, birisigün Qızıl Liqa, sonra da heç nə. Bu "Qladiator döyüşləri"ndən sonra geriyə yanmış torpaqlar qalacaq. Nə toxum əkə, nə də məhsul götürə bilməyəcəyik.

 

Futbolsuz qala bilərik.

 

Odu ki, nə qədər UEFA mafia olsa da, bu məsələdə bu qurumun tərəfindəyik.

 

P.S.: Hər şeyi başa düşdüm e, bəs bu "Arsenal"ın orda nə işi var? A bala, sənin sonuncu dəfə nə vaxt top klub olduğunu görənləri həkimlər xəstəxanaya qəbul eləmir ki, "bu bitib, aparın evə, sonunu gözləyin".

 

Kənan Məstəliyev

Xəbər xətti