Qurban Qurbanov: "Millidən qayıdandan sonra futbolçuları eyni səviyyəyə gətirmək heç də asan deyil"

18:04 - 2 Aprel 2023

"Qarabağ" Azərbaycan Premyer Liqasının 28-ci turunda səfərdə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, matçdan sonra kçeirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. Çox vacib 3 xal əldə olundu. Daha baxımlı oynaya bilərdik. Burada oynamaq heç də asan deyil. Həm meydança, həm buranın atmosferi, havası. Dəniz səviyyəsindən xeyli yuxarıdadır. Futbolçuların daha dinamik olmasına problem yaradır. Oyundan-oyuna "Şamaxı" haqda xoş təəssüratlar yaranır. Onlara uğurlar arzulayıram. 

- Heyət seçimi futbolçuların millidən yorğun qayıtması ilə bağlı idi?

- O amil də var idi. Bir neçə oyunçunun daha çox istirahət etməsini istədik. İki ağır oyun keçirmişdilər. Sonda meydanda yerlilərin sayı çoxaldı. Digər futbolçular da əsas heyətdə oynamağaayiq idilər. "Qalatasaray"la matçda hər biri özünü yaxşı tərəfdən göstərmişdi. Qarşıda da belə hallar ola bilər. Kim hazırdırsa, onu meydana buraxmağa çalışırıq.

- Millidən qayıdan futbolçularla milli mövzusunda söhbətiniz olub?

- Yox. "Şamaxı" ilə oyuna hazırlaşırdıq. Sadəcə onların yorğunluğuna görə narahat idim. Psixoloji sıxıntıları da hiss olunurdu, bir az həvəssiz idilər. İki gün əvvəl normal məşq keçdilər.

- Filip Ozobiçin oyununda düşmüş hiss olunur. Bunun səbəbi nədir?

- Hec bir psixoloji problemi yoxdur, hər şey qaydasındadır. 4 ay oynamadı. Hələ indi özünə gəlir. Bir az oyun praktikası lazımdır. Birdən-birə 90 dəqiqə meydanda olmağa tam hazır deyil. Bizim üçün hər oyun çox vacibdir. Qarşıdakı matçlarda yavaş-yavaş qaydasına düşəcək.

- Millinin məşqçisi Arif Əsədov bildirib ki, futbolçular fiziki cəhətdən hazır deyillər. Bu haqda nə deyə bilərsiz?

- Fikir bildirmək istəmirəm. illər boyu bu söhbət həmişə var. Əksinə, millidən qayıdandan sonra futbolçuları əvvəlki formasına qaytarmaq üçün mənə azı 20 gün lazım olur. Oynayanlara istirahət verirəm. Oynamayanlar həm məşqlərdən, həm oyun praktikasından uzaq qalırlar. Millidən qayıdandan sonra futbolçuların hamısını eyni səviyyəyə gətirmək bizim üçün heç də asan deyil. Bu söz-söhbətlər həmişə olub. Normal şeydir.

- Qapıda Amin Ramazanova şans verməməyinizin səbəbi nədir?

- Hər futbolçunu meydana buraxmaq düşüncəmiz olur. Bu gün belə qərar verdik. Amin son vaxtlar yaxşılığa doğru gedir. Daha da yaxşı olacaq.

Elçin Əlixan

Xəbər xətti