"Şamaxı" ilə "İmişli" arasında avqustun 9-da keçirilməli olan yoxlama oyunu ləğv olunub. Buna səbəb matça bir neçə gün qalmış "İmişli"nin süni meydançada oynamaq istəməməsi göstərilib.
Sual yaranır ki, məgər "İmişli" klubunda bilən yox idi ki, görüşün keçiriləcəyi Şamaxı şəhər stadionu süni örtüklüdür? Sportal.az saytı iki klub arasında olan danışığın detallarını öyrənə bilib. Bir ay əvvəl razılıq əldə olunarkən, "İmişli" tərəfi məşqçi ilə bütün nüansları dəqiqləşdirmək üçün qarşı tərəfdən bir gün vaxt istəyib. Ondan sonra "Şamaxı" rəsmiləri ilə əlaqə saxlayaraq, Şamaxıdakı süni örtüklü meydançada oynamağa razılıq veriblər.
Lakin oyuna bir neçə gün qalmış "İmişli"nin baş məşqçisi Xorxe Kaskilya "Şamaxı" ilə oynamaqdan imtina edib. Lakin məntiqsiz də olsa, bir səbəb göstərmək məcburiyyətində olduqları üçün süni meydança söhbətini ortaya atıblar.
Ən maraqlısı odur ki, "İmişli" yeni mövsümə hazırlığın əsas hissəsini Mərdəkandakı süni meydançada keçirib. Hələ o da var ki, mövsüm ərzində ən azı iki dəfə Şamaxıdakı meydançaya çıxmalı olacaq.
saytlarin hazirlanmasi