"Turan Tovuz"un kapitanı: "Hər iki turnirdə irəliləməyə çalışacağıq"

14:48 - 8 Dekabr 2025

"Son matçda "Şahdağ Qusar"la kubok görüşündə qarşılaşdıq. Əslində, oyuna yaxşı başladıq və erkən qol vurduq. Kubok görüşü elədir ki, həmişə hər şeyə hazır olmalısan. Rəqibə yuxarıdan aşağı baxmırdıq. Bu, bizim komandaya uyğun deyil. Sadəcə 2-ci qoldan sonra rahat olmağımız oyunumuza təsir etdi. Növbəti mərhələdəki rəqibimiz "Kəpəz" olacaq. Bizim üçün rəqibin fərqi yox idi. Kuboku istəyirsənsə, hər bir kluba qalib gəlməlisən. Bizi "Kəpəz"ə qarşı maraqlı görüş gözləyir".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Turan Tovuz"un müdafiəçisi Faiq Hacıyev deyib. O, komandasının ölkə kubokunda 1/4 finala adlamasını şərh edib. Bununla yanaşı, Misli Premyer Liqasında 14-cü turun "Qəbələ"yə qarşı bu gün baş tutacaq oyunundan gözləntilərini açıqlayıb:

"Əlimizdən gəldiyi qədər hər iki turnirdə irəliləməyə çalışacağıq. Necə olacağını zaman göstərəcək. Bu gün "Qəbələ" ilə qarşılaşacağıq. Onlar yaxşı komandadır, bunu oyunlarına baxanda görmək mümkündür. Bizi çətin oyun gözləyir. Qələbə qazanmağa çalışacağıq".

O, "Turan Tovuz"un liderlik şansından da bəhs edib: "Düzdür, hazırda tabloya baxanda, görmək olur ki, bir xal itkisi komandanı aşağı pilləyə kimi apara bilər. Qazanılan üç xal isə yuxarı pilləyə yüksəldir. Bu da hər oyunun daha gərgin və maraqlı olmasına səbəbdir".

Mirbağırağa

Xəbər xətti