“Qarabağ”ın yeni transferi Joni Montiel Azərbaycana gəlməmişdən əvvəl bir neçə klubun təklifindən imtina edib.
Sportal.az saytına verilən məlumata görə, ispan yarımmüdafiəçiyə “Makkabi” (Tel-Əviv) və “Aris”(Limassol) klublarından rəsmi təklif gəlib.
Lakin 26 yaşlı vinger Azərbaycan klubuna görə həm bu klublardan, həm də İspaniya 2-ci liqasından gələn təklifləri geri çevirib.
Montiel avrokuboklardakı stabil çıxışı və oyun stilinə görə “Qarabağ”da oynamağa üstünlük verib.
Qeyd edək ki, futbolçu ilə 2+2 illik müqavilə imzalanıb. Hücumameylli yarımmüdafiəçi “Qarabağ”da 9 nömrəli forma ilə çıxış edəcək.
26 yaşlı sol vinger “Rayo Valyekano”nun yetirməsidir. O, 2015-ci ildə əsas komandaya keçib. Joni klubda keçirdiyi 10 ildə icarə əsasında “Toledo”, “Deportivo” (La-Korunya), “Ovyedo”, “Valyadolid”, “Levante” və “Burqos” klublarında icarədə olub. O, İspaniyanın U-17, U-18 və U-19 yığmalarının formasını geyinib. Qeyd edək ki, “Qarabağ” bundan əvvəl Dani Bolt, Pedro Bikalyo, Kris Kuakunu və Sami Mmaeni heyətinə qatıb.