Ramin Quliyev: "İstədiyimiz komandanın 70 faizini qura bilmişik" - MÜSAHİBƏ

"Sabah"ın baş məşqçisi Ramin Quliyev Sportal.az saytına müsahibə verib:


- Gurcüstandakı təlim-məşq toplanışı necə keçdi? Komandanın hazırlığından razı qaldınız?
- Hər şey çox yaxşı təşkil edilmişdi. Məşqlərimiz, oyunlarımız, stadionların ot örtüyü çox yaxşı vəziyyətdə olan meydançalarda keçirilirdi. Hansı ki, bu meydançaların xidmətindən Gürcüstan millisi də istifadə edir. Yaxşı təlim-məşq toplanışı keçməyimiz üçün hər cür şərait yaradılmışdı. Oyunçuların üzərinə yalnız məşqlərə və oyunlara köklənmək qalırdı ki, fikrimcə, uşaqlar bunun öhdəsindən lazımınca gəldilər. 


- İstədiyiniz komandanı formalaşdıra bilmisiniz?
- Bildiyiniz kimi, mövsüm bitdikdən sonra bir çox oyunçu ilə yollarımızı ayırdıq. Bəzilərinin müqaviləsi bitmişdi, bəziləri isə başqa komandalardan gələn təklifi dəyərləndirməyə qərar verdi. Amma ötən mövsüm əsas heyətimizin üzvü olan oyunçuların bir çoxunu və perpektivli gəncləri komandada saxlamağa nail olduq. Hazırda bəzi mövqelər üzrə transfer çalışmalarımızı davam etdirərək, yaxşı komanda formalaşdırmağa çalışırıq. Bu gün demək olar, istədiyimiz komandanın 70 faizini qura bilmişik. Hazırda bir-iki mövqe üzrə axtarışlarımız davam edir. Bu mövqelərə də istədiyimiz oyunçuları gətirdikdən sonra çempionata tam hazır olduğumuzu deyə bilərik. 


- Yeni transferlər sizi qane edir?
Yeni futbolçunun komandaya uyğunlaşması dərhal baş vermir. Bunun üçün müəyyən qədər vaxt keçməlidir. Tbilisi toplanışında bizə qoşulan yeni oyunçular fərdi olaraq özlərini yaxşı tərəfdən göstərdilər. Lakin komandaya tam uyğunlaşmaları üçün müəyyən vaxta ehtiyac var. 


- Çemponatda ilk oyununuz evdə, “Səbail”ə qarşı olacaq. Demək olar ki, “Sabah” yeni mövsümə uğurlu start verə bilər?
Mövsümə uğurlu start vermək hər bir komanda üçün xoş olar. Ümumiyyətlə, biz rəqiblərimizdən heç birinə fərq qoymuruq, bütün oyunlara tam ciddiyətlə yanaşırıq. İlk turda rəqibimizin “Səbail” olması yalnız oyunda hansı taktikanı seçməyimizə təsir edə bilər. Bütün rəqiblərə qarşı tam ciddi hazırlaşmaq lazımdır. 


- Yeni mövsümdə rəhbərlik sizin qarşınıza nə məqsəd qoyub?
Əsas məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdı. Lakin bununla yanaşı, baxımlı oyun sərgiləmək, həmçinin ölkə futboluna perspektivli gəncləri bəxş etmək də bizim üçün çox böyük önəm kəsb edir.

Tarix: 4 Avqust [18:18]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23  Sentyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio