"Bavariya"nın sabiq forvardı "Yuventus"a doğru

16:17 - 24 Fevral 2024

İtaliyanın "Bolonya" klubunun hücumçusu Coşua Zirkzee "Yuventus"a keçə biləcəyi ilə bağlı sualı cavablandırıb. 

Sportal.az "Corriere della Sera"ya istinadən xəbər verir ki, 22 yaşlı hücumçu Turin klubundan təklif almadığını deməsə də, bütün diqqətini hazırkı komandasına yönəltdiyini söyləyib:

"Mən yalnız növbəti oyun haqqında düşünürəm. Mövsüm başa çatdıqdan sonra gələcək haqqında düşünməyə başlayacam. Qarşıda bizi vacib görüşlər gözləyir".

Əvvəllər "Yuventus" niderlandlı hücumçuya maraq göstərərək, yay “transfer pəncərəsi”ndə heyətinə qatmaq istəmişdi. 22 yaşlı forvardın transfer dəyəri 30 milyon avrodur. Keçidin mövsümün sonunda baş tutacağı gözlənilir.

O, "Bolonya"nın heyətində bu mövsüm 24 oyun keçirib, 9 qol vurub və 3 məhsuldar ötürmə verib. Zirkzeenin hazırkı komandası ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir. Coşua "Bavariya", "Parma" və "Anderlext"də oynadıqdan sonra 2022-ci ildə "Bolonya"ya keçib.

Xəbər xətti