"Qarabağ" AFFA-ya müraciət etdi

18:20 - 22 İyul 2013

Emin Abbasov: “İnanıram ki, digər klublar bizi dəstəkləyəcəklər”

 

Ötən mövsüm ilk dəfə olaraq Azərbaycanda U-19 Liqası keçirildi. Lakin bu yarış liqa deyil, turnir kimi təşkil olundu və qısa zamanda yekunlaşdı. “Qarabağ” klubu qarşıdakı mövsümün liqa kimi keçirilməsinin tərəfdarıdır və bununla bağlı AFFA-nın baş katibi Elxan Məmmədova müraciət ünvanlayıb.

 

Bu məsələ ilə bağlı “Qarabağ” klubunun bütün yaş qruplarının baş koordinatoru Emin Abbasovun fikirlərini öyrəndik. “Qarabağ” rəsmisi istəklərini belə əsaslandırdı:

 

“İlk növbədə onu deyim ki, U-19 yığması olan ölkənin bu yaş qrupunda çempionat təşkil etməsi vacib amillərdəndir. Bizim akademiyamızda kifayət dəqər potensiallı uşaqlar var. Yaşları 18, 19 yaşlı uşaqların hamısının əvəzedici heyətdə oynaması real deyil. Ona görə də, biz U-19 liqasının keçirilməsinin tərəfdarıyıq. Ötən mövsüm bu yaş qrupunda yarış keçirilib. Ancaq həmin yarış turnir kimi olub və 1 ay ərzində yekunlaşıb. Biz istəyirik ki, 19 yaşlılarımız mövsümboyu oyun praktikası qazansınlar. Artıq biz rəsmən AFFA-nın baş katibi Elxan Məmmədova müraciət etmişik. İnanıram ki, futbol akademiyalarına çox önəm verən digər klublar bizi dəstəkləyəcəklər". 

Xəbər xətti