Elmar Baxşıyev: "Liqa mərhələsini yox, sabahı düşünməliyik"

18:55 - 6 Avqust 2025

"Araz-Naxçıvan" UEFA Konfrans Liqası 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində sabah Bakıda Kiprin "Omoniya" klubunu qəbul edəcək.

Sportal.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Komanda olaraq sabahkı oyuna hazırlığımız qaydasında gedir. Ən yaxşısını etməyə çalışırıq.

- "Qəbələ"nin baş məşqçisi kimi "Omoniya" ilə oynamısız...

- Tanıdığımız rəqibdir. Amma "Qəbələ" ilə oynadığımız komanda deyil. Fərqli oyun dəst-xətti var. Komanda olaraq rəqibi incələmişik. Düşünürəm ki, lazım olan məlumatları komandaya vermişik.

- Sabah fərqli "Araz-Naxçıvan" görəcəyik?

- Rəqib baş məşqçi nə deyir, özü bilər. Ona cavab vermək fikrində deyiləm. Mən öz komandamın meydançada nə etmək istədiyi haqda danışa bilərəm. Oyuna hazırıq. Qarşımızdakı rəqib özünə hörmət edən rəqibdir. Komanda olaraq, inanırıq ki, uğurlu nəticə qazanmaq mümkündür.

- "Aris"lə müqayisədə "Omoniya"nın hücumları daha kəsərlidir. Kiprdə ən çox qol vuran komandadır. Sabah cəzalı İqor Ribeyro olmayacaq. Müdafiə planında dəyişiklik olacaq? Bəxtiyar Həsənalızadə ilə tandemdə kim oynayacaq?

- Yaxşı analizlər aparırsız. Bunu müsbət kimi dəyərləndirirəm. Rəqibi incələyirsiz. Amma bizim anlayışımızda ilk 11-lik və ehtiyat qüvvə yoxdur. Sərəncamımda olanların hamısı oyuna hazırlaşırlar. Onlar meydançada hər şeylərini verməyə hazırdırlar. Kimin üzərində dayanacağıqsa, komandaya hər şeyini verməyə çalışacaq.

- Sistem dəyişikliyi edəcəksiz?

- Sistem dəyişikliyi təklif edirsizsə, bu fikirdə deyilik (gülür). Rəqibə görə sistemi dəyişmirik. Komanda olaraq öz düşüncələrimiz var ki, onu icra etməyə çalışacağıq.

- "Omoniya" səddini keçsəz, liqa mərhələsinə ümid etmək olar?

- İndi elə mərhələdəyik ki, daha çox Liqa mərhələsini yox, sabahı düşünməliyik. Gəlin, pillə-pillə gedək. Qismətdə vasa, gedib ora çıxacağıq.

- Sabah Naxçıvanda oyun monitorda canlı yayımlanacaq...

- Stadiona gələnlər 12-ci oyunçuya çevrilir. Bizə də səfəröncəsi sual verirdilər ki, Yunanıstanda dolu tribunalar qarşısında komanda necə oynayacaq? Futbolçularım da azarkeş ordusunu hiss etmək istəyirdilər. Azarkeşlərə səslənirəm, sabah bizi tək buraxmasınlar, bizə inansınlar. Komanda olaraq onları sevindirməyə çalışacağıq.

Mirbağırağa

Xəbər xətti