"Qarabağ"ın minimal səfər qələbəsi futbol ictimaiyyəti arasında fərqli təəssüratlar yaradıb. Əslində, normaldır. Futbolu hərə bir cür dərk eləyir, hərənin gözü özünə görə tərəzidir. Tək bizdə deyil, dünyanın bir çox yerlərində belədir.
"Şelburn"a qarşı daha çox yoxlama oyunlarına bənzər qarşılaşmalardan sonra "Şkendiya" səfəri "Qarabağ"a qiymət vermək baxımından əsas olmalıydı. Təbii ki, həm nəhəng avrokuboklar təcrübəsinə, həm də səviyyəsinə görə "Qarabağ" rəqibindən çox üstündür. Amma necə ki, "Zirə" özündən qat-qat üstün "Hayduk"la hətta azlıqda başabaş oynayırsa, "Araz-Naxçıvan" güclü "Aris"i məğlub eləyirsə, futbolu inkişafda olan Şimali Makedoniya klubunun da "Qarabağ"a ciddi müqavimət göstərəcəyi məlum idi.
İlk növbədə onu vurğulamaq lazımdır ki, "Qarabağ" səfərdə "diri" göründü. Məsələ ayrı-ayrılıqda bəzi futbolçuların yox, ümumən komandanın oyun ritminə ayaq verməsi idi. "Qarabağ" müdafiədən hücuma çıxmaqda və hücumdan müdafiəyə düşməkdə böyük ölçüdə üzərinə düşəni edirdi. Çatışmazlıqlara gəlincə, irəlidə qol epizodlarını qaçırtması, müdafiədə rəqibə bir neçə dəfə ciddi boşluqlar verməsi acı sonluqla nəticələnə bilərdi.
Fikirləri haçalandıran məsələlərdən biri də bəzi futbolçuların oyununa verilən ikili qiymətdir. Məsələn, götürək elə Nəriman Axundzadəni. Təkbətək epizodu qola çevirə bilməyən gənc forvard qınaqlarla üzləşib. Orası həqiqətdir ki, ciddi nəticələr əldə eləmək üçün "Qarabağ"a daha təcrübəli, daha səviyyəli hücumçu da lazımdır. Amma sırf "Şkendiya"ya qarşı oyunla qiymət verəsi olsaq, Nərimanın faydalı iş əmsalı çox yuxarı oldu. Bir neçə yaxşı assist etdi, bir neçə dəfə rəqib müdafiəçilərdən ustalıqla "top oğurladı", sona qədər pressinq etdi. Qol vurmadı, amma qələbədə əsas pay sahiblərindən birinə çevrildi.
Tənqidə tuş gələnlərdən biri də Kadidir. Yankoviçin yoxluğunda dayaq zonasında yer alan braziliyalı ilk hissəni normal keçirdi. Müdafiyəyə də kömək edirdi, hücumlara da qoşulurdu. Amma ikinci hissədə sanki Kadinin ayarları pozuldu. Braziliyalının lüzumsuz, hətta bir qədər dəlisov fəallığı az qala "Qarabağ"ı pis vəziyyətdə qoyacaqdı. Qırmızı vərəqə alması an məsələsi idi. Yaxşı ki, Qurban Qurbanov məsələni uzatmayıb onu dərhal əvəz elədi.
Addaiyə gəlincə, "Qarabağ"da futbolçu kimliyi ən müəmmalı adamdır desək, yəqin doğru təsbit olar. Oyun tərzi "məhəllə futbolu" təsiri bağışlayan Addainin yaxşı keyfiyyətləri də var. Yeri gəlmişkən, ötən mövsümlə müqayisədə bu avrokubok oyunlarında daha yaxşı təsir bağışlayır. "Şkendiya" ilə oyunda komandasına səmərəli olmağa çalışırdı. Ümid edək ki, elə bu minvalla artıra-artıra gedəcək.
Fors-major hadisə baş verməsə, mərhələni adlayan tərəf "Qarabağ" olacaq. Pley-off mərhələsinə qədər daha yaxşı forma yığmalı olan komandamız üçün ÇL-in Əsas mərhələsi bu dəfə xəyal deyil.
Emin Abbasov
saytlarin hazirlanmasi