"Sabah" 2025/26 mövsümündə "qızıl dubl"a imza atıb.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, "bayquşlar" eyni mövsümdə Azərbaycan çempionatı və kubokunun qalibi adını qazanan 5-ci komanda kimi tarixə düşüb. Əvvəlki mövsümlərdə 4 klub ümumilikdə 11 dəfə “Qızıl dubl” gerçəkləşdirib. “Qarabağ” hamıdan çox – 6 dəfə (1993, 2014/15, 2015/16, 2016/17, 2021/22, 2023/24) bunu bacarıb. “Neftçi”nn hesabında 3 (1995/96, 2003/04, 2012/13) “Qızıl dubl” var.
“Sabah” kimi hərəyə bir dəfə belə uğura sevinən “Kəpəz” 1997/98, “Xəzər Lənkəran” 2006/07 mövsümündə hər iki titulu qazanıb. "Sabah"ın litvalı baş məşqçisi Valdas Dambrauskas Azərbaycanda "qızıl dubl" müəllifi olan ilk legioner mütəxəssisdir. Əvvəlki 11 belə uğura yerli baş məşqçilər imza atıb. Qurban Qurbanov 5 (2014/15, 2015/16, 2016/17, 2021/22, 2023/24), Kazbek Tuayev (1995/96, 2003/04) və Ağasəlim Mircavadov (1993, 2006/07) hərəsi 2, Mehman Allahverdiyev (1997/98) və Böyükağa Hacıyev (2012/13) hərəsi bir dəfə rəhbərlik etdiyi komanda ilə buna nail olub.
saytlarin hazirlanmasi
