Jorj Kaşkilya: "İstəyimizə çatdıq və xalımızı aldıq"

19:54 - 22 Avqust 2025

"İmişli" Misli  Premyer Liqasının 2-ci turunda Şamaxı şəhər stadionunda "Neftçi" ilə 0:0 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Jorj Kaşkilya oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Gözlədiyimiz kimi çox çətin oyun oldu. "Neftçi" çempionluğa oynayan komandadır. Biz son oyundan dərsimizi almışdıq. Səhvlərimizdən nəticə çıxarıb, yaxşı məşq edib bu matça çıxmışdıq. Bilirdik ki, "Neftçi" meydana qələbə üçün çıxacaq. Biz istəyimizə çatdıq və xalımızı aldıq.

- Çexiya III Liqasında çalışmısız. Həmin çempionatla Azərbaycan Premyer Liqasını müqayisə edə bilərsiz?

- Müqayisə etmək mümkün deyil. Azərbaycan Premyer Liqası təbii ki, Çexiyanın III Liqasından üstündür.

- Bura gələndən sonra həmyerliniz Fernandu Santuşla görüşünüz olub?

- Bir yoxlama oyunumuza gəlmişdi. Orada görüşdük. Amma Azərbaycan futbolu ilə bağlı elə geniş söhbətimiz olmayıb.

- İlk üç turda iddialı rəqiblərlə qarşılaşırsız. Püşkdə bəxtinizin gətirmədiyini demək olar?

- Bilirdik ki, bizi üç çətin oyun gözləyir. Bunu bilərək komandanı hazırlayırdıq. Gördüyünüz kimi "İmişli" heç bir rəqibdən geri qalmadı. Hazırlığımız  yaxşı keçib. "Sabah" sürətli futbol oynayan komandadır. Onlara qarşı həm fiziki, həm də psixoloji cəhətdən hazırlaşacağıq.

- Komandanızda ikili mübarizələrdə axsama hiss olunur. Bunu necə aradan qaldıracaqsız?

- Komandamız fiziki cəhətdəön yaxşı hazırlaşıb. Bizim gənc oyunçularımız çoxdur. Belə hallar müşahidə oluna bilər. Amma bu, o demək deyil ki, bizim futbolçular fiziki cəhətdənn zəifdir. Çatışmazlıqların üzərində işləyirik.

Elçin Əlixan

Xəbər xətti