Kevin Medina qırmızı vərəqə epizodu haqda: "Hücuma məruz qalan tərəf mən olmuşam"

10:59 - 26 Sentyabr 2023

"Qarabağ"ın müdafiəçisi Kevin Medina Premyer Liqanın 7-ci turunun "Qəbələ"(1:2) ilə görüşündən sonra jurnalistlərə açıqlama verib. Sportal.az xəbər verir ki, kolumbiyalı futbolçu dünənki matçda qırmızı vərəqə ilə cəzalandırılması haqda danışıb:

"Mən həmişə sakitəm. Üç ildən çoxdur ki, qırmızı vərəqə almamışam. Mənə elə gəlir ki, dördüncü qırmızı vərəqəni keçmir. Mərkəz müdafiəçisi kimi bəlkə də ən azı sarı vərəqə alan biriyəm. Qaydasız döyüşlə futbol tamam fərqli idman növləridir. Amma videonun təkrarına baxsanız nəyə görə o cür reaksiya verdiyimi görəcəksiz. Elə reaksiya vermək məcburiyyətində idim. Çünki ilk hücuma məruz qalan mən olmuşam. Baş hakim isə bütün epizoda baxmalıdır. Futboldur da, belədir. Biz səhvlərdən öyrənirik. Matçdan sonra Qurban Qurbanovla aramızda futbolçu-məşqçi dialoqu oldu".

Medina, "Qəbələ" üzərində səfərdə qazanılmış qələbəni isə belə şərh edib: "Matça ciddi hazırlaşmışdıq. Görüşə ciddi yanaşdığımızı ilk dəqiqələrdən də görmək mümkündür. Sadəcə, provakasiyaya uyduğum epizodu nəzərə almasaq, komandam yaxşı mübarizə apardı".

"Qarabağ"ın aparıcı üzvü "Qəbələ" ilə görüşdə rəqib komandanın üzvləri ilə meydandakı mübahisədən sonra barışdıqlarını deyib: "Biz peşəkar futbolçularıq, meydanda olanlar orada da qalır. İnsanıq da, emosiyalar olur. Matçdan sonra rəqib komandanın futbolçuları ilə danışdıq, bir-birimizi anladıq, üzrxahlıq etdik. Düzü, klub tərəfindən veriləcək cəriməyə də, hər şeyə də hazıram".

Sonda isə Kevin "Qəbələ" ilə görüşdə Qurban Qurbanovun da qırmızı vərəqə ilə cəzalandırılmasına şərh verib: "Futbol mübarizədir, emosiyalarla dolu oyundur. Hər iki tərəfə qələbə qazanmaq istəyir, bunun üçün mübarizə aparır. Hamımız Qurban Qurbanovu belə epizodlara təmkinlə yanaşan insan kimi tanıyırıq. Bu haqda nə deyəcəyimi bilmirəm".

Mirbağırağa

Xəbər xətti