Elnur Abdullayev: "İndi hakimləri təhqir etsəm..." MÜSAHİBƏ

13:26 - 28 Avqust 2013

"Biz məgər erməni komandasıyıq?"
 
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Elnur Abdullayev "Neftçi" ilə oyun haqqımda danışıb. Sportal.az-a müsahibə verən futbolçu bir çox məqamlara toxunub. Abdullayev "Neftçi"dən üstün oynadıqlarını, hakimliyin onlara qarşı səhvlər etdiyini dilə gətirib:
 
- “Neftçi” ilə oyun haqqında nə deyərdin?
- Gözlənildiyi kimi oyun çox gərgin keçdi. Komandamız matça çox yaxşı hazırlaşmışdı. “Neftçi” ilə oyunda komanda şəkilində bütün komponentlərdə qalib gəldik. Mən deyə bilərəm ki, “Xəzər Lənkəran”ın oyunlarında bu qədər epizod görməmişdim, bu oyunda gördüm. Bir qol vura bilsəydik, ardınca 2-3 top vuracağdıq, amma qismət olmadı. Qarşıdakı oyunlarda da belə davam edə bilsək, nəticə əldə edəcəyik.
 
- “Sumqayıt”, “Simurq” və “Neftçi” ilə oyunlarda da şahidi olduq ki, “Xəzər Lənkəran” bu qədər qol vəziyyətindən yararlana bilmir. Komandada qol sindiromu var?
- “Simurq”la matçda bir neçə qol vəziyyətindən yararlana bilmədik. “Sumqayıt”la da demək olar ki, yaxşı vəziyyətlərimiz oldu.  Bizim özümüzə də təəcüblü qalır ki, əvvəllər bunlardan maksimum yararlana bilirdik. “Neftçi” ilə matçda bir neçə qol vəziyyətindən yaralana bilmədik. Mən inanıram ki, bir qələbə qazana bilsək, ardı gələcək.
 
- “Xəzər Lənkəran” “Neftçi” ilə oyunda göstərdi ki, oyun baxımından komanda bu oyunu oynaya bilir. Niyə çempionata belə başlamadınız?
- Bilirsiniz, komandada psixoloji vəziyyət pis idi. Hələ təzə-təzə özümüzə gəlirik. Çalışırq ki, bir qələbə qazanaq və digər oyunlara daha motivasiyalı hazırlaşaq. İnanıram ki, belə oynasaq hər şey daha da yaxşı olacaq.
 
- Bu oyunda sən bizə əvvəlki Elnuru xatırlatdın. Mövqeyin dəyişmişdi, yoxsa məşqçi sənə başqa tapşırıq vermişdi?
- “Sumqayıt”la oyunda başqa taktika ilə oynayırdıq.  “Qarabağ” və “Neftçi” ilə oyunda isə öz mövqeyimdə oynayırdım. Rahidlə birgə oynamaq deyərdim ki, mənim üçün daha rahatdır. Çalışacam ki, bundan sonra da belə oynayım.
 
- Hakimlik haqqında nə fikirdəsən?
- Mən hakimləri ittiham etmək istəmirəm, amma Arazın etdiyi hərəkət təmiz qırmızı vərəqə idi. “Qarabağ”la oyunda Rəhim Həsənov penalti verdi. Orada penaltidən söhbət gedə bilməz. İndi durum hakimləri təhqir etsəm, bu düzgün olmaz. Belə səhvlər oyuna təsir edir. Arzu edirəm ki, bundan sonra yaxşı olar.
 
- Ümumiyyətlə “Xəzər Lənkəran”ın oyunlarında hakim qalmaqalları daha çox olur. Bu nədən irəli gəlir?
- Hakimlər bizə qarşı çox səhv edir. Bu səhvlər komandaya pis təsir edir. Ümid edirəm ki, qarşıdakı oyunlarda belə səhvlər etməsinlər. Bu həm onlar üçün, həm də bizim üçün mənfi haldır. Meydanda 6 hakim varsa, heç olmasa 6-sından biri bu kobudluqaları görməlidir.
 
- Səncə bu səhvdi, yoxsa qərəz?
- Mən başa düşmürəm ki, niyə qərəz etsinlər. Burada erməni komandası yoxdu, hamısı Azərbaycan klublarıdır. Biz də çalışırıq ki, Azərbaycan üçün nəsə edək. Hansı səbəbə görə biz qarşı qərəzəli olmalıdırlar?
 
- “Neftçi” ilə oyundan sonra baş verənlərdən yəqin ki, xəbərin var. Azarkeşlərin etdikləri haqqında nə deyərdin?
- Azarkeşlər meydana daxil olmadılar. Bizim azarkeşlər çılğındılar, nəyəsə əsəbləşiblər. Yəqin ki, kubokun finalında baş verən hadisələrə əsəbləşiblər. Onlara heç nə demək olmaz. Avropada da belə şeylər baş verir. Bəzi lazımsız hərəkətlər oldu, gərək olmayaydı.
 
- “Xəzər Lənkəran”a verilən cəzalardan yəqin ki, xəbərin oldu. Bu cəzəalar səncə düzgün cəzalardı?
- Burada bir şeyi başa düşmədim ki, Elnur Allahverdiyevə verilən iki min manatlıq cəza nədir? Mən ümumiyyətlə onların mübahisəsini görmədim. Bəlkə içəridə mübahisə ediblər bundan da xəbərim yoxdur.
 
- Qarşıda “Qəbələ” ilə çətin oyun var. Yeni məşqçiləri Syomin yaxşı komanda formalaşdıra bilib. Bu oyunla bağlı nə deyə bilərsən?
- “Qəbələ” Azərbaycanda yaxşı komandalardan biridi. Bizə yalnız 3 xal lazımdı və bunun üçün mübarizə aparacağıq. “Neftçi” ilə göstərdiyimiz oyunu orada da göstərə bilsək, bizim üçün elə də problem olmayacaq. “Qəbələ”yə meydanda problem yaradacağıq.
 
- Etame və yeni gələn futbolçular “Xəzər Lənkəran”a nə verəcək?
- Adlı-sanlı futbolçulardısa, yəqin ki, bəyənib alıblar. Ümid edirəm ki, gəlib bizə kömək edərlər və nəaliyyətlərimiz olar.
 
Elsevər MƏMMƏDOV

Xəbər xətti