"Sabah"ın almaniyalısı: "Hamıda yorğunluq var idi" - MÜSAHİBƏ

14:49 - 16 Yanvar 2022

“Sabah”ın almaniyalı legioner Coy-Lens Mikkels Sportal.az saytına müsahibə verib. O, komandasının hazırlığından və avrokuboklara vəsiqə qazanmaq şanslarından söz açıb:

- “Sabah”ın hazırlığı necə gedir? Hər şey sizi qane edir?
- Bəli, burda məni hər şey qane edir. Mövsümün ikinci yarısına yaxşı hazırlaşmağımız üçün burda bizə hər cür şərait yaradılıb. Ona görə də hər şeyin qaydasında getdiyini söyləyə bilərəm.

- Komanda dünən “Pakş”la bərabərə qaldı. Matç sizin üçün necə keçdi?
- Bu, bizim yeni ildə ilk oyunumuz idi. Hamıda yorğunluq var idi. Bu da aşkar şəkildə görünürdü. Mən ilk 45 dəqiqə meydanda oldum. Fikrimcə, növbəti həftələrdə daha yaxşı forma yığmağımız baxımından bizim üçün yaxşı sınaq oldu.

- Qışdan sonra daha güclü və uğurlu nəticə göstərəcək "Sabah"ı görmək mümkündü? Daha uğurlu çıxış etmək üçün nəyi dəyişmək lazımdır?
- Bu barədə danışmaq çətindi. Bəli, çempionatın ikinci dövrəsində “Qarabağ” və “Zirə”dən başqa digər bütün rəqiblərimizə qalib gəldik. Bunu yenidən təkrar edə biləcəyimizi sübut etmək bizim üzərimizə düşür.

- Premyer Liqada ilk mərhələ başa çatdı. Ümumiyyətlə, Azərbaycan Premyer Liqasındakı çıxışınızı necə qiymətləndirirsiniz? Ölkə çempionatı bəyəndiniz?
- Sadəcə onu deyə bilərəm ki, bir qədər də şanslı olsaydım, daha yaxşı nəticə göstərə bilərdim. Gözləntilər həmişə daha çox olur. Azərbaycan çempionatı çox çətin və rəqabətli liqadı. Bu liqada oynadığıma görə məmnunam.

- İndiyə qədər heç vaxt avrokuboklarda oynamamısan. “Sabah”ın heyətində bunu gerçəkləşdirə biləcəksən?
- Bəli. Niyə də olmasın? Ancaq bizi qarşıda uzun yol gözləyir, nə baş verəcəyini mövsümün sonunda görəcəyik.

Xəbər xətti