Azərbaycan U-21 yığma komandasının və Belçikanın “Sent-Trüden” klubunun yarımmüdafiəçisi Mustafa Kamara AVRO-2027-nin seçmə mərhələsinin Çexiya ilə (1:1) Bakıda keçirilmiş görüşü haqda danışıb.
Sportal.az saytına açıqlama verən Kamara çexlərlə qeydə alınan bərabərliyi bu cür şərh edib:
"Yaxşı oyun keçirdik. Əla təəssüratlarım oldu. Bu kimi matçlarda oynamaqdan çox məmnunam. Bəli, əlbəttə ki, milli komandaya uyğunlaşmağa hazıram. Burada hər şey xoşuma gəlir, hər şey əla gedir.
Hələ start heyətində oynamamışam, amma növbəti matçda meydana start heyətində çıxmaq istəyirəm. Hər halda, burada olduğum üçün xoşbəxtəm. Azərbaycan üçün böyük planlarım var. Milli komandada oynamaq istəyirəm. Tam potensialımı açanda, bu da baş verəcək. Yaxşı texnikam və yaxşı ötürmələrim var. Məqsədim əsas komandaya düşməkdir".
