"Rəvan" 103 günlük seriyaya son qoydu

11:21 - 3 Sentyabr 2013

Kamil Nurəhmədov klub tarixinə düşdü
 
Premyer Liqanın 5-ci turunda "Rəvan” "Sumqayıt” ilə qarşılaşıb.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan oyun komanda üçün uğurlu oldu və cari mövsümdə ilk qələbəsinə sevindi. Klub tarixində 125-ci oyuna çıxan "Rəvan” 55-ci qələbəsinə sevindi. Sırf Premyer Liqada isə bu göstərici 69 oyuna 33 qələbədən ibarətdir.
 
Premyer Liqada ardıcıl 3-cü mövsümünü keçirən "aslanlar” hər dəfə ilk qələbə həsrətini 1 tur azaldır. Belə ki, 2011/12 mövsümündə ilk zəfər 7-ci turda (Turan – 1:0) əldə olunmuşdusa, ötən "futbol ili”ndə 6-cı turda ilk 3 xalıı qazandı (Qəbələ - 3:1). Bu dəfə isə 5-ci turda "siftə” etdi. Ən maraqlısı da odur ki, bütün hallarda ilk qələbə səfər oyununda əldə olunub.
 
"Sumqayıt” ilə 11-ci dəfə üz-üzə gələn komanda 8-ci qələbəsini bayram etdi. Qeyd etmək yerinə düşər ki, ötən mövsümün sonlarına doğru keçirilən və komandamızın turnir cədvəli baxımından heç bir önəm vermədiyi görüşü çıxmaq şərti ilə bu rəqibi bütün səfər oyunlarında udmuşuq. Özü də hamısını 1:0 hesabı ilə. I divizionda 1 dəfə belə hala rast gəlinibsə, Premyer Liqada artıq 4-cü anoloji hadisə yaşandı.
 
Sumqayıtda qələbə həsrətinə son qoyan komandamız həm də 103 günlük seriyaya son qoydu. Çünki çempionatda son qələbəni ötən mövsümün son oyununda – Lənkəranda "Xəzər Lənkəran” ilə görüşdə əldə edib. Mayın 20-si baş tutan o qarşılaşmadan sonra isə cari mövsümün ilk 4 matçında qələbəyə həsrət qalıb. Nəhayət ki, uğursuz seriyanı dayandıra bildi.
 
Artıq 26 oyundur heç-heçə etməyən komandada yeganə qolun müəllifi olan Kamil Nurəhmədov klub tarixinə Premyer Liqada "Rəvan” forması ilə qol vurmuş 23-cü futbolçu kimi düşdü. Hesabında 1 qol olan Kamil Şəhriyar Rəhimov, Şeriff Suma, Amid Hüseynov, Sallieu Bundu, Ayaz Mehdiyev, Vüsal Qarayev və Sebastyan Kastro-Telyo ilə bərabər durumdadır. Premyer Liqada komandanın heyətində ən çox qol vuran futbolçu isə Xuan Manuel Vareadır - 14 qol.
 
Onu da qeyd edək ki, "Sumqayıt” ilə oyun komandanın yeni transferləri – Aqil Nəbiyev və Cəmşid Məhərrəmov üçün "Rəvan” forması ilə debüt matçı oldu. Onlar Premyer Liqada "Rəvan” forması geyinmiş uyğun olaraq 64-cü və 65-ci oyunçu kimi tarixə düşdülər. Bu baxımdan lider artıq komandadan ayrılmış Samuel Barlaydır - 56 oyun. O, sıralamada artıq "Rəvan”da olmayan Tural Axundovu (55) və hazırkı "17” nömrəmiz Ramazan Abbasovu (50) qabaqlayır.

Xəbər xətti