"Turan Tovuz"un futbolçusu Ayxan Hüseynov "Araz-Naxçıvan"la görüşdən sonra müsahibə verib.
Sportal.az xəbər verir ki, yarımmüdafiəçisi jurnalistlərin suallarını cavablandırıb.
- Misli Premyer Liqasının ikinci turunda “Araz-Naxçıvan”la görüşdə 1:2 hesabı ilə uduzdunuz. Məğlubiyyətə səbəb nə oldu?
- “Araz-Naxçıvan”a qarşı oyunlarımız həmişə çətin keçir. Naxçıvan təmsilçisi güclü rəqibdir. Biz də matça yaxşı hazırlaşmışdıq. Lakin təəssüf ki, nəyə hazırlaşmışdıqsa, ondan da qol buraxdıq. Standart vəziyyətlər zamanı konsentrasiya çatmadı. “Araz-Naxçıvan” “Zirə”yə vurduğu qolun eynisini də bizə vurdu. Daha sonra qapımızda ikinci qolu gördük. Çalışdıq ki, məğlubiyyətdən qaçaq. Təəssüf ki, gücümüz yalnız bir qola çatdı. “Araz-Naxçıvan” yaxşı müdafiə olundu.
- Demək olar ki, “Araz-Naxçıvan” “Turan Tovuz”u öz “silahı” ilə vurdu?
- Bəli, “Araz-Naxçıvan” bizi öz “silahımızla” vurdu. Biz isə standart vəziyyətlərdə bir o qədər təhlükəli ola bilmədik. Düzdür, penaltini künc zərbəsindən sonra qazandıq. Lakin bu, xal qazanmaq üçün yetmədi.
- Belə görünür ki, “Turan Tovuz”un qol vurmaq üçün ümidi künc zərbələrinədir. Yalnız standart vəziyyətlərə ümid etməklə qələbə qazanmaq nə dərəcədə realdır?
- Deməzdim ki, qol vurmaq üçün təkcə standart vəziyyətlərə ümid edirik. Sadəcə komandaya təzə oyunçular gəlib. Buna görə də bir qədər vaxt lazımdır. Yeni transferlərdən bəziləri gec gəlib, bəziləri komandaya indi qoşulub. Yəni onların formaya düşmələri üçün bir qədər vaxta ehtiyac var.
- “Turan Tovuz”un qarşısına çemponluq hədəfi qoyulub. Bu məqam üzərinizdə əlavə təzyiq yaradır?
- (Bir qədər düşünür) Bir az ola bilər. Çempionluq barədə düşünəndə kənardan da təzyiq olur. Biz gərək öz işimizi görək. İnşallah, gələcəkdə daha yaxşı çıxış edəcəyik.
- Necə düşünürsünüz, hazırkı heyət çempion olmaq üçün kifayət edir? Yoxsa komanda daha da güclənməlidir?
- Futboldur, hər şey ola bilər. Yenilər forma yığandan sonra daha güclü təsir bağışlayacağıq. O ki qaldı yeni transferlərə, söhbət var idi ki, daha bir neçə transfer olacaq.
- Ev oyunlarınızı Tovuzda keçirmirsiniz. Bu məqam işinizi nə dərəcədə çətinləşdirir?
- Tovuzda öz stadionumuzda azarkeşlərimiz bizim 12-ci oyunçumuza çevrilirlər. İnşallah, tezliklə doğma stadionumuza qayıdacağıq. Tovuzda oynamaq bizə həqiqətən də çox kömək olur.
- Tezliklə milli komandamızın heyəti açıqlanacaq. Fernandu Santuşdan dəvət gözləyirsiniz?
- Hər dəfə bu barədə sual verilir (gülür). Mən millidə oynamağı çox istəyirəm. Çağırsalar, şad olaram. Yenə dəvət gəlməsə, üzərimdə çalışacağam ki, artırım, komandama kömək edim. (qol.az)
saytlarin hazirlanmasi